Azərbaycan turizmi “ayaq üstə” necə qalır? - ARAŞDIRMA

23-10-2020, 09:49 317 dəfə baxılıb

Koronavirus (COVID-19) pandemiyasının bütün dünyada olduğu kimi, Azərbaycanda da turizm sektoruna zərbə vurduğu sirr deyil. Bunu rəsmi statistika da təsdiq edir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkəmizə xaricdən 686 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə azdır. İlin sonuna qədər azalma dinamikasının 4-5 dəfə olacağı gözlənilir. Bəs yerli turizm şirkətləri bu vəziyyətdə “ayaq üstə” necə qalır? Xaricdə olduğu kimi, Azərbaycanda da turizm sənayesi iştirakçılarının birləşməsi hallarına rast gəlinirmi? “Report” bununla bağlı vəziyyəti araşdırıb.

Daxili turizmin bərpasına ümid boşa çıxıb

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi deyir ki, yerli turizm şirkətləri Rusiya və Türkiyədə olduğu kimi ümidini daxili turizmin bərpasına bağlasa da, Ermənistanla Azərbaycan arasında müharibənin başlaması bu ümidi boşa çıxarıb: “Sentyabrın 27-nə qədər ümid edirdik ki, daxili turizm aktivləşər, amma müharibə buna imkan vermədi. Təbii ki, turizm ictimaiyyəti anlayır ki, torpaqlarımızın azad edilməsi ən vacib məsələdir və qələbə üçün əlindən gələni edir. Məsələn, biz assosiasiya olaraq bir çox xarici tərəfdaşlarımıza Qarabağ həqiqətlərini çatdırırıq, bəyanatlar yayaraq dünya turizm ictimaiyyətini münaqişə barədə məlumatlandırırıq”.

Turizm üzrə ekspert Rəhman Quliyev isə deyir ki, müharibədən əvvəl aviareyslər qismən bərpa olunduğu üçün yerli şirkətlər müəyyən qədər gəlir əldə edə bilirdi. İndi isə demək olar ki, pul qazanmaq mümkün deyil: “Bununla belə, ölkə rəhbərliyinin Qarabağla bağlı qərarlarını dəstəkləyirik, bir neçə dəfə bu sahədə çalşanlarla birlikdə cəbhə bölgəsində olduq, əsgərlərimizə dəstək olduq”.

Azərbaycanda turizm şirkətləri birləşmir

Xaricdə olduğu kimi, yerli turizm şirkətlərinin birləşməsinə gəlincə isə S.Dübəndi Azərbaycanda hələ ki, belə hallara rast gəlinmədiyini bildirir: “Bildiyimiz qədər, xaricdə bəzən iri şirkətlər kiçik şirkətləri alırlar və yaxud şirkətlər birləşirək böhrana qarşı birgə müqavimət göstərirlər. Azərbaycanda isə yalnız kiçik hotel və restoranların sahiblərinin, eləcə də icarədarlarının dəyişməsi müşahidə olunur. Yəni, biznesin hansısa formada “əl dəyişməsi” hallarına rast gəlinir. Düşünürəm ki, turizm sənayesini xilas etmək üçün dövlət qurumlarının hansısa real planları olmalıdır. Amma ölkədə turizmin gələcəyi ekoturizm, kənd turizmi, aqroturizm, aktiv və ekstrimal turizm növləri ilə əlaqəli olacaq”.

R.Quliyev də deyir ki, Azərbaycanda turizm müəssisələri birləşməyə maraq göstərmir: “Bu, “ayaqda qalmaq” üçün gözəl addımdır. Lakin yerli turizm sənayesi iştirakçılarının belə bir qərarı barədə eşitməmişəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR