Şadlıq evləri müflisləşib: - “Genişmiqyaslı toyları keçirilməsi tarixə qovuşacaq”

3-12-2020, 11:36 208 dəfə baxılıb

Bir ilə yaxındır ki, dünya səhiyyəsi koronavirus pandemiyası ilə mübarizədə aciz qalıb.

Dünyanın bir sıra ölkələri koronavirus mövcud olandan pandemiya ilə mübarizədə tətbiq edilməsi üçün vaksin istehsalına start versələr də, Ümumdünya Səhiyyə Təşkilatının təsdiqləmiş olduğu effektli müalicə vasitəsi hələ ki, yoxdur.

Azərbaycanda da pandemiya ilə əlaqədar epidemioloji durum qənaətbəxş deyil. Fevraldan bəri ölkədə mövcud olan öldürücü virus yayılmaqda və yoluxmaqda davam edir. Son iki ayda isə ölkənin koronavirus mənzərəsi daha kritik hal alıb. Gündəlik yoluxma dördrəqəmlidən aşağı düşmür, ölənlərin sayında isə artım var.

10 aydan çoxdur ki, pandemiya ilə əlaqədar kütləvi tədbirlərin, toyların, ad günləri və xınayaxtıların keçirilməsində də qadağalar qalır. Bu biznesdən pul qazanan çox sayda şadlıq evləri, restoran və əyləncə mərkəzləri olduqca çətin vəziyyətə düşüb. Artıq koronavirus pandemiyası ilə bağlı yaranan mövcud vəziyyətə görə şadlıq evləri iflas ərəfəsindədir. Şadlıq evlərində çalışan minlərlə işçilər 1 ilə yaxındır ki, işsizdirlər. Mütəxəssislərin dediyinə görə, ölkədə fəaliyyət göstərən 800-dən çox şadlıq evinin aqibətinin gələcəkdə də pisləşəcəyi istisna olunmur.

Qeyd edək ki, dövlət cəmi iki ay ərzində pandemiya ilə əlaqədar sahibkarlara yardım layihəsi həyata keçirdi. Şadlıq evləri sahibləri də sahibkar kimi bu yardımdan faydalandı. Amma iki ay...

Pandemiyanın nə vaxt bitəcəyi məlum deyil. Dünya səhiyyə mütəxəssislərinin bildirdiyinə görə, daha bir neçə il əhali koronavirusla yaşamalı olacaq.

Belə olan təqdirdə, şadlıq evlərinin aqibəti necə olacaq?

İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, sahibkarlar özləri öz fəaliyyətlərini şaxələndirməlidirlər:

“Ümumi sahibkarlar kimi, zərərçəkmiş sahə olaraq şadlıq saraylarının sahibləri də yəqin ki, kompensasiya alır. Amma hesab edirəm ki, şadlıq saraylarının aqibəti barədə hökumətdən çox onun sahibkarları düşünməlidir.

Fikrimcə, bu obyektlərin artıq formatı və istiqaməti dəyişməlidir. Onlar obyekt olaraq başqa xidmət sahələrinə və fəaliyyət növlərinə keçməlidir. Qarşıdakı dövr ərzində məlum deyil ki, əvvəlki ənənələrlə toylar keçiriləcək, ya keçirilməyəcək. Bu, sual altındadır. Mən hesab edirəm ki, şadlıq sarayları işlədən sahibkarlar o obyektlərin modifikasiyasını, yönünü dəyişməlidir və onları başqa təyinatda istifadə etməlidir. Çünki bu qədər uzun müddət gözləmək həmin sahibkarın çökməsinə və müflisləşməsinə səbəb olacaq. Həm inanmıram ki, bir ildən sonra heç kimin qadağa qoymadığı toylara başlanılsa belə, genişmiqyaslı toyların keçirilməsi alınsın. Artıq əhalidə ənənə formalaşıb. Şadlıq saraylarının fəaliyyətinə qadağa qoyulub, məgər toylar yoxdur? Evlənənlər də, toy edənlər də var. Sadəcə olaraq, ailə formasında bu tip birlik yığıncaqları, toplantıları keçirilir. Qarşıdakı aylarda evlənənlər daha da çoxalacaq. Geniş toyları gözləyən ailələr də artıq bu nümunədən istifadə edəcək. Bu, bir ənənə formasına düşəcək və genişmiqyaslı toyların keçirilməsi isə tarixə qovuşacaq. Hesab edirəm ki, şadlıq saraylarının sahibləri bu barədə özləri düşünməlidir”.

Ekspert əlavə edib ki, hökumətin bu istiqamətdə bundan artıq layihəsi gözlənilmir və olmayacaq:

“Sahibkarlara bu il nə yardımlar edilibsə, ola bilsin ki, gələn il də olacaq. Amma bundan artıq heç nə gözləmək mümkün deyil. Bu baxımdan sahibkarlar digər sahələr tapmalıdırlar. Yaxud şadlıq saraylarını işlədə bilmirlərsə, kimlərəsə satmalıdırlar. Yaxud onlardan başqa istiqamətdə istifadə olunacaq sahibkarlar ortaya çıxa bilər. Bir sözlə sahibkarlar öz aqibətlərini özləri düşünməlidirlər”.
0


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR