Dövlət şirkətlərində “Şura hökumətləri” - TƏHLİL

1-04-2021, 17:34 165 dəfə baxılıb

Prezident İlham Əliyevin 2020-ci il noyabrın 5-də imzaladığı fərmana uyğun olaraq Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilən qurumlarda müşahidə şuraları yaradılıb. "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətində formalaşdırılacaq şuralara nəqliyyat və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev sədrlik edəcək. Beləliklə, ölkədə nəqliyyat sektoruna daxil olan bütün sahələr faktiki olaraq, nazirliyin kurasiyasına verilib.

Müşahidə şuralarının mühüm səlahiyyətləri var:

– Səhmdar cəmiyyətlərin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

– Xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

– Mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla, Cəmiyyətin aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

– Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

– Cəmiyyətin korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

– Cəmiyyətin Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini, üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək və s…

Xatırladaq ki, Azərbaycan İnvestisiya Holdinqi 2020-ci il avqustun 7-də yaradılıb. Holdinqin Nizamnamə kapitalı 10 milyon manat təşkil edir. AİH onun idarəetməsinə verilən dövlət şirkətlərinin bütün iqtisadi və biznes fəaliyyətinin optimallaşdırılmasını, onların fəaliyyətinə nəzarəti, eləcə də özəlləşdirilməsi nəzərdə tutulan qurumların sağlamlaşdırılması prosesini həyata keçirəcək.

İnvestisiya Holdinqinin əsas öhdəliyi ondan ibarətdir ki, dövlət şirkətlərində idarəetməni təkmilləşdirsin, maliyyə, təsərrüfat fəaliyyətində şəffaflığı artırsın, eyni zamanda, lazım olarsa, özəlləşdirmə ilə bağlı təkliflər hazırlayıb, hökumətə təqdim etsin. Bir sözlə, bu qurumların fəaliyyətinin səmərəliliyini artırmaqla, onları iqtisadiyyata qazandırmış olsun, dövlət büdcəsinin yükü müəyyən qədər azaldılsın.

Lakin sual çıxır ki, bu şirkətlər müşahidə şuraları tərəfindən idarə olunacaqsa, bəs, onların indiki rəhbərləri nə iş görəcək? Qərarların icrasına görə kim(lər) məsuliyyət daşıyacaq? Əgər bu dövlət şirkətləri illərdir zərərlə işləyirsə və büdcə vəsaitlərini "qara dəlik” kimi udursa, həmin idarəçilər niyə vəzifələrində saxlanılır?

Rabitə və yüksək texnologiyalar nazirinin idarəçiliyinə verilən nəqliyyat qurumları kifayət qədər ciddi problemlər içərisindədir. Hava nəqliyyatında inhisarçı olan AZAL dövlətdən davamlı dotasiya almasına baxmayaraq, zərərlə işləyir. Şirkət hər il büdcə qarşısında vergi və sair öhdəliklərini yerinə yetirə bilməir və bir neçə dəfə onun daxili borcları büdcə hesabına silinib. Buna baxmayaraq, dövlət konserni aviauçuşların qiymətinə görə dünyada ilk sıralarda dayanır. Məsələn, AZAL MDB ölkələrinə, Türkiyə, Avropa və ABŞ-a uçuşlar üçün dünyanın məşhur aviaşirkətlərindən daha yüksək qiymət təklif edir. Bundan başqa, şirkət Bakıya uçan digər şirkətlər qarşısında da yüksək tarif şərti qoyub. Heç bir aviaşirkət Bakıya AZAL-dan ucuz qiymətə sərnişin gətirib-apara bilməz. Dövlət konserninin izaholunmaz inhisarçılığı və soyğunçuluğu vətəndaşların ciddi narazılığına səbəb olur. Şirkətin bahalı uçuş konsepsiyasına etirazlara baxmayaraq, dövlət səviyyəsində ciddi bir tədbir görülmür. Yeni yaradılan Müşahidə Şurasının əsas narazılıq mənbəyi olan bu məsələdə dəyişiklik yaradıb-yaratmayacağı maraqla gözlənilir.

Bakı Nəqliyyat Agentliyinin tərkində olan "Baku Bus” MMC-nin fəaliyyəti də qənaətbəxş deyil. Paytaxtda sərnişindaşımada əsas paya malik olan dövlət şirkəti büdcə hesabına alınan və qurulan böyük infrastruktura malikdir. Amma şəhərdə ictimai nəqliyyatın fəaliyyətinin təşkili narazılıq doğurur. Avtobusların sayı az, marşrutlar isə uzun və yorucudur. Günün pik saatlarında avtobuslarda sıxlıq müşahidə olunur ki, bu da koronavirus infeksiyasının yayılması üçün münbit şərait yaradır. MMC-nin bundan sonra İnvestisiya Holdinqinin tərkibində, nazir Rəşad Nəbiyevin komandasının müşahidəsi altında necə fəaliyyət göstərəcəyi, qeyd olunan problemlərin həll edilib-edilməyəcəyi də ictimai maraq yaradan məsələlərdən biridir.

"Azərbaycan Dərmir Yolları” QSC də bənzər durumdadır. Bu qurumun adı daim korrupsiya qalmaqallarında hallanıb. Xarici kreditlərin mənimsənilməsi, alqı-satqı müqavilələrində on milyonlarla "otkat” alınması və s. olaylar şirkətin əvvəlki rəhbərliyinin vəzifədən azad olunması ilə nəticələnib. QSC uzun illər dövlətdən iri investisiya alan qurumların sırasındadır, hər il müxtəlif layihələrin icrasına, yeni qatarların alınmasına, yolların təmir olunmasına ortalama 300-350 milyon manatdan çox vəsait ayrılır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində önəmli mövqe tutmasına baxmayaraq, QSC büdcə öhdəliklərini yerinə yetirməkdə ciddi çətinliklər çəkir.

"Bakı Metropoliteni” QSC haqqında da təxminən eyni sözləri demək olar. Metropoliten heç vaxt gəlirlə işləməyib, xərclərinin bir hissəsi büdcə hesabına ödənilib. Paytaxtda sərinişindaşımada ən böyük yük onun üzərində düşür – gündəlik 600-700 min sərnişin yeraltı nəqliyyat vasitəsilə daşınır. Buna rəğmən, QSC rəhbərliyi gediş haqlarının az olmasından şikayət edir, ortalama bir sərnişinin daşınmasının 50-55 qəpiyə başa gəldiyini iddia edir. Hazırda pandemiya səbəbindən metronun fəaliyyətinə qadağa qoyulub. Gözlənilir ki, yaxın gələcəkdə gediş haqları artırılaraq 30 qəpikdən 50 qəpiyə çatdırılacaq.

Xatırladaq ki, İnvestisiya Holdinqinin tərkibinə verilən SOCAR, Əmlak Məsələləri Komitəsi, "Azərsu” ASC yanacaq, əmlak tarifləri üzrə xidmətlərin və suyun qiymətini bahalaşdırıb.

İqtisadçı Rövşən Ağayev bildirir ki, dövlət şirkətlərində müşahidə şuralarının yaradılması bir müddət əvvəl başlanan prosesin tərkib hissəsidir:

"Bilirsiz ki, 20-ə yaxın dövlət şirkətinin İnvestisiya Holdinqində birləşdirilməsi zamanı onların idarə edilməsində səmərəliliyin artırılması qarşıya əsas məqsəd kimi qoyulub. Hökumətin yanaşması ondan ibarətdir ki, islahatlar nəticəsində gələcəkdə – uzunmüddətli dövrdə bu şirkətlərin bir qisminin dövlətsizləşdirilməsi nəzərdə tutulur. Yəni İnvestisiya Holdqinin əsas fəaliyyəti bundan ibarət olacaq. Bundan sonra faktiki olaraq bu şirkətlər ən vacib investisiya, maliyyə və s. məsələləri ilə bağlı qərarlarını İnvestisiya Holdinqinin nəzarəti altında verəcəklər”.

Ekspert bu qədər dövlət şirkətinin keçid dövründə bir çətir altında birləşdirilməsini effektiv yanaşma saymır:

"Gözləntim yoxdur ki, bu addım ciddi, əhəmiyyətli nəticələrə gətirib çıxaracaq. Ona görə ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Dünya Bankının, beynəlxaq maliyyə təşkilatlarının şirkətlərin idarə olunması ilə bağlı standartları var. Bu standartlarda şirkətlərin idarəçiliyinin məmurların iştirakı olmadan, müstəqil, peşəkar şəxslərdən təşkil edilmiş müşahidə şuralarının iştirakı ilə mümkün olduğu qeyd edilir. İndiki halda Azərbaycanda yaradılan şuralar nazirlər, nazir müavinlərindən təşkil olunur. İƏİT ekspertləri hesab edirlər ki, bu, doğru və effektiv yanaşma deyil. Çünki məmur maraqlarının olduğu şirkətlərdən inkişaf gözləntiləri əbəsdir”.

R.Ağayevin fikrincə, hökumət effektivliyə nail olmaq istəyirsə, müstəqil şəxslərin bu şuralarda təmsilçiliyinə və onlara geniş səlahiyyətlər verilməsinə nail olmalı idi:

"Şuraların üzərində ictimai nəzarət təmin olunmalı, media üçün istənilən informasiyaya əlçatanlıq təmin edilməlidir. İndiki halda bu tədbirləri idarəetmənin mərkəzləşdirilməsi və daha kiçik qrupun əlində cəmləşdirilməsi istiqamətində atılan addım kimi dəyərləndirirəm”. //pressklub.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR