Şərqi Zəngəzur iqtisadi rayonuna xarici investisiya cəlb etmək olarmı? - AKTUAL

27-07-2021, 10:27 133 dəfə baxılıb

"Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan 5 inzibati vahidin potensialına diqqət yetirsək, bu rayonun iqtisadi potensialının nə qədər yüksək olduğunu görə bilərik”.

Bunu "Report”a açıqlamasında xarici investisiyaların cəlb edilməsi üçün Şərqi Zəngəzur iqtisadi rayonunda mövcud olan imkanlardan danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Ekspert bu inzibati vahidlərin Azərbaycan iqtisadiyyatında oynayacağı rolu ön plana çəkib:

"Azərbaycanda Zəngəzur dəhlizinin ilk iqtisadi faydasını məhz bu rayon götürəcək”

"Kəlbəcər inzibati rayonunda Yuxarı İstisu, Aşağı İstisu sanatoriyaları ilə turizmə dəstək pontesialı var. Eyni zamanda Kəlbəcərin faydalı qazıntı yataqları var ki, bunların hər biri xarici investisiyanın cəlb edilməsi üçün tutarlı əsasdır. Cəbrayıl rayonunda sement istehsalı üçün kifayət qədər xammal potensialı var. Eləcə də burada heyvandarlıq, əkinçilik potensialı var ki, sonrakı proseslərdə istər qida, istərsə də toxuculuq sənayesinin inkişafı üçün əlverişlidir. Bütün bu faktorlar xarici investorların Şərqi Zəngəzura cəlbi üçün kifayət qədər tutarlı səbəblərdir. Laçının coğrafi relyefi imkan verir ki, burda dünya üzrə rəqabət qabiliyyətli bir arıçılıq təsərrüfatı yaradılsın. Bu iqtisadi rayon Zəngəzur dəhlizinin Azərbaycanla birləşən coğrafi kordinatlarında yerləşir. Azərbaycanda Zəngəzur dəhlizinin ilk iqtisadi faydasını məhz bu rayon götürəcək. Bundan sonrakı müddət ərzində digər iqtisadi rayonların da faydasını görəcəyik”.

Millət vəkili Vüqar Bayramov da Şərqi Zəngəzurun iqtisadi potensialının böyük olduğunu düşünür:

"Şərqi Zəngəzurun potensialı ilə yaxın illərdə Azərbaycan iqtisadiyyatının 4 %-i formalaşdırılacaq”

"Şərqi Zəngəzur həm turizm, həm də təbii ehtiyatlar baxımından kifayət qədər böyük iqtisadi potensiala malikdir. İşğaldan əvvəlki dövrlərdə bu rayon Kəlbəcər-Laçın iqtisadi rayonu kimi təsnifləndirilirdi və Azərbaycan iqtisadiyyatında xüsusi paya malik idi. Bu rayonun həm sənayedə, həm də aqrar sektorda, xüsusən də heyvandarlıqda, o cümlədən turizm, sağlamlıq sahəsində geniş imkanları olub. Amma uzun müddət işğal altında qalması həmin rayonlarımızın potensialının isifadəsinə imkan vermədi. Nəticədə işğal müddətində Şərqi Zəngəzur iqtisadi rayonunun və bu rayonun inzibati vahidlərin ÜDM-dəki payı 0,1%-ə qədər azaldı. Baxmayaraq ki, potensial böyük idi, işğal nəticəsində həmin potensialdan istifadə oluna bilmədi".

V.Bayramovun sözlərinə görə, Şərqi Zəngəzur iqtisadi rayonu ölkədə aqrar sahənin inkişafına mühüm töhfə verəcək: "Artıq Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan inzibati vahidlər azaddır və onların iqtisadi potensialından istifadə etmək mümkün olacaq. İlkin qiymətləndirmələr göstərir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun potensialı yaxın illərdə bütövlükdə Azərbaycan iqtisadiyyatının təxminən 4 %-i formalaşdırmaq imkanına malik olacaq. Bu o deməkdir ki, yaxın dövrlərdə Şərqi Zəngəzur iqtisadi rayonunda təxminən 3 milyard manata yaxın aqrar və sənaye məhsullarının istehsalı mümkündür. Şərqi Zəngəzur iqtisadi rayonu heyvandarlığın inkişafı baxımından kifayət qədər böyük potensiala malikdir. Bu da imkan verəcək ki, daxili bazara çıxarılan aqrar məhsullar və heyvandarlıq məhsullarının payında artımlar olsun”.

Millət vəkili Şərqi Zəngəzurdakı ixrac potensialından da söz açıb: "Bu iqtisadi rayon kommunikasiyalar birləşməsində yerləşəcək. Artıq Horadizlə Zəngilan arasındakı dəmir yolu xətti inşa edilir. Eyni zamanda Horadizdən Ağbəndədək asvalt avtomobil yolu inşa edilir. Nəticədə həmin yolların da həm Zəngəzur Dəhlizinə, həm də şərq-qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi imkan verəcək ki, Şərqi Zəngəzurda istehsal edilən məhsulları daha böyük bazarlara çıxarmaq mümkün olsun. O baxımdan iqtisadi rayonun kifayət qədər böyük ixrac potensialı var. Bütövlükdə bu rayon həm aqrar məhsullar, həm sənaye məhsulları, xüsusən də qiymətli materiallara olan tələbin ödənilməsində böyük potensiala malik olduğuna görə güman olunur ki, bu, bazardakı qiymətlərə də təsir göstərəcək Bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə heyvandarlıq və əkinçiliyin inkişaf etdirilməsi daxili bazara daha çox məhsulun çıxarılmasına imkan verəcək ki, bu da növbəti illərdə kənd təsərrüfatı məhsullarının qiymətlərinin optimallaşdırılmasına və bir sıra məhsulların qiymətlərinin aşağı düşəcəyinə zəmin yaradır. Güman olunur ki, bununla da artıq həm bazarda yerli məhsulların payı artacaq, həm də qiymətlər optimallaşacaq ki, bu da idxaldan asılılığın aradan qaldırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından çox vacibdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR