İpoteka kreditləri: PROBLEM SAYMAQLA BİTMƏZ

25-07-2018, 13:03 453 dəfə baxılıb

İpoteka kreditləri: PROBLEM SAYMAQLA BİTMƏZ




Vətəndaşlara verilən ipoteka kreditinin həcmi 1 mlrd. 73 mln. 205,312 min manata çatıb.

Bu barədə məlumatı İpoteka və Kredit Zəmanət Fondu açıqlayıb.

Fondun məlumatına görə, 2006-2018-ci illərdə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 23,101 min ipoteka krediti verilib.

Xatırladaq ki, prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Məlumdur ki, ölkədə ipoteka kreditlərinin verilmə şərtləri hər kəs üçün əlçatan deyil. Vətəndaşlar bu kreditləri almaq üçün illərlə növbədə gözləməli olurlar. İpoteka kreditinin faizlərini ödəməkdə çətinlik yaşayanlar da az deyil. Alqı-satqı ilə məşğul olan internet portallarına diqqət yetirsək, burada vətəndaşlar tərəfindən kreditlə təklif edilən mənzillərə rast gələrik. Hətta daşınmaz əmlakını satan şəxslərin bu cür qeydləri də az deyil: “İpoteka ilə götürmüşəm, ödəməyə gücüm çatmır, deyə satıram”. Bəzən bu cür şəxslər sadəcə həmin vaxta qədər ödədikləri məbləği istəyərək, gələcək faizlərin yeni sahibi tərəfindən ödənilməsini istəyirlər. Alqı-satqı saytlarında yüzlərlə bu cür elanlar ipoteka kreditləri sahəsində də problemli kreditlərin olmasının bariz nümunəsidir.

İqtisadçı ekspert, REAL Hərakatı İdarə Heyyətinin üzvü Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, İpoteka Fondunun məlumatlarına görə, sosial ipotekalarda ciddi bir problem yoxdur:

“Çünki sosial ipotekalarda faiz dərəcələri aşağıdır, 4 faiz civarında verilir. Digər ipotekalarda isə əlbəttə ki, problemlər var. Yuxarı faizli ipotekalarda problemlər daha çoxdur. İpoteka Fondunun partnyor banklarının özündə problemlər yaşanırsa, deməli ipoteka kreditləri ilə bağlı da müəyyən problemlərin olması ehtimalı var. Güzəştli kreditlərdən başqa digər kredit növlərində problemlər həmişə olub. Çünki, faizlər çox yüksəkdir. Faizlərin yüksək olması kreditlərin geri dönüşündə çətinliklər yaradır. Həm də vətəndaşların bu ipotekalardan istifadə etməsi imkanları çox məhduddur”.

Natiq Cəfərli deyir ki, İpoteka Fondunun 4 faizlə verilən kreditlərin həcminin artırılmasında maraqlı olmalı idi:

“Bunun üçün dövlət büdcəsindən də kifyyət qədər dəstək alırdı. Amma görünən odur ki, Fondun özünün fəaliyyətini normal qura bilməməsi və idarəetmədə olan problemlər sosial ipotekaya çıxış imkanlarını kifayyət qədər məhdudlaşdırıb.İnsanlar bəzən illərlə gözləməli olurlar ki, güzəştli şərtlərlə ipoteka alsınlar. İpoteka Fondunun əsas məqsədi kommersiya ipotekası ilə deyil, sosial ipoteka ilə məşğul olmaq olmalı idi ki, gənc ailələrin, müəyyən güzəştə malik olan şəxslərin ipotekaya çıxmaq imkanları sadələşdirilsin. Təəssüf ki, bu ideya olaraq ilkin mərhələdə ortalıqda olsa da, bunun realizə olunması kifayyət qədər problemlərlə üzləşdi”.

REAL təmsilçisi deyir ki, bu məsələdə ən böyük problem ipotekaya çıxış imkanlarının məhdud, faizlərin yüksək olması, sosial ipotekanın verilməsində problemlərin qalmasıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR