Vergi Məcəlləsində dəyişiklik: niyə anlaşılmır? - TƏHLİL

4-12-2018, 10:37 361 dəfə baxılıb

Vergi Məcəlləsində dəyişiklik: niyə anlaşılmır? - TƏHLİL


Milli Məclisin ötən gün keçirilən plenar iclasında "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirə olunaraq təsdiqlənib. Ancaq bu dəyişikliklərlə bağlı cəmiyyətdə müəyyən çaşqınlıq hələ davam edir. Hətta mətbuatda da bununla bağlı ziddiyyətli şərhlər gedir. Bir çox ekspertlər hesab edir ki, dəyişiklərin fəlsəfəsi və onun şərtləndirən amillər sadə və izahatlı şəkildə çatdırılmadığı üçün anlayışlamyıb.

Axar.az xəbər verir ki, ekspert Qubad İbadoğlunun sözlərinə görə, Vergi Məcəlləsində edilən dəyişiklərin fəlsəfəsi ondan ibarətdir ki, vergi ödənişləri dövriyyənin əsasında deyil, əsasən mənfəət bazasında hesablanıb, həyata keçirilsin. Bu da bazar iqtisadiyyatı baxımından çox mühümdür:

“Çünki müəssisələr xərclərinin cari, operativ və mühasibat uçotunu aparmağa, mənfəətini maksimumlaşdırmağa vərdiş etməlidir. Eyni zamanda Vergilər Nazirliyi bu dəyişiklərlə özəl bölmənin, xüsusilə də qeyri-neft sektorunun fəaliyyətini təşviq etmək istəyir.

Yeri gəlmişkən qeyd edim ki, yeni dəyişiklər nə dövlət bölməsinə və nə də neft sektoruna şamil olunmur.

Vergilər Nazirliyi istəyir ki, gizli məşğulluğun leqallaşmasında vergi və sığorta vasitələrindən yararlansın. Bunu zəruri edən səbəblərə sadələşdirilmiş vergidən büdcə daxilolmaları azalması, xüsusilə də tikinti və ticarətdə mülki-hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərin faktiki vergi və sığorta ödənişlərinin potensiala adekvat olmaması, eləcə də bu sahədə gizli məşğulluq geniş yayılması daxildir”.

Ekspert bildirib ki, bu sahədə problemlər bir çox QHT-lərin, eləcə də jurnalistlərin müvafiq bilik və bacarıqlarının olmaması ilə əlaqədardır:

“Cəmiyyət və xüsusilə də fərdi sahibkarlar arasında iqtisadi maarifləndirmə işləri qısa zamanı əhatə edir, ancaq bir qədər zəif gedir. Vergilər Nazirliyi bu layihəni 6 ay əvvəl təqdim etməli və parlament müzakirəsinə qədər onunla bağlı izahat işləri aparmalı idi. Həmçinin müvafiq institutlarla, qeyri-hökumət təşkilatları ilə işləməli, ixtisaslaşmış jurnalistləri məlumatlandırmalı, onlara təlimlər keçməli idi”.

Q.İbadoğlu hesab edir ki, cəmiyyətin iqtisadi biliklərinin azlığı bu cür layihələrin anlaşılmamasına səbəb olur:

“Bu bilikləri ilk növbədə orta məktəblər verməlidir. Yuxarı siniflər şagirdlərinə "İqtisadiyyatın əsasları" dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər də bu proqramla vergi işini də mənimsəməlidirlər. Hesab edirəm ki, bu problemi Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birgə daha tez həll edə bilər. Yeri gəlmişkən, Təhsil Nazirliyi bu sahədə Vergilər Nazirliyinin əməkdaşı olan, akademik Akif Musayevin təcrübəsindən yararlana bilər”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR