Manata psixoloji təzyiq artır - Neft və Rusiya rublu əsas amillərdir

26-12-2018, 13:29 536 dəfə baxılıb

Manata psixoloji təzyiq artır - Neft və Rusiya rublu əsas amillərdir


"Neftin qiymətində ucuzlaşma proqnozlaşdırılan idi”.

Bunu BakuPost-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

V. Bayramov deyib ki, qlobal iqtisadi artımdakı azalmalar növbəti ildə neftə tələbatın azalacağından xəbər verir: "Qlobal birjalar son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib. Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Azalamlar neft bazarından da yan keçməyib. "Brend” markalı neftin bir bareli 50 dollarlıq psixoloji həddədək ucuzlaşıb. Neft 1 gündə 6 faizdən çox dəyər itirib. Qiymətlərin kəskin azalması OPEC-in təcili görüş keçirməyə məcbur edir. Karterl artıq üzvlərinə müraciət etsə də, belə bir görüşün yaxın günlərdə reallaşması, qərar qəbul etməsi və bütövlükdə qiymət azalmalarının qarşısının alınması real deyil. Bu da birmənalı şəkildə onu deməyə imkan verir ki, neft bazarı üçün gələn il də nikbin proqnozlaşdırılmır. Qiymət azalmalarının davam etməsi ehtimalı daha yüksəkdir”.

Ekspert xatırladıb ki, böyük neft hasilatçısı olan Rusiya gələn il üçün büdcədə neftin bir barelinin qiymətini 40 dollar nəzərdə tutub: "Rusiya prezidenti və hökuməti də öncədən açıqlama vermişdi ki, neftin qiymətinin 40 dollara qədər azalmasına hazırdırlar. "Lukoyl” prezidenti də neftin qiymətinin 45 dollara qədər azalacağını istisna etmirdi. Rusiya Mərkəzi Bankının da 2019-cu il üçün neftin qiymətinə dair proqnozu 50-55 dollardır. Bu kontekstdən bəzi neft ölkələri özlərini psixoloji və iqtisadi bazımdan aşağı neft qiymətlərinə hazırlamağa çalışırlar. Bu ondan xəbər verir ki, OPEC ciddi hasilat azalmasına getməzsə, biz neftin qiymətinin 45 dollara qədər azalmasını müşahidə edə bilərik. Praktik bir gün ərzində neftin qiymətinin 6 faiz aşağı düşməsi ondan xəbər verir ki, neft bazarında hələ də tələb və təklifdə disbalans var, təklif hələ də çox olaraq qalmaqdadır. Eyni zamanda qlobal iqtisadiyyatla bağlı proqnozlar nikbin olmadığı üçün neft sektoruna investisiya qoyulmasını xeyli dərəcədə əngəlləyir ”.

Neftin sürətlə ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, V. Bayramov sözsüz ki, Azərbaycanın neft ölkəsi olduğunu qeyd edib:

"Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğunu nəzərə alsaq, neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz. Neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlər ilə isə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEC-in son toplantısında ölkəmizin gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq, o zaman gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olarıq. Neftin qiymətinin aşağı düşməsi ölkəmizə daxil olan vəsaitlərin həcminin aşağı düşməsinə gətirib çıxarır. Burada əslində, iki təsirdən söhbət gedir. Birincisi, 2019-cu ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 60 dollar nəzərdə tutulub. Biz öncə də büdcədə neftin qiymətinin 60 dollar götürürülməsinin riskli olduğunu bildirmişdim. Gələn ilin büdcəsində neftin qiymətinin daha aşağı nəzərdə tutulmasına ehtiyac var idi. Neftin qiyməti 60 dollardan aşağı düşdüyü halda büdcədə neftdən proqnozlaşdırılan gəlirləri əldə etmək mümkün deyil. Büdcəyə gələn il neftdən gəlirlərin azalması fiksal baxımdan arzu edilən deyil. Təbii ki, bu, manatın məzənnəsinə təsir edir”.

V. Bayramov qeyd edib ki, manatın məzənnəsi daha çox iki amillə müəyyənləşir: "Birinci amil neftin qiyməti, iki amil qeyri-neft ixracatımızda tərəfdaşlarımızın mili valyutalarının, xüsusən Rusiya rublunun vəziyyətidir. Hələ ki, Rusiya rublu stabilliyini qoruyub saxlayır. Rusiya rublunun vəziyyəti Azərbaycan manatı üçün çox vacibdir. Çünki Azərbaycanın 1,5 milyard dollarlıq qeyri-neft ixracatının təxminən 0,5 milyard dollar Rusiyanın payına düşür. Azərbaycanın aqrar məhsullarının 90 faizi Rusiya bazarlarına gedir. O baxımdan rubl ucuzlaşacağı halda manata təzyiqləri artıracaq. Amma neftin qiymətinin azalmasının birbaşa manata necə təsir göstərəcəyinə gəlincə, bunu söyləmək çətindir. Çünki manatın məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Mərkəzi Bank manatın məzənnəsini inzibati yolla müəyənləşdirir. Ona görə bu, Mərkəzi Bankın qərarından asılı olacaq. Amma birmənalı şəkildə proqnozlaşdırmaq mümkündür ki, əgər neftin qiymətində azalmalar davam edəcəksə, bu, Azərbaycanda dollara tələbatı və manata psixoloji təzyiqi artıracaq. Yeri gəlmişkən, biz öncədən də dekabrda dollara tələbatın artacağını proqnozlaşdırmışdıq. Lakin neftin qiymətinin azalması fonunda növbəti aylarda da Azərbaycan bazarında dollara tələbatın artmasını müşahidə edəcəyik. Manatın məzənnəsi üçün yekun qərarı Mərkəzi Bank versə də, manatın məzənnəsi üçün neftin qiyməti və xüsusən Rusiya rublunun vəziyyəti çox önəmlidir. Neftin qiyməti azaldıqca manata psixoloji təzyiqlər artır”.

Qeyd edək ki, bu gün dünya birjalarında neftin qiyməti kəskin ucuzlaşıb. Bu gün saat 11.30-a olan məlumata əsasən, "Brend” markalı neft 6,22 faiz ucuzlaşıb və 1 bareli 50,47 dollara təklif edilib. WTI markalı neft isə 6,71 faiz ucuzlaşaraq bir bareli 42,53 dollara satılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR