Gürcüstanın qaz oyunu: Hiyləgər addım, yoxsa “təzyiqə boyun əymərik” mesajı? - TƏHLİL

18-02-2019, 10:19 490 dəfə baxılıb

Gürcüstanın qaz oyunu: Hiyləgər addım, yoxsa “təzyiqə boyun əymərik” mesajı? - TƏHLİL

Gürcüstan hökuməti Rusiyadan qaz almaq üçün danışıqlar aparır.

Bu barədə qonşu dövlətin iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia məlumat verib.

Gürcüstanda erməni terrorçu Mixail Avaqyana büst qoyulduqdan sonra SOCAR rəsmi Tiflisə qazın qiymətini artıracağı ilə bağlı xəbərdarlıq etmişdi. Ekspertlər bildirir ki, gürcü tərəfi buna cavab olaraq bu addımı atır. Bundan əvvəl Gürcüstan hökuməti 2016-cı ildə də Rusiyadan qaz alacağını bəyan edərək, Azərbaycan qazından imtina etmək istəyini bildirmişdi. Düzdür, danışıqlardan sonra bu məsələ aradan qalxmış və nəticədə rəsmi Tiflis SOCAR-dan güzəştli qiymətlərlə qaz əldə etmişdi.

Gürcüstanın bu cəhdi SOCAR-dan daha artıq pay almaq üçün hiyləgər addım kimi dəyərləndirilir.

Yaranmış vəziyyəti Yenicag.az-a politoloq Şahin Cəfərli şərh edib:

“Gürcüstan və “Qazprom” arasında 2017-ci ildə imzalanmış müqaviləyə əsasən, Rusiya tərəfi həmin il Ermənistana qaz tranzitinə görə gürcü tərəfinə qarışıq sistem üzrə ödəniş edib: qismən mal (qaz), qismən pul vasitəsilə. 2018-ci ildə isə Gürcüstan Rusiyadan bunun üçün yalnız pul alıb və təbii qaza olan ehtiyacını Azərbaycandan aldığı qaz hesabına təmin edib. Daha əvvəl Gürcüstan Ermənistana Rusiya tərəfindən nəql edilən qazın 10%-ni götürürdü. İndi iqtisadiyyat və dayanıqlı inkişaf naziri Georgi Kobulianın sözlərindən belə anlaşılır ki, onlar yenə əvvəlki sxemə dönüb, Rusiyadan müəyyən miqdarda qaz ala bilərlər. Nazir bunu mənbələri çeşidləndirmək, enerji təhlükəsizliyi və müstəqilliyi, eləcə də bazarda rəqabət yaradıb, qiyməti salmaq niyyəti ilə izah edib. Baş nazir Mamuka Baxtadze də oxşar fikirlər söyləyib.

Hələlik məsələ tam aydın deyil. Hazırda Ermənistana qaz tranziti ilə bağlı “Qazprom”la yeni müqavilənin imzalanması üzrə danışıqlar davam edir və onun şərtləri açıqlanmayıb. Bu il Gürcüstanın təbii qaza olan tələbatının 5,8% artaraq 2 milyard 559 milyon kubmetrə çatacağı proqnozlaşdırılır. Daha əvvəl Tiflis bu həcmin hamısını Azərbaycandan almağı planlaşdırırdı. SOCAR qazın qiymətini qaldırdıqdan sonra ola bilsin ki, Gürcüstan hökuməti planlarını bir qədər korrektə edib. Onlar Azərbaycana nümayiş etdirmək istəyirlər ki, Gürcüstan alternativsiz deyil və bazarda Rusiya kimi böyük tədarükçü də var. Bu, “təzyiqə boyun əymərik” mesajıdır”.

Gürcüstan-Azərbaycan münasibətlərinə toxunan politoloq bildirib ki, Gürcüstanla Azərbaycan bir-birilərindən qarşılıqlı asılıdır:

“Azərbaycanın Gürcüstan üçün çox önəmli dost və qonşu ölkə, sözün əsl mənasında strateji tərəfdaş olması şübhə doğurmur. İstər Gürcüstanın enerji daşıyıcıları ilə təminatında, istər ixracat və turizm gəlirlərində Azərbaycan ciddi rola və ağırlığa malikdir. Yəni Gürcüstanın Azərbaycandan istər enerji, istərsə də ticarət sahəsində asılılığı var. Lakin məsələyə bir də qarşı tərəfdən, yəni onların nöqteyi-nəzərindən baxmaq lazımdır. Gürcüstan Azərbaycandan asılı olduğu kimi, Azərbaycan da Gürcüstandan asılıdır, yəni asılılıq qarşılıqlıdır. Bizim əsas ixrac neft-qaz kəmərlərimiz Gürcüstandan keçir. Qonşu ölkə bizim Türkiyə və müasir dünya ilə əlaqəmizi təmin edən olduqca əhəmiyyətli tranzit məntəqəsidir və bu baxımdan alternativsizdir. Digər altertnativ Ermənistandır və məlum səbəbdən ölkəmiz işğalçı qonşu ilə hələ ki kommunikasiyaları aça və birgə layihələr həyata keçirə bilməz. Gürcülər təbii ki, bunu çox yaxşı bilir, bu durumdan faydalanır və rahat davranırlar. Mən Gürcüstan-Azərbaycan münasibətlərində ciddi problemlərin yaranmasını gözləmirəm. Fikir ayrılıqları, müəyyən soyuqluq ola bilər, amma əminəm ki, hər iki tərəf münasibətlərin önəmini yaxşı anlayır və buna uyğun hərəkət edəcək. Problemlərin dərinləşməsi nə onlara, nə də bizə sərf edir”.

Büst qalmaqalına gəldikdə isə Şahin Cəfərli bunları deyib:

“Gürcü Arzusu” hökumətinin bu məsələdə bacarıqsızlıq, savadsızlıq nümayiş etdirdiyini düşünürəm. Hökumət dərhal bu problemə müdaxilə edib, onu böyümədən həll edə bilərdi. Başa düşürəm, ermənilər də Gürcüstan vətəndaşıdır və onların Konstitusiya ilə təsbit olunmuş hüquqları var. Amma ölkədə azərbaycanlılar da yaşayır və onlar da ermənilər, gürcülər və digərləri ilə eyni hüquqlara malikdir. Azərbaycanlıların da mövqeyi, həssas olduqları məsələlər hökumət tərəfindən nəzərə alınmalıdır. Azərbaycan dövləti ilə münasibətləri qoyaq bir kənara, söhbət ən əvvəl Gürcüstanın daxili sabitliyindən gedir. Onsuz da kifayət qədər ağır problemləri olan bir ölkəyə əlavə başağrısı lazımdırmı? Əlbəttə, yox. Mən istisna etmirəm ki, Moskva Gürcüstanda yeni bir etnik münaqişənin yaranmasında maraqlıdır. Çünki Gürcüstanın NATO-ya inteqrasiyası sürətlənir və konkret vaxt məlum olmasa da, aydındır ki, uzaq olmayan bir gələcəkdə ölkə bu ittifaqa qəbul olunacaq. Əgər Gürcüstanda yeni bir etnik münaqişə ocağı yaranarsa, bu, ölkənin avroatlantik məkana inteqrasiyasına mənfi təsir edəcək və prosesi yavaşladacaq. Bunu mən bilirəmsə, deməli, Gürcüstan hökuməti məndən daha yaxşı bilir və anlayır. Amma praktik addımlarda, yeridilən siyasətdə problem var. Hökumət mütləq bu problemi böyümədən aradan qaldırmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR