“Novruz” və türklər

13-03-2020, 12:13 281 dəfə baxılıb

“Novruz” və türklər

Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, publisist, Qarabağ qazısı Vüqar Dadaşov Novruz bayramı haqqında yazısında maraqlı məqamlara toxunmuşdur. Həmin yazını olduğu kimi oxuculara təqdim edirik.
“Bildiyimiz kimi, Novruz bayramının islam dini ilə heç bir əlaqəsi yoxdur. Novruzun ilk mənbəyi Şumerlər və qədim Misirlər dövründə qeyd edildiyi təsdiqini tapmışdır. Novruz bayramının geniş yayılma səbəbi məhz biz türklər olmuşuq belə ki, Hicri təqviminin 430-cu ilində vəfat etmiş tarixçi Əbu Rehan Məhəmməd "ötən qərinələrdən qalan ölümsüz əsərlər" kitabında yazdığına əsasən əfsanəvi Cəmşid şah Azərbaycana Atəşgahı ziyarəti zamanı indiki mart ayına təsadüf etmişdir, bu zaman yerli türk tayfaları Cəmşid şahı təmtəraqla qarşılamış və ona Günəş adı vermişdir, Cəmşid şah məhz bu günü bayram elan etmişdir və bununla da Novruz geniş yayılmağa başlamışdır. Ömər Xəyyam "Novruznamə" əsərində Novruzun Cəmşid şahla və Azərbaycanla bağlılığın göstərir.
İslamdan əvvəl hələ Zərdüştlər Novruz bayramını "Mihran" adı altında qeyd etmişlər və bu bayramın ən aşağısı 5000 ildən yuxarı tarixə malik olması da çoxlu tarixi mənbələrə əsaslanır.
Məlumdur ki, Novruz bayramı təbiətin oyanma, canlanma prosesi dövrünə qədəm qoymasının təntənəli qeyd edilməsidir. Maraqlısı da budur ki, elmi araşdırmalara görə Böyük Azərbaycanın yerləşdiyi ərazinin təbiəti məhz mart ayının 21-dən oyanır, Novruz
bayramındakı kimi göstərilən təbiət hadisələri məhz Azərbaycan təbiəti ilə paralellik təşkil edir və dünyanın heç bir ərazisində təbiətin oyanması məhz Azərbaycandakı kimi dəqiqliklə üst-üstə düşmür. Fərqli təbiətə malik türk xalqlarının eləcədə digər xalqların yaşadığı areallarda da təqvimə görə Novruz bayramının Azərbaycan xalqının keçirdiyi Novruz bayramının qaydalarına uyğun olaraq qarşılanması, qeyd edilməsi faktı da sübut edir ki, Novruzu bir bayram olaraq dünya xalqlarına məhz qədim Azərbaycan türkləri bəxş etmişdir.
2009-cu il sentyabrın 30-da Azərbaycan Respublikasının təqdimatı əsasında Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş və Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 2010-cu il fevralın 23-də keçirdiyi 64-cü sessiyasında mart ayının 21-i Beynəlxalq Novruz günü elan edilib. Bununla da Novruzun bir başa Azərbaycanla bağlılığı təsdiqini tapmış və bu qürur verici faktdır.
Novruz bayramının mahiyyəti həm iqtisadi həmdə sosial baxımdan təbəqələri eyniləşdirdiyinə görə birlik nümunəsi kimi həmdə siyasi əhəmiyyətli tədbir hesab oluna bilər. Eyni zamanda da Novruz bayramı biz azəri türklərinin qədim tarixinin sübutudur. Novruz bayramında odla bağlı əlamətlərin xalqımız tərəfindən gizlədilərək saxlanılması, islamın qadağa etdiyi atəşpərəstlik tariximizin qorumasında bir vasitə olması bu bayramın Azərbaycan xalqı üçün nə qədər əhəmiyyətli olmasının sübutu kimi eləcədə vacibliyi də danılmazdı.
Azərbaycan xalqının hal-hazırda da yaşadığı areala antropoloji bağlılığı elmi aksiomadır, Novruzun bizim Azərbaycan xalqının arealına aid olduğunu isə təbiət elmləri sübut edir. Bu da onu göstərir ki, Novruz bizim təkcə təbiətlə bağlı bayram deyil, Novruz bizim qədim tariximizin canlı şahidi, yaşadığımız arealın Azərbaycan türklərinə aid olmasının qeyri- maddi mədəni sübutudur. Novruzu sevək, qoruyaq, yaşadaq və özümüz yaşayaq.
Novruz Bayramımız mübarək əziz həmvətənlər!”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR