Stalini şoka salan yəhudi sehrbazın İNANILMAZ ÖNCƏGÖRMƏLƏRİ

1-08-2020, 12:25 341 dəfə baxılıb

Stalini şoka salan yəhudi sehrbazın İNANILMAZ ÖNCƏGÖRMƏLƏRİ


Deyim var ki, hər bir nəhəng lider zəmanəsinin cadugərlərinin fövqəltəbii xidmətlərindən faydalanır. "Koba" ləqəbli İosif Stalin də istisna deyil. Stalin haqda hələ də real hadisələrə və miflərə əsaslanan qəribə hekayələr dolaşır. Belə ki, "Koba"nın vaxtaşırı dövrünün əfsanəvi yəhudi əsilli mentalisti Volf Messinqi qəbuluna çağırdığı, ən qlobal məsələlərdə onun öngörmə bacarığından yararlandığı haqda bir sıra faktlar məlumdur.

Bəs Messinq kimdir?

Volf Messinq 10 sentyabr 1899-cu ildə Polşada yarı polyak, yarı yəhudi əsilli ailədə doğulmuşdu. 4 oğul böyüdən Messinq ailəsi olduqca kasıb idi. Odur ki, qardaşlar lap kiçik yaşlarından işləməyə başlayırlar.

Bir müddət yəhudi məktəbində oxuyandan sonra Volf Berlinə qaçmaq qərarına gəlir. Elə ilk sehri də qatarda gerçəkləşir. Nəzarətçi biletini tələb edəndə, adi kağız parçasını göstərib diqqətlə üzünə baxır. Hipnozun təsirindən kağızı bilet zənn edən nəzarətçi digər sərnişinlərə yaxınlaşıb, işinə davam edir.

Günlərin bir günü Berlin küçəsində yıxılıb huşunu itirir. Həkimlər ölüm diaqnozu ilə cılız cəsədi morqa göndərirlər. 3 sutka sonra ayılan Volf hər kəsi dəhşətə gətirir. Məlum olur ki, o, letargik yuxuya getmək qabiliyyətinə malikdir. Məşhur alman psixiatrı Abel oğlanı öz himayəsinə götürüb orqanizmini idarə etməyi, insanların fikrini oxumağı və bir sıra digər bacarıqlarını inkişaf etdirir.

Tezliklə Volf nəfəs almadan saatlarla yatmaq, qarşısındakı insanın düşüncələrini qüsursuz anlamaq, həmçinin iradəsi ilə bədənindəki ən dəhşətli ağrıları susdurmaq qabiliyyətinə yiyələnir.

Qısa zamanda vətəni Polşada da kifayət qədər məşhurlaşır. Təəssüf ki, onun xoş günləri İkinci dünya müharibəsi dövründə sona çatır. Belə ki, yəhudi olduqları üçün əsir götürülən ailəsinin bütün üzvləri edam olunur. Özü isə böyük məşəqqətlə SSRİ-yə qaçmağa nail olur.

SSRİ-də yaşadığı dövrdə Volf kifayət qədər məşhurlaşır. Ard-arda qastrol səfərlər, konsertlər, milyonların məhəbbəti... Lakin bundan əlavə Messinqin qüdrətini artıran bir məqam da o idi ki, Stalin onun fantastik istedadına çox həssas yanaşır, öncəgörmə qabiliyyətinə inanırdı. Günlərin bir günü Messinq Stalinə oğlunun uçacağı təyyarənin qəzaya uğrayacağı barədə xəbərdarlıq edir. Stalin heç kimə bir söz demədən oğlunun səfərinin qatarla baş tutmasını tələb edir. Həqiqətən də təyyarə qəzaya uğrayır. Qəzada ölənlər arasında SSRİ-nin milli xokkey komandasının üzvləri də olur. Həmçinin Almaniya və Sovet İttifaqı arasında başlayacaq münaqişə ərəfəsində Messinq Stalinə deyir ki, Berlinin küçələri ilə gəzən qırmızı ulduzlu tank görür. Həqiqətən də savaş SSRİ-nin qələbəsi ilə sona çatır. Ən qəribəsi odur ki, Messinq ictimaiyyət qarşısında müharibənin son gününü dilə gətirmişdi. Odur ki, öncəgörücülüyünə heç bir şübhə qalmamışdı. Müharibə bitəndə Stalin qarşısında aciz qaldığı yeganə insana layiqincə minnətdarlığını bildirmişdi.

Volfun xalqların böyük liderinə verdiyi ən önəmli xəbər isə ölümü ilə bağlı idi. Messinq Stalinin yəhudi bayramında dünyadan köçəcəyini bildirmişdi. Həqiqətən də lider 1953-cü il 5 mart tarixində dünyasını dəyişir. Həmin gün yəhudilərin Purim bayramına təsadüf edirdi.

Stalinin ölüm gününü belə əli ilə yazan sehrbaz öz bacarığına heç də mistik don geyindirmirdi. Əksinə, duyğularını, orqanizmini, qarşı tərəfin fikirlərini idarə etməyi tibbi yenilik adlandırırdı. O həmçinin beyin institutunun mütəxəssisləri ilə də əməkdaşlıq edir, səmavi istedadını jest, mimika və duyğuların dərin müşahidəsi ilə bağlayırdı.

Lakin Stalindən fərqli olaraq Xruşşov mentalisti fırıldaqçı adlandırır, ondan uzaq dururdu. Həmçinin qastrol səfərlərinə də qadağa qoymuşdu. Sevimli arvadı Aidanın xərçəngdən dünyasını dəyişməsi Volf üçün ikinci böyük zərbə idi. Bir sıra mənbələrə görə həyat yoldaşının ölümünü öncədən gördüyü üçün vicdan əzabı onu lap göynədirdi.

1974-cü ildə Messinqin ayaq ağrıları artır. Təcili yardım onu xəstəxanaya çatdırır. Həkimlər xatirələrində mentalistin evi ilə sağollaşdığını, bir daha dönməyəcəyini bildirdiyini də deyirlər. Ayaq əməliyyatı uğurla sona çatsa da, yəhudi sehrbazın orqanları həyatdan imtina edir.

Beləcə bir əfsanə də həyatla vidalaşır. İnsanları nəfəsindən, baxışından anlayan Messinq deyirdi ki, hipnoz ən az atom qədər təhlükəli silahdır. Onu zərrə-zərrə istifadə etmək lazımdır.

Bir də Messinq söyləyirdi ki, heç bir hipnoz insanların bir-birinə bəslədikləri kini məhv edə bilmir. "Nə zavallı məxluqdur insan. Bir müharibəni bitirir ki, digərinə başlasın"


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR