Boşanmış qadınlara olan münasibətin səbəbi - Psixoloq rəyi

18-07-2015, 02:22 1260 dəfə baxılıb

Boşanmış qadınlara olan münasibətin səbəbi - Psixoloq rəyi

















Azərbaycan kimi cəmiyyətlərdə qadınlara qarşı zorakılıq zəminində özünü göstərən bəlalardan da biri boşanmış, dul qadınlara olan münasibətdir

Qadın bakirə deyilsə, üstəlik də nə vaxtsa ailəli olub boşanıbsa, ona olan ilk yanaşma intim tələbat üzərindən formalaşacaq. Əslində, bu, qeyrət-namus kimi anlayışların geniş vüsət aldığı islam ölkəsində paradoks təşkil edir. Amma təəssüf ki, bizim əlimizdə bayraq tutduğumuz və hətta qürurla həbsi belə gözə aldığımız qeyrət-namus anlayışımız dar çərçivədə formalaşır. Yalnız doğmalarımzı qoruyub ətrafa bayağı yanaşıb əxlaq çərçivəsindən kənar çıxmağın sonu bir insanın faciəvi taleyi bahasına başa gəlir. Bizim doğmalarımızı qorumaq instiktimiz olduğu kimi, digər insanlarda da bu var. Amma o, qadın boşanıbsa, sərbəstdirsə, "demək onunla cinsi tələbatımı ödəyə bilərəm”, yanaşması ətrafını sənin kimi qorumaq istəyən boşanmış qadının doğmasında da onu qorumaq instinktini oyadır. Nəticədə də ölkədə qısqanclıq zəminində baş vermiş cinayət hadisələrinin sayı artır.

"Ümumiyyətlə bizim cəmiyyyətdə saysız yanlış düşüncələr mövcuddur. Qeyd olunan mövzu isə xüsusilə aktualdır. Çünki hər şeyə baxmayaraq dul, boşanmış qadın olmağı seçənlər də, bu "damğa”dan qorxub hər şeyə dözənlər də ciddi psixoloji gərginlik yaşayan insanlardır”, – psixoloq Aytac Sahil belə hesab edir.

Onun sözlərinə görə, ümumilikdə bu münasibətin kökü qadına olan ümumi münasibətdən irəli gəlir: "İslam düşüncəsində (bizdə bura daxilik) qadın –kişinin kölgəsində olan varlıqdır. Onu idarə edən, namusunun keşiyini çəkən, yanlış-doğrunu göstərən kişidir. Bu xüsusiyyətlər qadına əsasən xas sayılmır. Çünki o, təsirə tez düşür, ağlından çox hissləriylə davranır. Bu düşüncələr bizim insanların varlığına elə hopub ki, bu gün nəinki Azərbaycan kişisi, hətta ailəli, orta yaşlı, yaşlı- artıq cəmiyyətə rəy bildirmə statusunda olan qadınların da əksəriyyəti bu düşüncədədir. Əxlaqın keşikçisi kişi olduğundan və qadın istəyərək və ya istəmədən bu "keşikdən” məhrum olduğuna görə cəmiyyət qadına artıq "namusdankənar” varlıq olaraq yanaşır. Bundan başqa dul qadın eyni zamanda evliliyini qoruya bilməmiş qadındır. Bu da cəmiyyətimizin qadına yüklədiyi xüsusiyyətlərlə uyuşmur. Yəni qadın obrazı-ailəni qoruyan, uyumlu, hər şeylə razılaşan, fədakar bir obrazdır. Və cəmiyyətə göndərilən mesaj - bu əsl qadın obrazı deyil, mesajıdır. Boşanmış qadın anlayışı evli olan-olmayan hər kəsin bir az şişirdilmiş desək, "kabusu”dur. Və bu "damğa”nı almamaq üçün bu gün yüzlərlə evli qadın var ki, bütün zorakılıqlara, çətinliklərə dözür və eyni zamanda çox sayda gənc qız evlilik mövzüsuna daha qorxuyla yanaşır, qərarsızdır".

Aytac Sahilin fikrincə, cəmiyyətin yanlış düşüncələri, insanları xoşbəxt olmadığı həyata məhkum edir: "Bu cəmiyyətin bütün rəylərini göz önünə alıb "dul qadın” olmağı seçən qadınlar da bu gün onları hansı hədənin (münasibətin) gözlədiyini yaxşı bilir. Buna baxmayaraq yeni həyat qurma ümidi ilə bir çox addımlar atsalar da onlara münasibət - qonşuların da, işdəkilərin də, müdirin də, qohumlarında dəyişməz qalır. Bəzi qadınlar mübarizədən əl çəkir: onsuzda cəmiyyət onları belə qəbul edir. Bu mövzuyla bağlı atalar misalı var: "Ərsiz arvad yüyənsiz at, yüyənsiz at" düz də getsə, deyərlər, əyri gedir. Yanlış düşüncələr, münasibətlər cəmiyyətimizdə saysızdır və ağrıdıcı yanı bu düşüncələrin insan həyatlarına mənfi təsirləridir. Mənim düşüncəmə görə,cəmiyyətin rəyi qlobal məsələlərin, böyük kütlələrin talelərini həll etməklə bağlı olduqda lazımdır, insanların həyatlarına bu qədər müdaxilə etmək, yön vermək ümumiyyətlə nə etikdir, nə də düzgün. İnsanların işi qərarları, münasibətləriylə digər insaların həyatını məhv etmək olmamalıdır”. /// arqument.az


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR