Ərimin başına kül, elə bilirdim unutduracaq səni

30-07-2018, 00:06 966 dəfə baxılıb


Ərimin başına kül, elə bilirdim unutduracaq səni

Sevgi əhvalatları" layihəsində növbəti yazı.



Çox darıxıram səndən ötrü. Hardasan? Niyə yadına düşmürəm bir dəfə? Səni düşünürəm hər gün. Fikrimdən çıxmırsan. Hər gün yazdığın statusları, paylaşdığın mahnıları izləyirəm feysbukda. Yazdığın hər sözdə, paylaşdığın hər mahnının içində özümə aid nəsə axtarıb tapıram. O günü bir statusunda yazmışdın: “Ben aşkın yasını bilirim”.

O saat beynimdən keçdi ki, deməli, hələ də unutmamısan məni. Ancaq həqiqət budur ki, unutmusan, unutmusan, unutmusan… Evimizdən məktəbə kimi gül düzdüyün yollara baxanda bilmirəm gülüm, yoxsa ağlayım. Yollara qan səpələnmişdi elə bil. O yollar o gülləri unutmayacaq heç vaxt.

Həyat kədərlidir. Görəsən, biz niyə ayrıldıq? O günü statusunda yazmışdın: “İlk sevgilər bilirsinizmi niyə uğursuz olur?” Sonra cavab vermişdin: “Əlbəttə, təcrübə çatışmazlığından”. Lap sonra təcrübə sözünə gülüb belə demişdin: “Sevgi və təcrübə. Sevgi və peşəkarlıq”.

Bu yaxınlarda sevgimizin 13 yaşı tamam oldu. Uy dad, 13 il. Ömrümün yarısı qədərdir sənə sevgim. Yəqin ilk tanış olduğumuz gün yadından çıxıb. İçməkdən başın açılır ki... Sən Allah, niyə bu qədər içirsən? Sən əvvəl belə deyildin axı. Özü də yaman arıqlamısan. Onsuz da arıq idin. İndi lap düşmüsən. Şəkillərinə baxıram tez-tez feysbukda. Çox kədərlisən, əzizim. Niyə belə olmusan? Kim səni incidir? Niyə bu qədər zəif, niyə bu qədər iradəsiz olmusan?

Məni necə unuda bildin? O yağışlı günlərdə burnunun suyu axa-axa küçələrdə arxamca sülənən oğlan deyilsən elə bil. Məni necə sevdinsə, elə də unutdun. O günü rəfiqəmlə söhbət edirəm. Səndən danışdım ona çoxlu. Axırda nə desəm yaxşıdır? İndi başa düşdüm ki, mən o oğlanı yox, onun məni sevməyini sevirəmmiş. Rəfiqəm də güldü: “Ay bədbəxt, sevgi elə budur da”. Ağladım. Bilirsən niyə? Çünki qürurumu çox sındırdım sənin qarşında.

Yadıma gəlir, tez-tez mənə deyirdin: “Sən mənim qürurlu mələyimsən”.

Deyirdin ki, sənin qürurunu sevirəm ən çox. Düz üç ilə sənə sevirəm demədim. Sən hər dəfə əsəbiləşirdin ki, niyə mənə demirsən sevdiyini. Ölürdün mənim sevirəm sözümdən ötrü. Sən bu sözdən ötrü ölürdün deyə mən demirdim. Axırda deyirdin ki, heç olmasa mən sevdiyimi deyəndə sən də de ki, mən də. Başa düşürsən? Gör sən nə qədər möhtac idin mənə. İndi nə oldu bəs? Qudurdun? Hər gün yüz dəfə yazıram sənə sevdiyimi. Bir dəfə cavab vermirsən. Nə olar, qurban olum, heç olmasa bir dəfə məni sevdiyini de. Cavab ver mesajlarıma. Sevirəm deməsən də, nə olar, sevgimə cavab ver, heç olmasa, “mən də” de.

Oğlum oldu. Özü də səninlə eyni gündə. 17 oktyabrda. Oğluma tez-tez evdə əzizləyib eşşək deyirəm. Yoldaşım deyir ki, uşağa elə demə. Yadına gəlir, sənə deyirdim e eşşək? Sən mənim eşşək sözümdən ötrü ölürdün. Mənə deyirdin ki, eşşək kimi sevirəm səni. Mən də uğunub gedirdim. Xoşum gəlirdi bu sözündən. Mənə elə gəlir ki, sən bütün sözlərini mənə demisən. Sənin başqa qadına deməyə sözün qalmayıb daha. Desən də mənə dediklərinin təkrarı olacaq.

Ey, qulağını əy aşağı bir söz deyim: sənlə sevişmək istəyirəm. O arıq, cılız bədəninə hopmaq istəyirəm. Səni dişləmək keçir ürəyimdən. Gülmə. Saçlarını yolmaq var hələ. İstəyirəm ki, qulağımın ucundan öpəsən. Qoy canımın tükləri biz-biz olsun, dəli olum.

Eşşək, eşidirsən məni? Ərimin başına kül. Elə bilirdim unutduracaq səni. Alınmadı. Yaxınıma da qoymuram heç. Düz yeddi aydır yalvarır mənə. Olmaz deyirəm. O günü feysbukda status yazmışdın: “O qədər qeyrətlidir ki, ərinə də yox deyir”. Öldüm gülməkdən oxuyanda. Sən nə bilirsən ki, mən ərimə yox deyirəm?

Bilirsən, necədir? İndi əsəbiyəm deyə belə dedim. Ancaq ərimə də yazığım gəlir. O qədər qayğıkeşdir ki… Məni o qədər dəyərləndirir ki... Sağ olsun. Ancaq nə fayda? O, mənim qayğıma qalanda əsəbiləşirəm. Onun mehribanlığı bezdirir məni. Fikirləşirəm ki, onun minlərlə qayğısının yerinə kaş sənin bir sillən olaydı.

Darıxıram. Sən xilas ola bildin bu sevgidən. Unuda bildin məni. Ancaq məndə alınmadı. Feysbukda dostluğundan çıxarmısan məni. Acığa düşüb mən də səni bloka atdım. Sonra da səni izləmək üçün dörd-beş ayrı profil açdım. Hamısından dostluq göndərdim sənə. Sonra da o profilləri bir-biri ilə dost elədim ki, şübhələnməyəsən. Mənim zülmümə bax sən Allah.

Səni sevirəm. Qəbrimin üstündə otlar bitəcək. Ancaq durub qəbrim qarışıq yüyürərəm sənin yanına. Deyirəm nə qəşəng olar e, qəbrimiz yanaşı olaydı. Kef eləyərdik hər gün.
Mən təkcə səni sevmirəm e, səni tanıyanları da sevirəm. Küçənizi də. Küçənizin qabağındakı çörək dükanını da sevirəm. Hər gün avtobusla sizin küçənin qabağından keçəndə bilirsən, nə hisslər keçirirəm? Deyirəm, kaş orda durmuş olaydın. Siqaret çəkə-çəkə məni avtobusda görəydin. Ey, yaxşı yadıma düşdü. Sən siqaret çəkməyə başlamısan? Rədd elə! Sənin nə canın-cəsədin var ki, siqaret də çəkirsən hələ? Xəstəlik-zad taparsan.

Əzizim, nə olar, məndən ötrü ağla. Daş düşsün sizin o ev telefonunun başına. O telefonda o qədər mənə yalvarmısan. Ancaq indi nə qədər zəng eləyirəm, gah cavab verən olmur, gah da maman götürür telefonu. Yeri gəlmişkən, maman necədir? Salam de məndən. Düzdü, mənim adımı eşidib əsəbiləşəcək. Atan yaxşı kişidir amma. Ürəyi yumşaq adamdır. O vaxt sən mənə görə uşaqlarla dalaşıb polisə düşəndə atanın necə adam olduğunu gördüm. Dedi ki, görəsən, qız nə fikirdədi? Mən də eşidirdim. Ay da, sənə görə durub bölməyə gəlmişdim e. Yadına gəlir? Pisin biri pis.

Sözüm qurtaran deyil onsuz da. Eşşəklik eləmə. Arada yadına sal məni və heç vaxt unutma ki, səndən ötrü ölən yox e, səndən ötrü yaşayan bir qadın var dünyada.

Kəramət Böyükçöl


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR