“Məmurları sudan düzgün istifadə ilə bağlı savadlandırmaq lazımdır”

6-05-2020, 15:37 302 dəfə baxılıb

Planetin qlobal problemlərindən biri də su qıtlığıdır. Müxtəlif KİV-lərdə bunun iqlim dəyişikliyinin nəticəsi olduğunu qeyd edirlər. Bu, həm də su resurslarının azalması, insanların fəaliyyəti, urbanizasiya ilə əlaqələndirilir.
BMT-nin hesablamalarına görə, inkişaf etməkdə olan ölkələrdə doğum sayının yüksək olması, uşaq ölümünün azalması və uzunömürlülüyün artması Yer kürəsi əhalinin artımına səbəb olacaq və 2050-ci ilə qədər planetdə 9,6 milyard insan yaşayacaq. Bu isə birbaşa olaraq sudan istifadənin artmasına gətirib çıxaracaq: 2014-cü ildə 4.000 km3-dən 2025-ci ildə 4.100 km3-ə və 2040-cı ildə 4.400 km3-ə qədər.

Mövcud problem son illər ərzində ölkəmizdə də artmaqdadır. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov problemdən çıxış yolu, mövcud həllər və digər məsələlər barədə Modern.az-a danışıb.

- Ramiz müəllim, ölkəmizdə su çatışmazlığının artması nə ilə əlaqədardır?


- Bilirsinizmi, bütün planetin böyük dərdi, böyük problemi var- iqlim dəyişmələri. Demək, dünya koronavirus ortaya düşən kimi bu problemi yaddan çıxardı, amma problem ölmədi, məhv olmadı. Məhz bu səbəb su çatışmazlığının yaranmasına gətirən nüanslardan biridir. Bir neçə il bundan əvvəl İrlandiyada beynəlxalq simpoziumda idim. Orda mənim “Atmosferdə tempratur anamaliyalarının Xəzər dənizinə təsiri” mövzusunda məruzəm oxundu. Amma bütün konfransın ümumi məğzi iqlim dəyişməsi ilə Yer kürəsinin su balansının hansı hala gəlməsi ilə bağlı idi. Bu simpoziumda bir neçə əsas məsələ var idi. Lakin mən bu məsələlərin bizə aid olan hissəsini demək istəyirəm. Belə ki, iqlim dəyişmələri nəticəsində Yer kürəsinin quraq ərazilərində yağıntının miqdarı biraz da azalacaq, rütubətli ərazilərdə isə yağıntının miqdarı bir qədər də çoxalacaq. Azərbaycanın 60 faizə qədəri quraq ərazilərdir. Ona görə də bizə bu məsələnin birbaşa aidiyyatı var. Araşdırmalarımız da göstərdi ki, Azərbaycanın bütün bölgələrində yağıntının miqdarı nəzərə çarpacaq dərəcədə - 10, 15 faiz azalıb. Yağınıtının miqdarının azalmadığı yeganə yer Abşeron yarımadasıdır. Bunun da səbəbini Abşerondakı bağçılıq təsərrüfatı ilə əlaqələndirirəm. Yəni bağ sahələrinin inkişafını mikroklimanın yaranması kimi qiymətləndirirəm. Amma onu da deyə bilərəm ki, Şəki-Zaqatala bölgəsində də yağıntının miqdarı bir qədər artıb. Bununla bərabər buxarlanma miqdarı da çoxalıb. Əksər bölgələrimizdə buxarlanma faktorunun azalması artıq may ayında çaylarımızda suyun azalması ilə nəticələndi. Yerin süni orbitindən, peyklərdən alınmış şəkillərin emalı və analizi göstərir ki, Tufandağda və Bazardüzündə olan buzlaqların sahəsi iki dəfədən çox azalıb. Axı bu buzlaqlar çayları qidalandıran əsas mənbələrdən biridir. Yəni su qıtlığına səbəb olan amillərdən biri də budur. Yağıntının olması səthi sularla, qurunt sularını artırır və çaylarda suyun miqdarı çoxalır. Sadaladığım bu məsələlər ölkədə su çatışmazlığının olmasının əsas göstəriciləridir.

- Ölkədə su qıtlığı kəskin hal alarsa, su anbarları bizim köməyimizə çata bilərmi?


- Yer kürəsində Üçüncü Dünya Müharibəsi olsa, suyun üstündə olacaq. Bu fərziyyə ilə deyilən sözdür, amma artıq bu məsələnin təzahürləri var. Məsələn, Orta Asiyadan Özbəkistanla Rusiya, Türkiyə ilə digər ölkələr arasında su müharibələri var. Bundan başqa, İsrail Suriyanın Qolan yüksəkliyini özünə qaytarmır. ABŞ da bu məsələdə İsraili dəstəkləyir. Bunun da səbəbi odur ki, İsrailin su təchizatının 60 faizindən çoxu Qolan yüksəkliyindən gəlir. Yəni bu mövqe İsrailin əlindən çıxsa, həyat üçün zəruri olan amillərdən birini itirəcək. Dediyim odur ki, problem bütün dünyada var və hər ölkə öz ehtiyatını görməlidir. Azərbaycana gəldikdə isə biz suyu qıt olan ölkələrdənik. Qonşu ölkə Gürcüstanla müqayisədə bizdə hər kəsə, hər əraziyə düşən su miqdarı 7 dəfə azdır. Bizdə irili-xırdalı 8 mindən çox çay var. Gürcüstanın ərazisi isə bizdən balaca olsa da, orda 50 mindən çox çay yerləşir. Ona görə də dünya təsnifatında Azərbaycan suyu az olan ölkələr sırasındadır. Bir neçə il əvvəl ABŞ-ın kəşfiyyat idarəsi su qıtlığı olan ölkələrin siyahısını hazırlamışdı və 39 ölkənin içərisində Azərbaycan ilk pillələrdə idi. “İrili-xırdalı çaylarımızın su ehtiyatı bizə bəsdirmi”,- deyə sual qoysaq, cavabım o olar ki, “bəli, bəs edər”. Amma bu su kütləsindən səmərəli istifadə etmək şərti ilə. Ələlxüsus kənd təsərrüfatında yersiz su israfına yol vermək qəti şəkildə olmaz. Suya olan baxışımız dəyişməlidir. Biz həmişə elə düşünmüşük ki, su Allahın verdiyi nemətdir və biz ondan harda necə gəldi və istədiyimiz qədər istifadə edə bilərik, çünki su tükənməz resursdur. İlk növbədə biz bu fikri başımızdan çıxarmalıyıq. Suyu əmtəə kimi qəbul edib qənaətlə istifadə etməliyik. Bu halda Azərbaycanın su problemi olmaz. Su qıtlığına qarşı ilkin olaraq mən şüurda olan dəyişiklikləri nümunə göstərdim. Çünki birinci növbədə şüur, məsələyə baxış dəyişməlidir. Amma konkret tədbirlərə qalanda təbii ki, su anbarlarının tikilməsinə böyük ehtiyac var. Axırıncı dəfə tikilən su anbarlarından Taktakörpü, Şəmkir su anbarı bütün Avropa üçün unikal bir qurğudur. Bu anbarlar həm məişət, həm də kənd təsərrüfatında texniki qurğular üçün səmərəlidir. Bildyim qədəri ilə masa üzərində 16-ya qədər su anbarının tikilməsi ilə bağlı hazır sənəd var. Yəqin ki, imkan olduqca bu bəndlərin tikilməsi reallaşacaq.

- Su qıtlığının olması əkinçiliyin, kənd təsərrüfatının hansı sahəsində daha çox zərər verə bilər?


- Bayaq da qeyd etdiyim kimi, Azərbaycan ərazisinin 60 faziri quraq ərazidir. Bizim fikir verdiyimiz əkinçilik növlərindən biri də taxılçılıqdır. Bundan başqa Kür-Araz ovalığında pambıqçılığın inkişafı planlaşdırıla bilər. Harda ki, suvarma yoxdur, taxılçılıqda məhsuldarlıq xeyli dərəcədə azalacaq. Bunun da əsas səbəbi bu il çox az yağış yağmasıdır. Artıq biz bunu nəzərə almalıyıq ki, yaxşı suvarma işi qurulmasa yaxşı da taxıl götürə bilməyəcəyik. Müasir damcı, çiləmə üsulu ilə suvarmanı tətbiq etməliyik. Pambıqçılın artırılmasına gəldikdə isə axrıncı dəfə qurduğumuz iqlim xəritəsində izotermlər bir qədər müsbət tərəfədir. Bu o deməkdir ki, həmin ərazilərdə yağıntının miqdarı bir qədər də azalacaq. Əgər biz pambıqçılığın inkişafını düşünürüksə bütün bu faktorları nəzərə almalıyıq.

- Belə bir deyim var ki, 20 il sonra Azərbaycan su ehtiyatı baxımından kasıb ölkə olacaq.Sizcə bu fikirlər nə dərəcədə realdır? Hazırkı şərait bizi “kasıb” ölkə olmağa sürükləyirmi?


- Təəssüf olsun ki, bizdə QHT üzvlərinin bəziləri sensasiya xatirinə nə gəldi danışır. Bilmirəm ki, onlar bu nəticəyə hansı əsasla gəliblər. Bu gün bizim su ehtiyacımız özümüzə çatacaq dərəcədir. Gələcəkdə də primitiv tədbirlər görülərsə, ciddi problemlər yaşamayacağımızı düşünürəm. Qanıx, Qabırrı, Araz həmişə bizə axacaq, bu çaylarda su yoxa çıxmayacaq ki, biz suya möhtac qalaq. Amma yenə də deyim ki, su istifadəsini səmərəli idarə etməliyik.

- Bəzi insanlar düşünür ki, suyun qiymətinin artırılması suya qənaət mexanizmi formalaşdıracaq. Yəni daha əvvəlki kimi insanlar suyu necə gəldi istifadə etməyəcəklər. Sizcə bizim ölkədə qiymət faktoru dəyişsə, su qıtlığı da azalarmı?


- Bu bir qədər sosial məsələdir. Amma suyun qiyməti də sonsuz dərəcədə qalxa bilməz ki... Əhalinin vəziyyəti mütləq nəzərə alınmalıdır. Suyun qiymətini qaldırmaq yox, təbliğat aparmaq lazımdır, əhalini savadlandırmaq lazımdır. Nəinki əhalini, naziri, məmuru savadlandırmaq lazımdır ki, sudan düzgün istifadə olunmalıdır. Yoxsa onlar bəzən suyu necə gəldi açıb istifadə edirlər. Bundan başqa, bir məsələni də sizə deyim. Taxtakörpü su anbarının açılışında prezident dedi ki, “mən istəyirəm mütəxəssislər bizim hər kvadrat metr ərazi üçün nə qədər su resursumuz var, onu desinlər”. Amma təəssüf ki, hələ də bu suala cavab yoxdur. Sonuncu dəfə Azərbaycanın su resursları 1972-ci ildə Rüstəmov Qaşqay tərəfindən hesablanıb. Bu məsələnin üzərindən 50 il keçib, amma hələ də kimsə bu istiqamətdə araşdırma etmir. Hazırda deyilən rəqəmlər hamısı köhnə statistikadır. Amma bu qədər il ərzində iqlim dəyişikliyi olub və sözsüz ki, rəqəmlər dəyişib. Dəfələrlə bildirmişəm ki, bu məsələyə aydınlıq gətirmək üçün işçi qrupu yaradılmalıdır. Biz bilməliyik ki, nə qədər su resursumuz var. Və lori dillə desək, nə qədər pulumuzun olduğunu dəqiq bilib, sonra pul xərcləməyi düşünməliyik.

- Hazırda tək içmək üçün yox, elə yemək bişirmək üçün də insanlar qablaşdırılmış sulara üstünlük verirlər. Bunun da əsas səbəbi insanların mənzillərər gələn suyun təmizliyinə etibar etməməsidir. Sizcə, bu inamsızlığa səbəb nədir, su mənbələri təmiz deyil, yoxsa borular güvəniləcək səviyyədə deyil?


- Mən bu inamsızlığa səbəb kimi əhalinin xoflu olmasını deyə bilərəm. Biz qablaşdırılmış və kranlardan gələn suyun analizini aparmışıq. İnanın ki, qablaşdırılmış suyun tərkibi krandan gələn suyun tərkibindən yaxşı deyil. Bundan başqa, mən Bakının müxtəlif ərazilərindən krandan gələn suyu birbaşa qaba dolduraraq, laboratoriyaya aparıb analiz etdim. Cavab belə oldu ki, bütün ərazilərdə suyun tərkibi Ümumdünya Səhiyyə Təşkilatının qoyduğu tələblərdən daha yaxşıdır. Yəni mən kiminsə dediyi sözləri demirəm, şəxsi müşahidələrimi sizinlə paylaşıram. Mayda ola bilər ki, su daşqınları ilə əlaqədar olaraq təmizləyici qurğular da çatdırıb suyu tam təmizləyə bilməsin. Amma qalan müddət ərzində suyun tərkibi etibarlıdır. Bəzən Şollar suyunu qablara doldurub gətirib keyfiyətli su adı ilə satırlar. Amma bilinmir ki, həmin su nə dərəcə etibarlıdır, bu suda kükürdün miqdarı nə qədərdir.

- Bir müddət əvvəl şəhərdəki binalardan su çənlərini yığışdırdılar. Sizcə bu addım daha çox su israfcıllığına səbəb olmadımı?


- Yox, əksinə. O su çənləri olanda əhali daha çox su istifadə edirdi. Belə ki, su çənini tam doldururdular, sonra da guya ki, suyu təzələmək adıyla çəni boşaldıb təzə su ilə çəni doldururdular. İndi şəhərin hər yerində 24 saat su gəlir, bu çənlərə ehtiyac yoxdur. Həm də ki, doğurdan da o su çənləri şəhərin görüntüsünə pis təsir edirdi. Prezident də bildirdi ki, 24 saat fasiləsiz su ilə insanlar təmin olunacaq.

- Çirkli suların təkrar emalı, təmizlənməsi məsələsi bizdə nə yerdədir. Əgər bu üsul geniş tətbiq olunarsa, su qıtlığını aradan qaldırmaq mümkün ola bilərmi?


- Bakının iki böyük ekoloji problemi bərk və maye tullantılardır. Bərk tullantıların emalı üçün bildiyiniz kimi zavod tikilib. Maye tullantıların da emalı üçün zavod tikilsə, yaxşı olardı. Bizdə Hövsan qəsəbəsi yaxınlığında köhnə təmizləyici qurğu var və bu qurğu vasitəsi ilə su üç təmizləmə mərhələsindən keçməlidir. Amma təəssüflər olsun ki, qurğu bütün mərhələləri özündə ehtiva edə bilmir. Yeni zavodun tikilməsi milyardalar tələb edir, amma Bakıətrafı rayonlarda belə zavodlara ehtiyac var. Mən 2000-ci ildə Helsinkidə olanda orda bu cür qurğu görmüşəm. Qurğu vasitəsilə təmizlənən su Baltik dənizinə buraxılırdı. Hətta orda mənə dedilər ki, təmizlənmiş suyu içmək də olar. Qurğu ilə bağlı maraqlı nüanslardan biri də o idi ki, bu böyüklükdə texnikanın istehlak enerjisinin 40 faizini elə o çirkab sularından alırdılar. Gec-tez bu cür qurğunun Bakıda da tikilməsinə ehtiyac olacaq. Çünki çirkab suları axıtmağa yer olmalıdır. Çirkabı Xəzərə axıdası deyilik ki.

- Əgər su qıtlığı kəskin xarakter alarsa və başqa ölkələrdən su gətirilməsi zərurəti olarsa, biz hansı ölkələrin yardımına, yaxud da əməkdaşlığına güvənə bilərik?


- Yenə də dünya təcrübəsini sizinlə bölüşəcəm. Belə ki, 1992-ci ildə Helsinki şəhərində transsərhəd çaylar üçün beynəlxalq saziş imzalandı. Həmin sazişə görə çayın axarının yuxarısında olan ölkə aşağıda olan ölkənin razılığı olmadan suyun keyfiyyət və miqdarını dəyişdirə bilməz. Avropada bir çox ölkələr bu layihəni imzalayıb. Amma çox təəsüf olsun ki, Kür çayı boyunca Azərbaycandan başqa heç bir ölkə - Türkiyə, Gürcüstan və Ermənistan bu layihəni imzalamayıb. Düzdür, Gürcüstan bu layihəni imzalamayıb, amma Gürcüstanla Kürün idarə olunması haqqında müqavilə var.

- Pandemiya dövründə şəxsi müşahidələriniz nə dedi? Sizcə, karantin rejimi su israfına səbəb oldu ya qaənaətə?


- Evdə qalmaq suya qənaət deməkdir. Yəni ən azından bu bizdə belədir. Hər millətin öz yaşayış tərzi var...

- Son olaraq suyun qədrini bilməyən, israfçıllığa yol verən insanlara ünvalanan müraciətinizi almaq istərdik...


- Suya “abi həyat” deyirlər. Su olmasa yaşaya biləcəyimiz durumu təsəvvür etmək çətin deyil. Bizə verilən bu nemətin qədrini, vacibliyini bilib, ona münasibət göstərməliyik. Yəni suyu harda necə gəldi yox, lazım olduğu qədər istifadə etməliyik. Nazirdən tutmuş, adi adamadək hər kəs şüurunda suya münasibəti düzgün formalaşdırmalıdır. Hamımız suya qənaət edib ona müqəddəs nemət kimi baxıb istifadə etməliyik.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR