"Korrupsiyanı meyar edənlərə qarşı mübarizə daha da gücləndiriləcək"

6-05-2020, 21:51 243 dəfə baxılıb

“İcra başçılarının müxtəlif qanunsuz əməllərə görə həbsi digər məmurların da dərs çıxarması üçün imkan yaradır”.

Bu fikirləri Strateq.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib.

Ölkədə korrupsiyaya qarşı sistemli şəkildə mübarizə aparıldığını vurğulayan T.İsmayılov DTX-nin keçirdiyi son əməliyyatların mahiyyətinə toxunub: “Bu əməliyyatlar bəzi harınlamış və vicdansız məmurların ölkədəki islahatlar kursuna olan sabotajını ifşa etdi. Cənab Prezident dəfələrlə xəbərdarlıq edib ki, rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə bundan sonra da davam edəcək. Missiyası xalqa xidmət olan icra başçısı, ya da hansısa məmur vəzifə anlayışından öz çirkin məqsədləri üçün istifadə etməməlidir. İnsanlara təmiz və ləyaqətlə xidmət etmək, Prezident İlham Əliyevi örnək almaq, dövlətçilik ruhuna sarsılmaz inam hər bir məmurun kredosu olmalıdır. Təəsüflər olsun ki, dünyanın hər yerində olduğu kimi, bizim ölkəmizdə də vəzifəyə varlanmaq məqsədi kimi yanaşan insafsızlar var. Hər bir məmur öz xidmətində ölkə başçısını örnək almalıdır. İlham Əliyev üçün xalqın maraqları, vətəndaş rifahı həmişə ən önəmli nüans olub. Bunu dərk etməyən məmurların bəziləri baş verən hadisələrdən də dərs çıxarmır. Bundan əvvəl həbs olunan icra başçılarının obrazından hələ də dərs almayanlar ortaya çıxır ki, bu adamlar bütün ailə üzvlərinin gələcəyi, nüfuzu üçün böyük zərbə vururlar”.

Politoloq qeyd edib ki, korrupsiaya qarşı mübarizə ölkə başçısının prioritetlərindəndir: “Korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunub. 2007-ci ildə Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq edilib. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olunub. Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış qurumlar da fəaliyyətə başlayıb. Bunlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsidir. Bundan əlavə, 2008-ci ildə qəbul olunan “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərman dövlətin bu sahədə strateji kursunu ifadə edir. Həmin kursa əsasən Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə beynəlxalq sənədə, o cümlədən Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” və Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” konvensiyalarına, həmçinin “Korrupsiyaya qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyası”na qoşulub. Ölkəmiz korrupsiyanı meyar edən adamlara qarşı mübarizəni bundan sonra da gücləndirəcək”.

T.İsmayılov korrupsiyaya qarşı sərt mübarizə tədbirlərinin davam etdiriləcəyini də vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR