“Leyla Yunusun etdiyi həm də xalqa şəxsi nifrətidir”

15-05-2020, 15:16 217 dəfə baxılıb

Mayın 13-də “Azərbaycan siyasi məhbuslarına azadlıq” Birliyi son həbslər və məhkəmə prosesləri nəzərə alınmaqla, siyasi məhbus siyahısını dərc edib. Siyahıya 2020-ci il martın 20-nə qədər haqqında etibarlı məlumat əldə etmək mümkün olan siyasi motivlərlə həbs və mühakimə edilmiş hər kəsin adı daxildir, bu barədə Birliyin məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, siyahı AŞ PA-nın 2012-ci ilin oktyabrı tarixli 1900 nömrəli qətnaməsində yer alan meyarlar əsasında tərtib edilib. Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinq Mərkəzi” İctimai Birliyinin sədri Elşən Həsənov tərtib ediblər.

Siyahıda yer alan 155 nəfər 9 qrupa bölünüb. Jurnalistlər və blogerlər 7 nəfər, müxalif partiyaların və hərəkatların üzvləri 8 nəfər, MTN-dəki cinayətlərin qurbanları 3 nəfər, dindarlar 51 nəfər, girov 1 nəfər, Tərtər işi üzrə həbs edilənlər 25 nəfər, Gəncə işi üzrə həbs edilənlər 45 nəfər, psixiatriya xəstəxanasına yerləşdirilən 1 nəfər, ömürlük həbs edilənlər 14 nəfərdir.

Avropada yaşayan L.Yunusun bu siyahısı Azərbaycanda birmənalı qarşılanmır. Onun ölkədən kənarda məskunlaşıb subyektiv siyahı tərtib etməsi qəbul olunmur. L.Yunus az qala rüşvətlə həbs edilmiş icra başçılarını da siyasi məhbus kimi tanısın. Leyla Yunusun kim olduğunu, hansı əməllərə sahiblik etdiyini, hansı dairələrə xidmət etdiyini xatırlatmağa ehtiyac yoxdur. Elə müxalif düşərgənin özündə onu tənqid edənlər, qeyri-səmimi olduğunu söyləyənlər az olmayıb. Məsələn, bir müddət öncə o, ermənilərlə iş birliyinə imza atmışdı.

Özünü hüquq müdafiəçisi kimi qələmə verən bu şəxs Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə ermənilərlə birgə yeni sayt yaratmışdı.

İndi isə yenə də öz subyektiv rəylər əsasında hazırlanmış siyahılarını yaymaqdan əl çəkmir. Üstəlik, prezidentin əfv fərmanı ilə xeyli sayda siyasi məhbus kimi tanınan bir çox dustaqlar azadlığa buraxılıb.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı “Yeni Müsavat”a bildirdi ki, L.Yunus Azərbaycanda olmadığına görə poçt vasitəsilə məlumatlar əldə edir. Onun sözlərinə görə, həmin məhbusların ailələri ilə görüşmür, vəkillərinə çıxışı yoxdur: “Ona görə siyahı subyektiv fikirlər əsasında hazırlanıb. Obyektiv siyahı tərtib etmək üçün yerində araşdırma aparmaq lazımdır”.

S.Bənəniyarlı hesab edir ki, L.Yunus həyatını belə işlər üzərində qurub: “Onun yaydığı hesabatların Azərbaycanın imicinə zərəri var. Avropada Azərbaycan əleyhinə fakta söykənməyən hesabatlar, rəylər hazırlanır. Bunların hamısı qeyri-ciddilikdir.

Prezidentin əfv fərmanı ilə 50-dən çox siyasi dustaq azad edilib, pandemiya dövründə verilən əfvlə azadlığa çıxan siyasilər olub. Yəni subyektiv rəylərlə siyahı tərtib etmək olmaz".

Hüquq müdafiəçisi inanır ki, ölkədə bir siyasi məhbus da qalmayacaq və Azərbaycanın adı beynəlxalq təşkilatların siyahısında yer almayacaq.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev isə qeyd etdi ki, Leyla Yunusun və xaricdəki digərlərinin verdiyi məlumatların həqiqiliyi şübhə doğurur. Onun sözlərinə görə, bu siyahıların yayılmasının arxasındakı siyasi məqsədlərin mahiyyətinin nədən ibarət olduğu aydındır. Ə.Nuriyev hesab edir ki, hüquq müdafiəçisi işi ilə öz vətənində məşğul olmalıdır: “Bütün bunlar kənardan asan görünə bilər. Amma yanlış məlumatlar verilir. Bəzən siyahıda ağır cinayətlər törətmiş adamların adlarına rast gəlinir. Halbuki onların daha yuxarı instansiyalara şikayət etmək hüququ var.

Leyla Yunus isə Azərbaycana, hakimiyyətə qarşı şəxsi və düşmənçilik xarakterli qərəzi olan adamdır. Bu insanın ölkəsini hansısa formada sevməsinə şahid olmadım. Əslində onun xidmət etdiyi ölkələrin bu siyahılara ehtiyacı yoxdur. Sadəcə, öz həyatını təmin etmək üçün Azərbaycandan istifadə edir".

Ə.Nuriyevin fikrincə, siyahıların tərtib olunmasının arxasında eyni zamanda böyük biznes maraqları, müəyyən dairələrin istəklərinə uyğun xidmət dayanır: “Həmçinin erməni lobbisi ilə sıx əlaqədə olan şəxsləri görmüşük. Ona görə də bu siyahıların hansı maraqlara görə tərtib edildiyini bilirik. Üstəlik, peşəkarlıqdan uzaq bir iş aparılır. Leyla Yunusun etdiyi həm də xalqına şəxsi nifrətidir. Onu vəzifədə olanda da görmüşük”.

Hüquq müdafiəçisi bildirdi ki, prezident heç kəsin əqidəsinə görə təqib olunmadığını açıqlayıb: “Və bəyan edib ki, heç kim fikirlərinə görə təqib olunmamalıdır. Bu, əhəmiyyətli bəyanatdır. Eyni zamanda İlqar Məmmədov və Rəsul Cəfərov barəsində Ali Məhkəmənin qərarı əhəmiyyətli addımlardır.

Ötən il də 50-dən çox siyasi məhbus kimi tanınan şəxsə əfv verildi, bugünlərdə də xeyli sayda dustaq azadlığa buraxıldı. Bu proses başlayıb, ölkədə yeni konfiqurasiya formalaşmağa gedir. Sadəcə, islahatlar güclənəndə xaricdəkilər fəallaşırlar, dövriyyədə qalmağa çalışırlar. Üstəgəl, onların bu fəaliyyətində korrupsiya elementləri var. Adların siyahıya salınmasının neçəyə başa gəldiyini bilirik".
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR