“Yerlərdə “maaş kart”larının icra başçıları tərəfindən mənimsənilməsi çox ağrıdıcı haldır"

15-05-2020, 18:22 189 dəfə baxılıb

Milli Məclisin deputatı Nəsib Məhəməliyevin Pravda.az-a müsahibəsi :

- Nəsib müəllim, Azərbaycanda son zamanlar həyata keçirilən korrupsiya və rüşvətxorluqla mübarizə tədbirlərini necə qiymətləndirirsiniz?

- Bu addımları müsbət qiymətləndirirəm. 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərindən sonra Prezident İlham Əliyev islahatlar kursunu bəyan etdi. Dövlət başçısı bildirdi ki, cəmiyyətin bütün sahələrini əhatə edən dərin, geniş miqyaslı islahatlar aparılacaq və görülən işlər bunun təsdiqidir. İslahatlar hakimiyyətin hər üç qolunu əhatə etməklə yanaşı, islahatlara maneçilik törədən, ciddi qanun pozuntularına yol verən vəzifəli şəxslər məsuliyyətə cəlb edilirlər. Dövlət Təhlükəsizliyi Xidməti son 6 ayda bir neçə əməliyyat keçirib, əməliyyat nəticəsində 5 rayonun icra başçısı, o cümlədən Mədədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək əməlllərinə hüquqi qiymət verilir. Prezident İlham Əliyev mərkəzi və yerli icra orqanlarına rəhbər kadrları təyin edərkən ictimaiyyət qarşısında tapşırıq və tövsiyələrini verərkən neqativ proseslərdən uzaq olmağı, xalqa və dövlətə sədaqətlə xidmət etməyi tapşırır. Cəmiyyət islahatlar, şəffaflıq tələb edir və Cənab Prezidentin də tapşırıqlarının kökündə bu prinsip durur. Çox təəssüflər ki, bəzi icra başçıları, digər vəzifəli şəxslər bundan nəticə çıxarmadılar, tapşırıqları ciddi qəbul etmədilər, nəticəsi də ağrılı oldu. Koronavirus pandemiyası ilə dünya ölkələri mübarizə aparır, karantin rejimi tətbiq edilib, insanlar evdə qalmağa üstünlük verirlər. Azərbaycanda da həmçinin. Belə olan halda, bəzi vəzifəli şəxslərin, belə bir həssas məqamda dövlətin ayırdığı yardıma göz dikməsi, onun nə qədər qeyri-insani keyfiyyətlərə malik olduğunu göstərir. Yerlərdə “maaş kart”larının icra başçıları tərəfindən mənimsənilməsi çox ağrıdıcı haldır.

- Bəs vəzifəli şəxslər niyə nəticə çıxarmırlar?

- Tamahlarına sahib çıxa bilmirlər. Tamah, əxlaq, dünya görüşü məsələsidir. Tamahı idarə edə bilməmək xəstəlikdir, ona görə də nəticə çıxara bilmirlər. Bir qayda olaraq, sistemli şəkildə cinayət törədən məmurlar, kimlərəsə arxayın olan, yuxarılan qarşısında müti, özündən aşağıdakılara isə ağalıq edərək, həyatlarını zəhərləyənlərdir. Hesab edirəm ki, həmin insanlar psixoloji xəstədir və vəzifədən zamanında kənarlaşdırılmalı, məsuliyyətə cəlb edilməlidirlər. Belə şəxslərin əməllərinə hüquqi qiymət verilməzsə, başqaları dərs götürməzlər. Qanun pozuntusu varsa, cəzası da olmalıdır.

Bilirsiniz, reallıq bundan ibarətdir ki, təkcə icra başçıları və yaxud digər məmurlar yox, bütövlükdə insanlarımızın həyata baxışları, ətraf mühitə münasibəti dəyişməlidir.Hər addımda qanunlara riayət etməyi öyrənməliyik. Cəmiyyətin mənəvi saflaşmasına xidmət edən hərəkətlər təbliğ olunmalı, vicdanlılıq, mənəviyyat, sosial ədalət, obyektivlik əsas meyar olmalıdır. Azərbaycanda ölkə Başçısının yaratdığı “ASAN xidmət”in timsalında gözəl nümunə var. Bütün dövlət strukturları ondan nümunə götürsə işin xeyrinə olar.

- Siz 2000-ci ildən 2006-cı ilədək Balakən Rayon İcra Hakimiyyətinin, 2006-cı ildən 2015-ci ilədək isə Bakının şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olmusunuz. İşinizi necə qururdunuz?

- Hər şey insanın özündən asılıdır. Öz fəaliyyətimlə bağlı danışmağım düzgün olmaz, təvazökarlıqdan uzaq olar. Yaxşı olar ki, icra başçısı olduğum rayonların sakinləri buna qiymət versinlər. Hər zaman çalışmışam ki, mənim fəaliyyətimə görə vətəndaşlar dövlətdən razı qalsınlar. Tabeçiliyimdə olan əməkdaşlardan sakinlərlə münasibətdə maksimum mədəni davranmağı, şikayətlərı və müraciətlərə ədalətli yanaşmağı tələb etmişəm. Tam məsuliyyətlə deyə bilərəm ki, statusumdan istifadə edərək kimsəni təhqir etməmişəm, kiminsə şəxsiyyətini alçaltmamışam. Haqlı tənqid, vəzifədən azad etmə və s. cəzlandırma halları olub. Ancaq təhqir, şantaj və s. şəxsiyyəti alçaldan hallar olmayıb. Həmişə çalışmışam ki, insanlar bir-birlərinə əsassız problemlər yaratmasınlar, aralarında gərginlik olmasın. Sosial ədalət prinsiplərini həmişə qorumuşam.

- Hazırda idarəçilik sistemində gənc kadrlara üstünlük verilir. Özlərini doğruldurlarmı?

- Onların fəaliyyətinə qiymət vermək, məncə, hələ tezdir. Fakt odur ki, həmin kadrlarla bağlı hər hansı neqativ məlumat almamışam. Onlardan təkcə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevi yaxşı tanıyıram. Uzun illər birlikdə işləmişik və məsuliyyətlə deyə bilərəm ki, yaxşı məktəb keçib, insanlarla davranış qabiliyyəti yüksəkdir və ölkə Başçısının etimadını doğruldacaq.

- Təklif edilir ki, ölkədə yerlərdəki icra hakimiyyəti institu ləğv edilsin. Bu təklifə münasibətiniz necədir?

- Strukturun bütövlükdə ləğv edilməsi düzgün olmaz. Ancaq struktur islahatlarının aparılması yaxşı plardı. Yerli icra hakimiyyətləri haqqında əsasnamə yenidən işlənməlidir. Çünki yerli və ayrı-ayrı mərkəzi icra hakimiyyəti orqanlarının əsasnamələrində ziddiyətlər var və indiki şəraitdə yerli icra hakimiyyətləri üçün nəzərdə tutulmuş səlahiyyətlərin icrası mümkün deyil. İcra başçısı siyasi rəhbər, Prezidentin ərazidəki nümayəndəsi olmaqla, konstitusion normaların, qanunların, dövlət başçısının fərman və sərəncamlarının yerlərdə icrasına nəzarət etməli, onun siyasətini həyata keçirməlidir. Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Maliyyə-təsərrüfat-kommunnal xarakterli sahələr bələdiyyələrin səlahiyyətinə verilməlidir. Bu istiqamətdə kadrların hazırlanmasına ciddi fikir vermək lazımdır. 2024-cü ilə qədər Azərbaycanda heç bir seçki keçirilməyəcəyini nəzərə alsaq, bu sahə üzrə güclü kadr potensialını formalaşdırmaq üçün kifayət qədər vaxt var.

- Nəsib müəllim, hazırda ölkədə koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi qaydaları tətbiq edilir. Bu prosesdən hansı formada çıxmağı təklif edirsiniz?

- Prezident İlham Əliyevin zamanında qəbul etdiyi qərarlar nəticəsində, demək olar ki, ölkəmiz birinci mərhələdən az itki ilə çıxdı və işlər davam etdirilir. Ancaq pandemiya davam edir. Hər kəs karantin rejiminin tələblərinə əməl etməli, münasibətlərdə sosial məsafəni qorumalı, gigiyenik qaydalara riayət etməlidir. Yoluxmaların sayı sıfıra endikdən sonra da bu qaydalara əməl etmək məsləhətdir.

- İnsanların bəziləri karantin rejiminin tələblərinə əməl etmirlər, ona görə də həmkarlarınız təklif edirlər ki, cəzalar sərtləşdirilsin...

- Düşünürəm ki, indiki halda cəzaların sərtləşdirilməsinə ehtiyac yoxdur, amma çox ciddi maarifləndirmə işləri həyata keçirilməlidir. Doğrudur, karantin rejimi yumşaldıldıqdan sonra insanlarda müəyyən arxayınlıq yarandı, mağazalarda, bank filiallarının qarşısında, avtobus dayanacaqlarında sıxlıq müşahidə olundu. İnsanlar heç bir şey olmamış kimi davranırlar. Bu, sadəcə, qeyri-ciddi münasibətdir. Vətəndaşlar özlərinin, yaxınlarının taleyinə səhlənkar yanaşmamalıdırlar. Qaydalara əməl edilmədikdə virusun yayılma arealı genişlənir. Bu, həm də dövlətə əlavə yük deməkdir.

- Cəmiyyətdə dövlətin verdiyi birdəfəlik ödəmə də müzakirə mövzusudur. Bəzi hallarda imkanlı şəxslərin də həmin yardımdan yararlanması narazılıq yaradıb. Baş verənlərə necə qiymət verirsiniz?

- Bu, mənəviyyat və vicdan məsələdir... Nə qədər doğru olduğunu bilmirəm, mətbuatdan oxuyuram, imkanlı, adına xeyli sayda mənzil olan şəxslər 190 manat almaq üçün müraciət edib. Bu, ilk növbədə günahdır. Etiraf edək ki, 600 min insanın birdəfəlik ödəmədən faydalanması sistemin mükəmməlliyindən xəbər verir. Çatışmazlıqlar, texniki xarakterli nöqsanlar ola bilər. 600 min insanın arasında 5-10 nəfər narazı və ya qərəzli insanın olması normaldır. Bilirsiniz ki, vergi ödəyicilərinə də dəstək verilir. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 253 983 işçini əhatə edən 26 721 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

- Koronavirus pandemiyasından sonra dünyanın düzənini necə təsəvvür edirsiniz?

- Münasibətlər korrektə ediləcək. Bu, həm dövlətlər, həm də insanlar arasındakı münasibətlərə təsir edəcək. Milli dövlət quruculuğu ön plana çıxacaq. Ölkələr çalışacaqlar ki, iqtisadiyyatlarını əsasən daxili bazarın tam təmin olunması istiqamətində inkişaf etdirsinlər. Yerli istehsal inkişaf etdiriləcək, ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetiriləcək. Müasir dünyada heç kim zəmanət verə bilməz ki, gələcəkdə koronavirusdan başqa, yeni bir virus meydana çıxmayacaq. Ətrafımızda olan ölkələr müxtəlif növ kimyəvi, bioloji, bakterioloji silahları sınaqdan keçirir və dünyada geosiyasi təsirlər uğrunda gərgin mübarizə gedir. Hər bir halda biz dövlət olaraq yeni qlobal çağırışlara hazır olmalıyıq.

- Bəzi insanlar da koronavirus pandemiyasının xüsusi layihə olduğunu iddia edirlər. Bildirilir ki, qlobal layihədir...

- Müxtəlif şayiələr gəzir. İddia edirlər ki, koronavirus pandemiyası böyük güclərin layihəsidir... Hər bir fikrin yaşamaq hüququ var. Faktdır ki, koronavirus pandemiyası yayılıb, dörd milyondan artıq insan yoluxub, xeyli sayda insan dünyasını dəyişib, dünya iqtisadiyyatına ciddi ziyan dəyib. Bunu kimsə inkar edə bilməz. Oyunun olub-olmaması başqa məsələdir. Biz bu xəstəliklə mübarizə aparırıq, çalışırıq ki, az itki ilə çıxaq.

- Belə çətin çətin vəziyyətdə Azərbaycanda iqtidar müxalifət münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanda iqtidar-müxalifət münasibətləri normaldır. Özünü “Milli Şura” adlandıran qurum və bir-iki radikal təşkilatdan başqa. Bunlar istisna olmaqla, cəmiyyətdə mütəşəkkillik var. İnsanlar bu çətin zamanda həmrəylik nümayiş etdirir. Xalq Prezident İlham Əliyevin apardığı siyasətə inanır və dəstəkləyir.

- Müxalifət nümayəndələrinin yüksək vəzifələrə təyin edilməsi təklifləri də irəli sürülür. Buna münasibətiniz necədir?

- Hesab edirəm ki, cəmiyyətdəki siyasi qüvvələr balansını cənab prezident dəqiq bilir və kadr məsələləri də bilavasitə onun səlahiyyətində olduğu üçün mənim hansısa məsləhət verməyim doğru olmaz. Ancaq kadr kadr islahatları davam etdirilməlidir. İctimai imici müsbət, savadlı, öz nümunəvi davranışları, mədəniyyəti ilə seçilmiş kadrlara üstünlük verilməlidir.

- Milli Məclisin tərkibi yenilənib, hətta rəhbərlikdə müxalifət nümayəndəsi də təmsil olunur. Seçicilər, bütövlükdə cəmiyyət bunu necə qiymətləndirir?

- Cəmiyyətin Milli Məclisin yeni tərkibinin fəaliyyətinə münasibəti normaldır. Təbii ki, heç bir ölkədə hər şey ideal ola bilməz, alternativ fikirlər də olmalıdır. Azərbaycan tarixində ilk dəfədir ki, Milli Məclisin rəhbərliyində müxalifət nümayəndəsi təmsil olunur. Bilirsiniz ki, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli Milli Məclisin sədr müavini seçilib. Bundan başqa, müxalifət nümayəndələri komitə və komissiya rəhbərliyində də təmsil olunurlar. Düşünürəm ki, xalq buna çox müsbət yanaşdı. Milli Məclisdə bu və digər islahatlar əhali tərəfindən müsbət qiymətləndirrilir. Gördüyünüz kimi, aktivlik kifayət qədərdir... Özüm hər gün seçicilərimlə əlaqə saxlayıram, problemləri varsa, kömək etməyə çalışıram. “Facebook” sosial şəbəkəsindəki hesabım açıqdır, ora təkcə Balakən rayonundan deyil, digər yerlərdən də yazırlar. Heç bir müraciəti cavabsız qoymuram. Biz əsasən imkansız təbəqəni nəzarətdə saxlayırıq.

- Nəsib müəllim, bəzi şəxslər etdikləri yardımları sosial şəbəkələrdə geniş reklam edirlər. Bunu da belə əsaslandırırlar ki, yardımlaşmanı təbliğ edirlər. Siz bunu necə qəbul edirsiniz?

- Hərənin özünün düşüncəsi var. Belə hesab edirəm ki, kiməsə yardım edirsənsə, bunu ictimaiyyətə xüsusi pafosla bəyan etmək doğru deyil. Yardım olunan insanların şəkillərini çəkməyi qəbul etmirəm. İnsanların qürurunu sındırmaq olmaz. Bir məsələni xüsusi qeyd etmək istərdim, yardım etmək deputatın vəzifəsi deyil. İslam əxlaqına görə yardım etmək bütün imkanlı insanların borcudur. Vacib deyil zəngin olasan, hər bir insan qazancının müəyyən hissəsini imkansız insanlar üçün xərcləməlisən. Belə olan halda cəmiyyətdə sosial ədalət prinsipləri bərqərar olur. Ramazan ayında fitrə-zəkat verəcəklər. İldə bir gün... Amma lazımdır ki, bu, gündəlik həyat tərzinə çevrilsin. Yardıma ehtiyacı olan insanlara imkan daxilində kömək etmək lazımdır.

- Son olaraq, Azərbaycanla İran arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi məsələsi ətrafında müzakirələrlə bağlı fikrinizi bilmək istərdik...

- İranla Azərbaycan arasında bağlanmış müqavilələrə əsasən həyata keçirilən kommunikasiyalar, ölkəmizin ərazi bütövlüyü çərçivəsində olmalıdır. Azərbaycanın İrana münasibətdə apardığı siyasət mehriban qonşuluq, daxili işlərə qarışmamaq, beynəlxalq birlik tərəfindən tətbiq olunan sanksiyalarda iştirak etməmək, İrana hücum etmək üçün heç bir üçüncü qüvvələrə platforma verməmək və s. prinsiplərinə əsaslanır. Əlavə olaraq, beynəlxalq müstəvidə hərtərəfli dəstək verməklə, müxtəlif zəlzələr zamanı, məsələn; bu yaxınlarda İranın ağır günlərində ölkəmiz onun yanında oldu, maddi yardımlar etdi və biz hər zaman öz qonşuluq öhdəliklərimizi yerinə yetiririk. Bir daha qeyd edirəm, bütün bunları doğru hesab etməklə, sadə azərbaycanlının da adekvat münasibət gözləməsi tam anlaşılandır. Amma təəssüf ki, əksər hallarda münasibət gözlədiyimiz kimi olmamış, əksinə, İran torpaqlarımızı işğalda saxlayaraq, beynəlxalq hüquq prinsiplərinə meydan oxuyan erməni separatçılarına hərtərəfli dəstək vermişdir. Qonşumuz bir çox hallarda olduğu kimi, burada da səmimi deyil. Bu yaxınlarda internet vasitəsilə nümayiş olunan, Dağlıq Qarabağ ərazisində hərəkət edən İrana məxsus maşın karvanı bunun sübutudur. . Dövlətimiz, əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə olduğu kimi üzərinə düşən vəzifələri icra etdiyi kimi, qonşularımız da Azərbaycan xalqı üçün həssas məsələlərdə diqqətli olmalıdır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR