“Erməni mətbuatı yazır ki, guya biz gələcəkdə bunu partizan hərəkatına çevirəcəyik”

19-05-2020, 19:21 323 dəfə baxılıb

Son günlər Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilib.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunmasından sonra fərqli fikirlər mövcuddur. Bunu dəstəkləyənlərlə yanaşı, qarşı çıxanlar da var.

Müsahibimiz Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Təşkilat Komitəsinin sədri, ermənişünas alim, Türkiyənin Ərciyəz Universitetinin azərbaycanlı professoru Qafar Çaxmaqlıdır.

“Ermənilər Qars müqaviləsinin ləğvini tələb edirlər”

-Qafar bəy, bir qrup ziyalı ilə birlikdə Qərbi Azərbaycan (İrəvan) Respublikası elan etmisiniz. Bu zərurət nədən yarandı, xüsusilə indi...

-Bu ideya başqa adlarla da olub, cəmiyyətdə həmişə var. 90-cı illərdən cəmiyyəti narahat edən məsələ idi ki, 250 min əhali yerindən-yurdundan olub, Azərbaycana, başqa yerlərə səpələnib. Hələ 1988-ci ildəki prosesləri deyirəm, əvvəlki illəri yox. Bunların bir haqqı, hüququ, gələcəkdə hansı durumda olmaları ilə bağlı cəmiyyətdə çox ciddi narahatçılıq var idi. Həmişə də bu ideyanı reallaşdırmaq üçün cəhdlər olmuşdu. Bir neçə dəfə cəhd olunub ki, Qərbi Azərbaycan hökuməti yaradılsın. Amma bir çox səbəblərdən bunu reallaşdırmaq mümkün olmamışdı.

Əslində, nədən bunun indi elan olunmasının xüsusi bir səbəbi yoxdur. Sadəcə olaraq, bu məsələ daim cəmiyyətdə diqqət mərkəzində olduğuna görə bir qrup ziyalı Azərbaycanda, Türkiyədə bunun müzakirəsini aparırdıq. Son zamanlar ermənilər daha da həyasızlaşıblar. Hətta Naxçıvana iddialarını ortaya qoyublar, “Gəncəbasar da bizimdir”,- deyirlər. Bu sahədə çox geniş də fəaliyyət göstərirlər. 1921-ci ildə bağlanan Qars müqaviləsinin ləğvi ilə bağlı indidən bir petisiya keçirməyə başlayıblar. Dünyanın hər yerinə yayıblar ki, bu müqavilə ləğv edilməlidir və bunun ləğvindən sonra Naxçıvan Ermənistana keçməlidir. Guya o müqavilədən əvvəl Naxçıvan Ermənistanın ərazisi olub. Dağlıq Qarabağla bağlı iddiaların da nə şəkildə olduğunu məlumdur. Dağlıq Qarabağ və ətraf rayonlar işğal altındadır. Yəni bizim Qərbi Azərbaycan (İrəvan) Respublikasını elan etməyimizin əsas səbəbi erməni təcavüzkarlığı, işğalı və Azərbaycan torpaqlarına iddiasıdır. Biz də düşünmüşük ki, əgər belə bir şey varsa, bunlar bunu etmək istəyirlərsə, Azərbaycan torpaqlarının içərisində qondarma bir rejim qurublarsa, niyə biz öz haqqımızı tələb etməyək? Bu ərazilərdə ermənilərin heç bir dövləti olmayıb. Amma bizim Qərbi Azərbaycan, indiki Ermənistan içərisində tarixən dövlətimiz olub. Bu da İrəvan Xanlığıdır. 1828-ci ildə İrəvan Rusiya tərəfindən işğal olunub və daha sonrakı mərhələlərdə İrəvana ermənilərin köçürülməsinə başlanılıb.

“Dövlətin müdafiə qabiliyyətli olması üçün tədbirlər görüləcək”

-Bu ideya bizə niyə lazımdı?

-Artıq bu ideya deyil, reallıqdır. Çünki artıq reallaşdırma aşamasına keçmişik. Bu bizə ilk növbədə ona görə lazımdır ki, öz tarixi ərazilərimizə qayıtmaq fikrini həmişə cəmiyyətin içərisində ayaqda tutaq. Biz bunu hər zaman diqqət saxlamalıyıq ki, bu ərazilər bizim tarixi torpaqlarımızdır, burada yaşamışıq və istənilən vaxt o ərazilərə dönmə haqqını əlimizdə saxlamalıyıq. Bunu hökumət qurmaqla həm də hüquqi cəhətdən əsaslandırmaq istəyəcəyik. Yəni hüquqi əsasları da hazırlayacağıq ki, bu, bizim ərazimizdir. Digər tərəfdən ermənilərin Azərbaycan torpaqlarına və Türkiyənin Şərqi Anadolu ərazilərinə iddialarına qarşı daha sərt, hüquqi və anlaşıqlı, anlamlı ideya ortaya qoyuruq ki, əgər sən bu ərazilərə iddia edirsənsə, biz də öz tarixi ərazilərimizə iddia edirik. Bu ideyanın gerçəkləşdirmək istəyinin başqa aspektləri də var. Bölgədəki geosiyasi durum, dünyada gedən proseslər, insan haqları ilə bağlı məsələlər hamısı bizim elan etdiyimiz respublikanı dünyanın gündəminə çıxardacaq. Dünyanın gündəminə bu bölgəyə iddiamızla və ora dönmək haqqımızla çıxacağıq. Erməni mətbuatı yazır ki, guya biz gələcəkdə bunu partizan hərəkatına çevirəcəyik. Bizim belə bir iddiamız yoxdur. Şübhəsiz ki, bu dövlətin gələcəkdə strukturları da formalaşacaq. Bu strukturların içərisində təbii ki, başqa məsələlərlə bağlı da dövlətin müdafiə qabiliyyətli olması üçün tədbirlər görüləcəkdir.

“Müasir dünyamızda bu normaya əməl edən yoxdur”

-Nəzərə alsaq ki, sərhədlərin dəyişməməsi prinsipi var və ölkələr mövcud sərhədlər çərçivəsində dünya birliyi tərəfindən tanınır. Belə olan halda, bu proses beynəlxalq müstəvidə necə qarşılanacaq?

-Bu beynəlxalq norma əslində, hamının əməl etməsinə dəlalət edir. Amma indi müasir dünyamızda buna əməl edən yoxdur. Həmişə güclü olan istədiyi şeyi diktə edə bilir. Mövcud sərhədlərin dəyişməməsi üçün müəyyən normalara əməl olunur. Amma yenə də düşünürük ki, bu normaya dünyanın müxtəlif yerlərində əməl olunmursa, fərqli-fərqli yerlərdə, Avropanın özündə dəyişmələr olubsa, ola bilər ki, bu norma yenə dəyişsin və dünyanın yenidən şəkillənməsi məsələsi ortaya çıxsın. Yaxın Şərqdə artıq yenidən şəkillənmə məsələsi var, Suriyanın 4 yerə bölünməsi müzakirə olunur. Hətta ən yüksək səviyyədə, Rusiya, ABŞ və digər ölkələrin dövlət başçıları səviyyəsində dəfələrlə bu məsələ müzakirə olunub. Yəni bu elə məsələ deyil ki, çəpər çəkilsin və dayandırılsın. Ola bilər ki, gələcəkdə bu norma dəyişsin. Biz də əslində, beynəlxalq normalara əməl edirik, kənara çıxmırıq. Amma iddialarımızı da ortaya qoyuruq. Demirik ki, sabah gedib Ermənistanı işğal edəcəyik. Bizim əhalinin Göyçədə, Zəngəzurda və digər yerlərdə yaşama haqqını Ermənistan tanımalıdır. Əgər biz Dağlıq Qarabağda ermənilərə müəyyən yaşama haqqı veririksə, onlara struktur kimi ermənilərin öz müqəddəratını həll etmək haqqını tanıyırıqsa, onlar da bizə bu haqqı tanımalıdırlar. Köçürülmüş, sürgün olunmuş xalqlarla bağlı belə, praktikalar var. Axıska türklərinin Gürcüstana qayıtması məsələləri var ki, Gürcüstan Avropa Şurasına qəbul olarkən bunu qəbul edib. Krım tatarlarının Krıma dönmə məsələsi var. Bizim də haqqımız tanınmalıdır ki, öz vətənimizə dönə bilək.

-Bu günə qədər də Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ilə bağlı 5-6 cəhd olunub. Amma hamısı iflasa uğrayıb. Bu dəfə fərq nə olacaq və nələr planlaşdırısınız ki, proses əvvəlkilərdən fərqli nəticə olsun?

-Əvvəl buna cəhd olunub, amma sonra bunun nə strukturu formalaşdı, nə təşkilat komitəsi vardı, nə Müvəqqəti Millət Şurası vardı. Bizdə çox ciddi strukturlaşma gedir. Müəyyən planlar var. Əvvəlki cəhdlərdə bu yalnız bir qəzet yazısı kimi getmişdi, ya da bir müsahibə ilə bildirilmişdi. Amma bu dəfə bizim elanımız bir hərəkata çevrildi. Dünyanın ən müxtəlif, ucqar yerlərindən bizə dəstək mesajları gəlir. Bu hökumətin qurulmasında iştirak etmək istəyən şəxslərin sayı olduqca çoxdur. Hətta 1919-cu ildə Qərbi Ermənistan adında bir oluşum da elan ediblər. Daha sonrakı mərhələlərdə çox ciddi fəaliyyəti olmasa da, amma Ermənistan müstəqillik əldə edəndən sonra bu məsələni çox ciddi şəkildə ortaya qoydular. Çünki Ermənistan dövləti Türkiyənin ərazilərinə iddia irəli sürmüşdü, Konstitutsiya Aktında Türkiyənin 6 vilayətinin Ermənistana aid olduğu bildirilmişdi. Sonrakı mərhələdə işğal altında olan bizim Şuşada ermənilər Qərbi Ermənistan hökumətini elan etmişdilər. Sonra da qurultay keçirib məclislərini seçiblər. 2018-ci ildə isə bu qondarma qurumun hökuməti oluşdurulub, baş naziri, prezidenti var.

“Bunun elan edilməsi virtual aləmdə olub”

-Niyə bunu Azərbaycanda deyil, xaricdə elan etdiniz? Məqsəd nədir?

-Xaricdə elan etmək məsələsi yoxdur. İndi "Zoom proqramı" var, onun vasitəsilə prezidentlər belə videokonfras keçirir. Sadəcə olaraq, mən Türkiyədəyəm, burada bizim başqa Məclis üzvlərimiz var. Bir çoxları da Azərbaycandadır. Bunu sadəcə olaraq, videokonfransa keçirdiyimizə və təşəbbüs qrupunun sədri olaraq Türkiyədə olduğuma görə belə alqılanıb ki, Türkiyədə elan olunub. Bunun elan olunması Türkiyədə bir məkanda baş verməyib, virtual aləmdə olub.

-Qərbi Azərbaycan (İrəvan) Respublikası hökumətinin elan edilməsi Qarabağ danışıqlarında Ermənistana təzyiq rıçaqı kimi istifadə oluna bilər?

-O danışıqlar predmetindən asılı olacaq. Danışıqlar prosesinin müəyyən bir mərhələsinə bizim bu respublikanın Azərbaycanın əlini gücləndirmək üçün bir vasitə olacağına inanıram. Çünki qarşı tərəf bunları tələb edirsə, biz də Ermənistanda qalan ərazilərimizi tələb edə bilərik. Bu da bizim dövlətin siyasətinə uyğundur. Dəfələrlə bizim dövlət başçımız İlham Əliyev vurğulayıb ki, biz İrəvana, Zəngəzura, Göyçəyə qayıdacağıq və burada yaşayacağıq. Biz də dövlətin siyasətinə uyğun hərəkət edəcəyik.

-Ermənistandan qaçqın düşmüş soydaşlarımızın pasport məsələsi də beynəlxalq təşkilatların müzakirəsinə çıxarılmalıdırmı və ya çıxarılacaqmı?

-Bəli. 1990-cı illərdə Azərbaycan müstəqil əldə etdikdən sonra pasportlaşma işinin aparılmasında çox böyük yanlışlığa yol vermişik. Ermənistandan gələn əhalinin Azərbaycan vətəndaşlığına alınması yanlış idi. Biz bunu etməməliydik. İndi biz beynəlxalq təşkilatlara müraciət edəndə deyirlər ki, Ermənistan vətəndaşı olan əhali yoxdur. Amma biz bu yanlışı düzəltmək üçün respublikanın müəyyən qərarlarını verəcəyik. Paspotlaşma işində Qaçqınlar Cəmiyyətində müəyyən sənədlər var ki, onları qaldıracağıq.

“Fərqli fikirlərə normal baxıram”

-Qərbi Azərbaycan (İrəvan) Respublikası ideyasına ciddi yanaşmayanlar da var. Məsələn, deputat Aqil Abbas, deputat Əziz Ələkbərli respublikanın elan olunmasından razı qalmayıblar. Sizcə onların arqumentləri əsaslıdırmı?

-Aqil Abbas mənim çox qədim dostlarımdan biridir. İnsanlarda ayrı-ayrı fikirlər ola bilər. Aqil Abbas demişdi ki, belə bir şey mümkün deyil və sairə, buna şübhə gətirmişdi. Mən yazandan sonra yenidən müsahibə verib və bu prosesi təqdir etməyə başlayıb. Bu məni sevindirdi. Hətta deyirdi ki, Qərbi Azərbaycan (İrəvan) Respublikasının platformasını da çap edəcəm. Fərqli fikirlərin olması çox normaldır. Əziz Ələkbərlinin də fərqli fikirləri ola bilər. Amma bunu münaqişə həddinə gətirib çıxarmaq bizim işimizə zərər verər deyə, özüm də özümə söz verirəm ki, bu məsələlərə çox da ciddi təpki göstərməyəcəm.

“Azərbaycanda arzuladığım işi Türkiyədə reallaşdırdım”

-Siz erməni dili üzrə mütəxəssissiz. Tariximizin müəyyən bir dövrünə aid mənbələr, sənədlər bizə erməni dilində gəlib çatıb. Erməni dilində mütəxəssislərimizin olması çox vacibdir. Azərbaycanda erməni dilinin öyrnilməsi, bu dili bilən mütəxəssislərin hazırlanması işi qənaətbəxşdirmi?

-Məncə qənaətbəxş deyil. Mən Bakı Dövlət Universitetində çalışarkən orada bir Erməni Araşdırmaları Mərkəzi elan etdik. Orada erməni dili kafedrasının yaradılması tərəfdarı idim. Burada sırf həmin dili öyrənən bir kafedra istəyirdim. Necə ki, Şərqşünaslıq fakültəsi var və ayrı-ayrı dillərdə mütəxəssis hazırlayır. Amma bunu edə bilmədik. Daha sonra da məni Türkiyəyə dəvət etdilər və Azərbaycanda arzuladığım məsələni burada təklif etdikləri üçün bura gəldim. Türkiyədə həm mərkəz quruldu, həm də erməni dilini bilən mütəxəssislərin hazırlanması üçün kafedra yaraıdıldı. Bura, hətta Azərbaycandan da bir neçə müəllim dəvət etdik. Burada bunu edirik. Azərbaycanda da istərdim ki, belə bir qurum olsun. Şübhəsiz ki, Azərbaycanda erməni dilini bilən mütəxəssislər var, onlardan yararlanmaq lazımdır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR