Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...

24-05-2020, 17:03 230 dəfə baxılıb

Millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcək...


“Şuşa andiçməsi” və Nitsşenin sürüsü...

“Yaxınlıqda otlayan sürüyə baxın: sürü dünən nə olduğunu, bu gün nə olduğunu bilmir, gəzir, ot çeyniyir, dincəlir, gövşəyir, yenidən gəzir və beləcə səhərdən axşamadək, hər gün, bir anın sevincinə və iztirablarına sıx bağlı olur və buna görə də nə hüznü, nə də doymağı bilmir. Bu mənzərə insan üçün çox üzücüdür, çünki o, heyvan qarşısında insan olduğuna görə qürur duyur və eyni zamanda qısqanc bir baxışla onun xoşbəxtliyinə baxır - çünki o xoşbəxtlik yalnız heyvana məxsusdur. Adam bəlkə də heyvandan soruşmaq istəyir: "Niyə sən mənə xoşbəxtliyin barədə bir şey söyləmirsən, ancaq üzümə baxırsan?". Heyvan cavab vermək və söyləmək istər: "Bu, ona görə belədir ki, demək istədiyimi dərhal unuduram"- deyir, amma sonra bu cavabı unudur və səssiz olur ki, bu da insanı çox təəccübləndirir. Amma insan özü-özünü də təəccübləndirir. Ona görə ki, o unutmağı öyrənə bilmir və əbədi olaraq keçmişə buxovlanıb; o nə qədər uzağa və nə qədər sürətlə qaçsa da, keçmiş zəncir olub onunla birgə qaçır”.

Oxuduğnuz bu sətirlər Fridirix Nitseşenin ”Tarixin insana xeyri və zərəri” əsərindəndir. İnsanın unutmamaq kimi bir hissə malik olması bəzən ona əzab verir. İnsanın həyatında bəzən xəcalətli, əzabverici, şəxsiyyəti alçaldan hərəkət və hadisələr olur ki, onu bütün ömrü boyu müşayət edir və rahatlıq vermir. Əgər unudulması mümkün olmayan əzabverici hadisə bir fərdə bağlıdırsa, o rüsvayçılığın ömrü o şəxsin dünyaya göz yumacağına qədərdir. Yox, əgər bu xəcalət, bu alçaldıcı hadisə, rüsvayçılıq bütöv millətin tarixinə yazılıbsa, o zaman bu əzab, xəcalət millətin ya əbədi olaraq bütün nəsillərinnin yaddaşına Nitsşenin dediyi kimi zəncirlə bağlanıb onu daim müşayət edəcək, ya da millət özündə qeyrət, şərəf tapıb bu alçaldıcı tarixə son verəcəkdir.

“Şuşa andiçməsi” bitdi. Mahiyyətə bir qədər uzaqdan başlamamın səbəbi var. Yəqin sizlər də söhbət zamanı tez-tez:“ biz unutqan millətik” ifadəsini zaman-zaman eşidirsiniz. Bu giley, yaddaşdan çox, tarixin dərslərindən nəticə çıxarmamağımız haqqındadır. 21 may 2020 –ci il “ Şuşa andiçməsi” tarixə bu adla düşdü. Yəni, mərasim bitdi, amma düşmənin tarixinə qızıl həriflərlə yazılan bu andiçmə, bizim tariximizə qara ləkə kimi düşdü və Şuşa azad edilənədək bu ləkə millətin yaddaşına zəncirlənəcək . Ondan qaçmaq istəyəcəyik, qaça bilməyəcəyik, çünki Allah insan övladına unutmamaq kimi bir hiss verib. Bilirsiniz kimlər unutmaycaq? Düşmənin Şuşada andiçmə keçirməsi xəbəri məlum olan andan, bunu millətinin, dövlətinin, şəxsən özünün qüruruna, şərəfinə, ləyaqətinə vurulan tərs şillə olduğunu hiss edənlər, bu rüsvayçılığı qəbul etməyənlər. Və bu hissi yaşayanlar gördülər ki, əksəriyyət bu hadisəyə tam biganədir, fərqində deyil . Bu adamlar on milyonluq ölkənin heç bir faizini də təşkil etmir. Bu, çox acı həqiqətdir və bu təsadüfi deyil. Bu, bir nəticədir. İllərdir Azərbaycan insanını azadfikirlilikdən və müstəqillikdən tamamilə məhrum edən stereotiplər sisteminin psixoloji cəhətdən onu idarə olunan bioloji robota ( Nitsşenin sürüsünə) çevirməyin nəticəsidir.

Bu ölkənin ziyalı adlanan hissəsi susdu, bu ölkənin titullu şəxsləri susdu.

Ölkədəki 57 siyasi partiya rəhbərlərinə: Qarabağ xanlığını yaradan, quran, qoruyan Pənahəli xan Cavanşir Sarıcalıya hörmət qoyub, niyə sərt bəyanatlar vermədiniz və bu işin üstünə dönə-dönə qayıtmırsınız?

Azərbaycan Yazıçılar Birliyinə: Qasım bəy Zakirin, Natəvanın, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin və neçə-neçə şuşalı yazıçı və şairin ruhu qarşısında bir məsuliyyət hiss edib, niyə düşmənə belə etiraz etmədiniz?

Azərbaycan Bəstəkarlar İttifaqına: Üzeyir bəyin, Niyazinin, Bülbülün, Soltan Hacıbəyovun, Fikrət Əmirovun, Rəşid Behbudovun və başqa dünya miqyaslı şuşalı sənətkarların xatirinə“Şuşa andiçməsi”nə etiraz olaraq niyə səsinizi ucaltmadınız? Şuşalı Əhməd bəy Ağaoğlu yazırdı ki, “ziyalı isti nəfəsi ilə soyuq kütləni isitməsə millət qaranlıqda boğulacaq”. Sizlərin bu soyuqluğunu görüb: “soyuq kütlə” kimdir sualını verməmək olmur. Siz andiçməni dayandıra bilməyəcəkdiniz, amma xalqda bir ümid yaranacaqdi ki, millət yalnız soyuq rəsmilərdən ibarət deyil.

Millət - “soyuq kütlə” dövlət, dövlətçilik kimi anlayışları bir o qədər yaxına buraxmır, baş verənlərə etiraz etmir, amma seyrçi də olasa vəziyyəti içində dəyərləndirir. Görür ki, rəsmilər boğazdan yuxarı danışırlar. Görür ki, rəsmi təbliğat “Şuşa andiçməsi”ni “şou” adlandırır, tez-tez “dırnaqarası” sözlərini işlədir və bunu dünya tanımır deyib özünə təsəlli verir və bəraət qazanmaq istəyir. Amma, vəziyyətə də soyuq reallıqla yanaşır və sual verir: 30 il də şou olar?; 4 dəfə prezident seçkiləri keçirənə bizim “dırnaqarası” sözümüz təsir edəcək?; günün birində dünya tanısa nə edəssən ki? İndi tanımır, heç nə edə bilmirsən, tanıyanda dünya ilə vuruşacaqsan? Bu, suallara cavab axtara-axtara soyuq kütlə qorxur: sabahından qorxur, müdafiəsiz olduğunu şüuraltı hiss edir, bu ölkənin hansı küncündə yaşamasından asılı olmayaraq onun təhlükəsizliyinə zəmanət verəcək heç nə görmür. Bu qorxunu daha çox elə rəsmi təbliğatı aparanlar hiss edir, axı onlar vəziyyətin necə olduğunu başqalarından daha yaxşı görür və soyuq kütlədən də çox vahimələnirlər. “ Şuşa andiçməsi” çox məsələləri çılpaqladı.

Sözardı: İmperatorların tacqoyma mərasimilərini nəzərə almasaq, dünya tarixində ilk andiçmə mərasimi 30 aprel 1789-cu ildə Nyu-Yorkda federal salonda olub. Həmin gün ABŞ-ın ilk prezidenti Corc Vaşinqton and içərək, cəmi 135 sözdən ibarət nitq söyləmiş və “Allah, mənə kömək ol” sözləri ilə nitqini bitirmişdir. “Şuşa andiçməsi”, ölkənin onsuz da acınacaqlı olan vəziyyətinin perspektivi adamı vahimələndirir və Corc Vaşinqton kimi ”Allah, bizə kömək ol” demək istəyir...

İlham İsmayıl


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR