"Mənə Bakıda, Azərbaycanın paytaxtında ermənilər tərəfindən təzyiqlər var idi..."

2-06-2020, 22:02 200 dəfə baxılıb

“...Sonra daha çox dərk etdim ki, Türkiyəsiz Azərbaycan yetim bir uşaq təsiri bağışlayır”

Hər gün erməni saytlarını açıb düşmənin nələr yazdığını bilmək, Ermənistan televiziyalarını izləmək, qələbə eyforiyasında olan düşmən ölkənin təbliğatına birbaşa şahidlik etmək...Təbii ki, təkcə bu deyil.

Həm müəllif yazıları, həm də müxtəlif media orqanlarındakı şərhlərlə erməni yalanlarını alt-üst etmək...Bu, onun gündəlik iş qrafikinə daxildir. Deyir uzun müddətdir bu fəaliyyətlə məşğul olsa da, ermənilərin Qarabağla bağlı iddialarını öz dillərindən dinləsə də, yenə də bu mənzərələr ona olduqca pis təsir edir. Doğulduğu Qərbi Azərbaycan əraziləri, doğma kəndi ilə bağlı həsrətini ovundurmağa macal tapmamış Qarabağ nisgili də yazıldı onun ürəyinə, hər birimiz kimi.

Həmsöhbətimiz ermənişünas alim, Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində pedaqoji fəaliyyətlə məşğul olan professor Qafar Çaxmaqlıdır. Tətildə olduğu üçün Bakıya gəldiyini eşidəndə onunla şəhərin sakit bir guşəsində söhbətləşmək istədik.

- Qafar bəy, avqustun 16-da 63 yaşınız tamam olur. Açığı, bu yaşı vermək olmur. Siz necə, özünüzü 63 yaşda hiss edirsinizmi?

- Diqqətinizə və təbrikinizə görə minnətdaram. 63 yaş “Peyğəmbər yaşı” sayılır. Keçmişdə bu yaşa çatanlar onu xüsusi qeyd edər, bu qədər “yetər” deyib bundan sonrakı ömrü qazanc hesab edərdilər. İnsanın nə qədər yaşaması da Allahın təqdiridir. Müəyyən sağlıq problemlərim olsa da, özüm də özümə o yaşı vermirəm, çünki millətə xidmət və yaradıcılıq mənasında əlimdə yarımçıq işlərim var, onlara isə illər və enerji lazımdır. Əslində insanın özünün özü qarşısında borcu olur. Bu borcu yerinə yetirmək öhdəliyi bir ayrı. Mənim belə bir öhdəliyim varmı? Deyə bilmərəm. Amma hər gün bilgisayar arxasına keçib müəyyən işləri görmək “xəstəliyim” var. Bu, daha çox peşəmizlə bağlıdır. Zənnimcə, o, hansı yaşda olur-olsun, məni tərk etməyəcək.

- Bilirik ki, Türkiyənin Ərciyəz Universitetində çalışırsınız. Bir çoxları yay tətilini Türkiyədə keçirməyə üstünlük verir, amma siz Azərbaycana gəldiniz. Doğum gününü Vətəndə keçirmək istədiniz, yoxsa başqa səbəb var?

- Doğum gününə xüsusi önəm verən adamlardan deyiləm. Məsələn, keçən il ad günümü Kiyev- Trutskavets qatarında qarşılamışdım. Ondan əvvəlki il Trabzon-Kayseri avtobusunda. Amma dostlarımla, ailəmlə keçirdiyim, hətta təmtəraqlı ad günlərim də olub. Mənim iş yerində rəsmi tətilim yay aylarına təsadüf etdiyindən həmişə onun çoxunu Bakıda keçirirəm. Qohum-əqrəba, dost-tanışla bir arada oluram... Bu da bir ehtiyacdır. Zatən digər aylarda Türkiyədəyəm. Dincəlmək, istirahət etmək anlayışım da bir az fərqlidir. Bəzən heç bir iş görməyən adamlar yekə - yekə özlərinə istirahət həftələri, günləri, ayları ayırırlar. Mən belələrinə deyirəm, “sən nə iş görüb yorulmusan ki, indi də dincəlirsən?” Doğum gününü vətəndə keçirməyin heç bir səbəbi yoxdur. Demək, burdayamsa, ailəmlə onu qeyd edəcəyik. Bu il Bakı əsl istirahət yeridir, hava da Kislovodsk havası... Avqust ayında yağış yağdı. Görünməmiş haldır. Hələ ki, o qovurucu istilər olmayıb.

“Bu günün pəncərəsindən, 63 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə daha çox kədərli günlər gəlir”

- Qafar bəy, Amasiyanın Çaxmaq kəndində anadan olmusunuz. Soyadınızda kəndinizin adını yaşadırsınız. Bəs Qərbi Azərbaycan, düşmən əlində qalan yurd yerləri ilə bağlı yaddaşınızda nələr qalıb?

- Kəndimiz 1988-də ermənilər tərəfindən işğal olunandan sonra özümə “Çaxmaqlı” təxəllüsünü götürdüm. Başqa bir məqsədim olmayıb, sırf kəndimizin adını yaşatmaq üçün bu addımı atmışam. Və bunu nə qədər doğru etdiyimi indi anlayıram. Bu günün pəncərəsindən, 63 yaşın uzaqlığından uşaqlığıma boylananda gözümün önünə nədənsə daha çox kədərli günlər gəlir. Ona görə ki, kəndimizi əbədi itirdiyimizdən orada keçirdiyimiz xoş günlərə belə qara bir kədər bürünür. Doğulduğum kənd Türkiyə sərhədində yerləşir. Hər gün pəncərələrimizdən Türkiyədən gələn hava ilə qidalanırdıq. Bu sözümü də qəribçiliyə salmayın. İnsana hər yerdə mənəvi qida lazımdır. Onu almasa, yaşaya bilməz. Mənim doğma Bakıda belə mənəvi qidaya ehtiyacım olur. Onu nə dərəcədə təmin edirəm, bu ayrı bir söhbətdir. İndi düşünürəm ki, biz Türkiyədən gələn ab-hava ilə nəfəs aldığımıza görə ayaqda dura bilirdik. “Bir gün gələcəklər, gəlib, bizi incidənlərin cəzasını verəcəklər”, - deyirdik, türkləri arxamız bilirdik. Elə də var əslində.

- Tale elə gətirdi ki, Türkiyədə çalışmalı oldunuz. Sizcə, Türkiyə Azərbaycan üçün nə deməkdir?

- Orada işləyəndən sonra daha çox dərk etdim ki, Türkiyəsiz Azərbaycan yetim bir uşaq təsiri bağışlayır. O vaxtlarda belə hisslərlə yaşayırdıq ki, sanki bədənimizin bir hissəsi orada qalmışdı... İnanın, bu həqiqətən də belə idi. Ata nəslimizin, demək olar, hamısı orada qalmışdı. Bizimkilər bir zamanlar orada yaşamışdılar. Sərhədin o tayında daha bir Çaxmaq kəndinin olduğunu bilirdik. Amma burada kimlər yaşayır, bizimkilərdən kim var, kim yox, bizim kəndə bənzəri varmı, yoxmu - bunlardan xəbərsiz idik. Digər bir həsrətli kənd anamın kəndi idi - İbiş... Anamın anası - Bahar nənəm Türkiyədəki Köhnə İbiş dediyimiz kənddən bu kəndə ərə gəlmişdi. O vaxtlar sərhədlər açıq imiş. Türkiyə ilə SSRİ arasında sərhədlər çəkiləndə bir İbiş bu tərəfdə, o biri İbiş isə digər tərəfdə qalmışdı. Qardaşı bacıdan ayırmışdı bu sərhəd. Demək, nənəmin qardaşları o tərəfdə qalmışdı, nənəmsə bu tərəfdə. Bir - birini görə bilmirsən, gedə bilmirsən, gələ bilmirsən - doğmalarını əbədiyyən əbədi itirirsən. İnsan üçün bundan böyük faciə varmı?!

- Kəndinizdə olanda necə, Türkiyə həsrətiniz var idimi?

- Kənddə ikən o tərəfin həsrətini çox çəkirdik. İndi adiləşib. Türkiyə ilə sərhəddəki tikanlı məftillərin içəri tərəfində bir “neytral zona” vardı - tikanlı məftillərlə əhatəli idi, bizi oradan ayıran “ala ağaca” - sərhəd boyu yerə basdırılan dirəklərə belə deyirdik - qədər, yəni bir az içərilərə kəndimizin camaatını yalnız xüsusi “propusk”larla buraxırdılar. Oralar bizim kəndin kolxozuna aid olduğundan əkin - biçin vaxtı bizimkilər bu neytral deyilən zonaya işləməyə, daha çox ot biçməyə, yığıb gətirməyə gedirdilər. Bir də buraya yenə xüsusi “propusk”la kəndin mal-qoyununu otarmağa aparırdıq. Sərhəddə əsgərlər bizi ən yaxın yerə buraxmasalar da, bəzən burada türkiyəliləri, yəni bizim o taydakı qohumları görürdük. Amma onları tanımırdıq. Daha bir faciə də bu idi. O tərəfə boylanmaq belə yasaq idi. Üzünü başqa bir tərəfə tutub qorxa-qorxa bəzi şeyləri soruşanlar olurdu. O gün kənddə elə bil bir bayram yaşanırdı. Hamı bir yerə toplanıb, o tərəfdən bizə fırladılan kəlmələri müzakirə edirdi. Müzakirələr aylarla sürürdü. Türkiyədə ən yaxın adamları olan adamlar göz yaşı axıdırdılar. Çox böyük həsrət yaşanırdı bizim kəndimizdə. 1999-da mənim bir kitabım çıxdı. Adını “Qars adlı Vətən” qoydum. Bu, bir həsrət öyküsüydü. Həm də təkcə mənim hisslərimdən ibarət deyil, bütün həsrət çəkən insanlar üçündü.

- Bir az da jurnalistikadan danışaq. Siz 1975-80-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışınız. Həmin ilin noyabrından ermənicə “Kommunist” qəzetində müxbir kimi fəaliyyətə başlamısınız. Bu qəzet Ermənistanda nəşr olunurdu, yoxsa Bakıda? Ümumiyyətlə, jurnalistika fəaliyyətinə ermənicə başlamaq sizin üçün nə demək idi? Hansısa təzyiqlər hiss edirdinizmi?

- Jurnalistika fakültəsinə yüksək qiymətlərlə girmişəm. Bizim fakültə məzunlarına təyinat vermirdi. Kim harda iş tapdı, tapdı. Ermənicə danışıq dilini bilməyim və orta məktəbdə ermənicə dərs keçməyimlə əlaqədar olaraq ermənicə bir qədər hazırlığım vardı və o zaman “Azərbaycan ” və “Ulduz ” jurnalları üçün bəzi tərcümələr də edirdim. Yox, o qəzet Ermənistanda deyildi, Bakıda çıxırdı. O vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üç orqanı vardı: “Kommunist” (azərbaycanca) “Kommunist”(ermənicə) və “ Bakinskiy raboçiy”(rusca). Ermənistanda azərbaycanca analoji mətbuat orqanı “Sovet Ermənistanı” idi. Fakültədə dekanımız rəhmətlik Tofiq Rüstəmovun məni ermənicə “Kommunist” qəzetinə işləməyə göndərmək təklifinə çox da yaxşı baxmadım və o dövrün şərtləri çərçivəsində bunu qəbul etməkdən başqa çarəm də yox idi. Çünki təyinat yox, indiki kimi qəzet-jurnallar da az idi. Ermənilər məni işə götürmək istəmirdilər, çünki qəzetdə hansı yazıların, Azərbaycanın əleyhinə hansı fəaliyyətlərin olduğundan xəbərdar olacağımdan ehtiyat edirdilər. Qəzetdə yaradıcı işçi olaraq tək azərbaycanlı olmağım onları çəkindirirdi. Əlbəttə, mənə Bakıda, Azərbaycanın paytaxtında ermənilər tərəfindən təzyiqlər var idi. Amma onları dəf etmək və bəzi erməni şovinistlərini ifşa etmək qərarlılığım da olmuşdur. Mənim oraya işə girməyimdə Mərkəzi Komitənin ideologiya katibliyi maraqlı idi. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu bilən və buna çalışan yoldaşlar vardı. Bu qəzetdə mən düz 9 il, 1989-da o qəzet bağlanana qədər işlədim. 1990-dan başlayaraq yeni dövr jurnalistikasında öz sözümü deməyə başlamışam. Ermənistanda doğulmağım, ermənicə bir qəzetdə çalışmağım, şübhəsiz, ermənilərlə bağlı olan hər şeyə maraq oyadırdı və onların xalqımıza qarşı nə dərəcədə düşməncə davranışlarını bilirdim. Bunları yeni dövr jurnalistikasında reallaşdırmaq imkanlarım oldu. “Millət”, “Vətəndaş”, “Avrasiya” və b. kimi qəzetlərinin baş redaktoru olmuşam. Gündəlik çıxan qəzet konveyerdir, o səni özünə bağlayır və başqa heç nə barədə düşünməyə qoymur Bu cəhətinə görə deyirlər ki, jurnalistlər ən az ömürlü peşə sahibləridir. Gələn il jurnalistika fakültəsini bitirməyimizin 40 illiyidir. Demək olar ki, hər gün yazmışam...

- Bəs necə oldu ki, elm sahəsinə gəldiniz?

- 2000-ci ildə Bakı Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi işə başladım. Elə burada “Erməni məsələsi” ilə bağlı tarixi həqiqətlərin aşkarlanmasında mətbuatın rolu" adlı dissertasiya yazdım və müdafiə etdim. Türkiyədə isə elmi fəaliyyətimə görə mənə professor elmi dərəcəsi verdilər.

- Bu gün çalışdığınız Türkiyə Universitetində ermənişünaslıq bölümünü yaratmısınız. Görünür ki, Türkiyədə bu sahəyə həssas münasibət var...

- Türkiyənin özündə də uzun illər ermənicə bilən mütəxəssis hazırlığı olmayıb. Bu işə barmaqarası baxıblar, ona ehtiyac olmadığını düşünüblər, onu kiçik məsələ hesab ediblər. 80-90-cı illərdən başlayaraq ASALA terroru boy göstərərkən, qondarma “erməni soyqırımı” dünyanın gündəminə daşınarkən və bununla bağlı Türkiyənin özünə təhdidlər ciddiləşəndən sonra “erməni məsələsi ” ciddi şəkildə araşdırılmağa başladı. Bu, yaxşıdır ki, Türkiyə bu işi alverə çevirmək və onu Türkiyəyə qarşı istifadə etməyə çalışanlara imkan vermədi. “Erməni məsələsi ” ilə bağlı elə bir mövzu yoxdur ki, Türkiyənin tarixçiləri ondan yan keçsinlər. Əskik qalan ermənicə qaynaqlardan istifadə edərək bunları ortaya qoymaq idi, onu da etməkdə dövlət qərarlı addımlar atır. Bu addımlardan biri Erciyes Universitetində strateji mərkəzin yaradılması və ermənicə bölümün açılması idi. Onu qurmaq xoşbəxtliyi 2010-cu ildə mənə nəsib oldu.

- Bəs Azərbaycanda necə, ermənişünaslıq ixtisasına ehtiyacın olduğu qənaətindəsinizmi? Qayıdıb burda çalışmaq istəməzdinizmi?

Davamı var... (musavat.com)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR