"”Human Rights Watch" qərəzli mövqeyindən əl çəkmir" -

21-08-2020, 14:57 363 dəfə baxılıb

“Human Rights Watch” 2020-ci il iyulun 14-də Bakıda keçirilən icazəsiz yürüş mitinqdən sonra baş verənlərlə bağlı bəyanat yayıb. “Turan” agentliyinin məlumatına görə, bəyanatda deyilir ki, bu aksiyadan sonra Azərbaycanda çox sayda müxalifət fəalı və lideri əsassız cinayət ittihamları ilə həbs edilib.

Bəyanatda qeyd edilir ki, iyulun 14-də axşam saatlarında etiraz aksiyası iştirakçılarından kiçik bir qrup qısa müddətə parlament binasına daxil olub və polis tərəfindən saxlanılana qədər əmlaka ziyan vurub. Hakimiyyət bunun siyasi müxalifətin hökuməti zorla devirmək cəhdi olduğunu bəyan edib və sonrakı günlərdə onlarla fəalı həbs edib.

“Human Rights Watch”un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya bildirib ki, Azərbaycanda son həbs dalğası yaxşı sınaqdan çıxarılmış siyasi motivli həbslər və məhkəmə təqibləri sxeminin ardınca gəlir və ölkənin ən qədim müxalifət partiyalarından birini məhv etmək təhlükəsi daşıyır.

Bəyanatda “ədalətsiz həbs edilmiş şəxslər”i azad etməyə, hüquq-mühafizə orqanlarının əməllərini araşdırmağa, Avropa Şurası və digər beynəlxalq təşkilatlar isə bunun üçün Bakıya təsir etməyə çağırılıb.

“Human Rights Watch”dan verilən bəyanata hakim Yeni Azərbaycan Partiyasından və hüquq müdafiəçisi tərəfindən reaksiya verilib. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, “Human Rights Watch” təşkilatının uzun illərdir Azərbaycana qarşı qərəzli mövqedə olduğu hər kəsə məlumdur. Bu təşkilatın Azərbaycanla bağlı daim qərəzli mövqedə olması səbəbindən artıq Azərbaycanda onun verdiyi hər hansı bəyanat və açıqlamaya əhəmiyyət belə verilmir: “Azərbaycanda demokratik proseslərin, yeni siyasi konfiqurasiyanın formalaşdığı, iqtidarla müxalifət partiyaları arasında ardıcıl görüşlər, müzakirələr getdiyi, çox yaxşı bir siyasi ortam yarandığı bir vaxtda da ”Human Rights Watch" qərəzli mövqeyindən əl çəkmir. Bu bədnam təşkilat Azərbaycanda heç bir müsbət işi, heç bir inkişafı görmək istəmir.Daim Bakıdan milli xəyanətkarların göndərdiyi saxta, əsassız rəylər və xaricdəki erməni lobbisinin sifarişi ilə ölkəmizə, hakimiyyətə qarşı qarayaxma ilə məşğul olur. 14 iyulda Bakıda orduya, Ali Baş Komandana dəstək aksiyaları keçirilib. Hətta bu yürüşə şərait yaradılması üçün şəxsən göstəriş verdiyini cənab prezident özü bəyan etdi. Həmin yürüşdə və dinc toplantıda heç kimə qarşı hökumət tərəfindən qanundankənar addım atılmayıb. Bu faktdır. Dinc mitinqin sonunda bir qrup şəxs qanunlara və aksiyanın mahiyyətinə zidd olaraq Milli Məclis binasına zorla daxil olublar. Bu addım qanunların pozulmasıdır və təbii ki, cinayət məsuliyyəti yaradır. Qanunu pozan, cinayətə yol verən hansı partiyanın üzvü olub-olmamasından asılı olmayaraq məsuliyyət daşıyır. Hüquq-mühafizə orqanlarının qanuna əsaslanan hüquqi addımlarına siyasi don geyindirmək, bunu guya hansısa siyasi təşkilata qarşı təzyiq kimi təqdim etmək isə qarayaxma və qərəzdən başqa bir şeydeyil".

Hüquq müafiəçisi Əhməd Şahidov isə bildirdi ki, adıçəkilən təşkilatın Azərbaycanda gedən proseslərə münasibəti həmişə mənfi olub. Adətən Azərbaycanda iqtidara düşmən münasibəti bəsləyən “hüquq müdafiəçiləri” və siyasətçilərin göndərdiyi “rəy”ləri “əsas” götürərək hesabatlar, bəyanatlar hazırlayıblar. Ona görə də Azərbaycan tərəfi haqlı olaraq bu cür bəyanatları qərəzli bəyanatlar adlandırır və qəbul etmir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR