“Qətərdən Sudanadək hər yerdə Türkiyə qoşunu varsa, qardaş Azərbaycanda niyə olmasın?!”

29-08-2020, 20:11 424 dəfə baxılıb

“Qətərdən Sudanadək hər yerdə Türkiyə qoşunu varsa, qardaş Azərbaycanda niyə olmasın?!”


Dünən Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib. Yüzlərlə həmvətənimiz Türkiyə ordusunun Azərbaycanda qalması ilə bağlı arzularını dilə gətirib. “Türk ordusu, qal! Türk ordusu, vur!” şüarlarını səsləndirən nümayişçilər Azərbaycanın xilas yolunun Türkiyə ilə daha sıx əməkdaşlıqda və hərbi müttəfiqlikdə olduğunu bəyan ediblər. Aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını qoşa dalğalandırıblar.

Nümayiş barədə “Sherg.az”a danışan politoloq Natiq Miri bu mitinqin çox təqdirəlayiq addım və mühüm siyasi hadisə olduğunu deyib:

“Bu, ayrı-ayrı qrupların yox, bütünlüklə Azərbaycan cəmiyyətinin dəstəklədiyi fikirdir. Türkiyə Azərbaycana həmişə xilaskar kimi gəlib. Yadınızdadırsa, təxminən bir əsr əvvəl, XX əsrin əvvəllərində türk qoşunları sayəsində Bakını bolşeviklərin və ermənilərin əlindən azad edə bilmişdik. Qardaşlarımız həmin vaxt olduğu kimi, yenə də yanımızdadırlar”.

N.Mirinin fikrincə, ölkəmizdə Türkiyə hərbi bazasının yaradılması vacibdir:

“On bir minlik türk ordusunun Azərbaycana gəlməsi təkcə düşmənlərə yox, bütün dünyaya mesaj idi. Rusiyanın narahatlığı da əbəs deyil. Düşünürəm ki, Türkiyə ordusunun Azərbaycanda qalması məsələsi yaxın zamanda həllini tapmalıdır. Qətərdən Sudanadək hər yerdə Türkiyə qoşunu varsa, qardaş Azərbaycanda niyə olmasın? Həm də bu, çətin deyil.

Sadəcə hərbi sazişə bir neçə müddəa əlavə edərək məsələni hüquqiləşdirmək mümkündür. Onu da deyim ki, əgər 10-15 il əvvəl Türkiyə belə bir addım üçün NATO-dan icazə almalı idisə, daha heç bir razılığa ehtiyac yoxdur.

Çünki Türkiyə regionda müstəqil geosiyasət yürüdür. Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ölkəmizin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də yaxın perspektivdə Dağlıq Qarabağın azad olunması deməkdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR