Ağacları kəsən şəxsləri döysünlər - DEPUTATDAN AÇIQLAMA

17-09-2020, 18:50 303 dəfə baxılıb

Bakıda və ətraf rayonlarda zaman-zaman ağacların məhv edilməsi faktlarına rast gəlinib. Belə hallar baş verərkən ağacları kəsən fiziki və hüquqi şəxslər ən yaxşı halda müəyyən cərimə ödəməklə canlarını qurtarıblar.
Ağacların kütləvi şəkildə məhv edilməsinə qarşı sadəcə cərimə tipli cəzaların olması vətəndaşlarda böyük narazılıq yaradır.
Belə bir fikir formalaşıb ki, sanki istənilən sahibkar müəyyən ərazidə tikinti aparmaq üçün cərimə ödəmək müqabilində istədiyi ağacı kəsə bilir. Mövcud vəziyyətdə ağacları kəsənlərə qarşı daha sərt tədbirlərin görülməsi doğru olmazmı? Buna münasibət öyrənmək üçün millət vəkillərinə müraciət etdik.
Deputat Aqil Abbas BAKU.WS-ə bildirdi ki, ağacları kəsən şəxsləri məhəllədə yaşayan şəxslər döysünlər: "Əvvəla onu deyim ki, ulu öndər Heydər Əliyevin belə bir sözü olub. Ağac kəsən mənim qolumu kəsir. Kimlərsə, iş adamları və ya digərləri ağacları kəsirlərsə, buna qarşı cəza qanunları var. Bu, mütləq şəkildə tətbiq olunmalıdır.
Mənim bir şey çox xoşuma gəlir. Sabiq nazir Hüseyn müəllim bu işə başlamışdı, Muxtar müəllim də onu davam etdirir. Rayonlara gedərkən yolun kənarında meşələr salınır. Bu mənzərəni görmək çox xoşdur. Əvvəllər rayonlara gedərkən yol kənarında bir ağac tapmazdın, indi yolun kənarında ağaclar var.
Ağac kəsənləri qanun cəzalandırmasa da, Allah cəzalandıracaq. Şəhərin mərkəzində ağacları kəsmək qəbuledilməzdir. Bu ağacları kəsən şəxslərə yenidən həmin ərazilərdə həmin ağacları əkdirmək lazımdır. Sonra onları məcbur etmək lazımdır ki, həmin ağaclara qulluq etsinlər. Ağacları kəsən şəxsləri məhəllədə yaşayan şəxslər döysünlər".

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, bu məsələdə əsasən inzibati məsuliyyətdən söhbət gedir və cərimə daha çox önə çəkilir: "Kütləvi şəkildə ağacların məhv edilməsinə qarşı müəyyən addımlar atılmalıdır. Hesab edirəm ki, arxayınlıq olmayanda heç kim ağacları kəsə bilmir. Bunu daha çox sövdələşmə və başqa hallar olanda edirlər. Tikinti və başqa sahədə iş aparan şəxslər ağacların müəyyən icazəsiz və məqsədəuyğun olmayan şəkildə məhv edilməsinə daha çox yol verirlər.
Bəzən elə olur ki, kimyəvi turşu tökərək ağacları məhv edirlər. Belə hala Yasamal rayonunda rast gəlmişdik. Cəmiyyətin də buna qarşı duyarlılığı olmalıdır. Kütləvi şəkildə ağacları məhv edənlərə qarşı çox ciddi cinayət məsuliyyətinə cəlb olunmaq barədə addımlar atıla bilər.
Hər halda bu məsələ də müzakirə olunmalıdır. Çünki yaşıllığın qorunması prioritet məsələlərdən biridir. Hazırda cəmiyyətimizdə tələblərdən birinə çevrilib. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıla bilər. Əgər konkret faklar olarsa, hər bir məsələdə olduğu kimi, ağacların kəsilməsi ilə əlaqədar da müzakirə açmaq olar".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR