Rusiya Ermənistan üçün yeni ordu yaradır - Fəhmin Hacıyev

26-02-2021, 11:31 254 dəfə baxılıb

Bu gün Dağlıq Qarabağda baş verənlərlə bağlı çoxlu sual qarşısında qalan ölkə ictimaiyyəti Azərbaycanın bütün ərazilərində öz dövlətinin idarəçilik orqanlarının fəaliyyətinin tez bir zamanda bərpasını gözləyir. Vətən Müharibəsi qələbəsindən sonra erməni həyasızlarının yenidən "Dağlıq Qarabağ respublikası” nağıllarına uyması və Rusiyanın ermənilərin başını sığalaması birmənalı qarşılanmır.

Bu və ya digər məsələlərlə bağlı "Həftə içi”nə müsahibə verən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bir çox məqamlara toxunub.

- Fəhmin bəy, Xocalı soyqırımının ildönümü yaxınlaşır. Necə hesab edirsiniz, Xocalının qisası alındımı?

- Ümumən Xocalı hadisəsi dünya tarixində görünməyən tək hadisələrdən biridir ki, milli, dini kimliyinə görə etnik təmizləmə aparılıb və bu etnik təmizləmənin başında Ermənistan separatçıları dayanmaqla bərabər, Rusiya silahlı qüvvələrinin 366-cı alayı iştirak edib. 1992-ci ilin 5 mart tarixində Kiyevdə Pavel Qraçova bu barədə suallar verdim. Ondan soruşdum ki, siz 366-cı alayın işğalçı siyasətinə, soyqırımda iştirakına, alayın hərbi nizamnaməni pozduğuna görə oradakı hərbi rəhbərliyə xidməti cinayəti qaldırmaq fikrindəsizmi? Pavel Qraçov mənə dedi ki, yanlış yoldasınız. Siz Federativ Respublika yaradın, sizdə Talış Muğan Respublikası problemi var, ləzgi problemi, Qarabağ problemi var, sizdə Naxçıvan problemi ola bilər. Ona görə də bu problemləri bizim üzərimizə yönəltməyin. Yəni faktiki olaraq Qraçov I Pyotrun "Parçala, hökm sür” siyasətini təkrarlayaraq Rusiyanın Azərbaycana qarşı niyyətlərini açıq şəkildə ortaya qoymuş bir müdafiə naziri idi. Baxmayaraq ki, sonradan bizim hərəkatçılar, müdafiə nazirimiz bununla dostluq edib, təəssüflər olsun ki, Qraçovun Azərbaycana bu münasibəti ölənə qədər dəyişmədi və Rusiyanın da bu münasibəti 100 illərdir davam edir.

Sözsüz ki, 44 günlük müharibədə biz Xocalıya girib, oranı düşməndən azad edə bilərdik. Ağdamdan hücum başlanılmışdı və Xocalıya tamamilə yaxın məsafədə idik. Xocalıya girilmədi, əməliyyat dayandırıldı. Rusiyanın təzyiqi olduğu bir müddətdə Xankəndinə girmədiksə, Xocalıya daxil olmaqda problem yox idi. Xocalıda soyqırımı törədildiyi, o şəhərin Azərbaycan əraziləri olduğu bütün dünyaya bəllidir. Əgər biz Xocalıya daxil olub onu hərbi yolla zad etmədiksə, hesab edirəm ki, Xocalının qisası alınmadı, xocalılıların qisası onların şəhid olduqları, məhv edildikləri ərazilər Azərbaycan əsgərinin o torpaqlara ayaq basdığı zaman alınacaq. Xocalıya ədalət gətirilməlidir. Bunun üçün isə Xocalıda beynəlxalq ədalət mühakiməsi olmalıdır, günahkarlar, işğalçı siyasət aparanlar cəzalandırılmalıdır. Xocalı əhalisi öz doğma yurdlarına qayıtmalıdır və orda yaşama hüuqları əldə etməlidir.

- 44 günlük Vətən Müharibəsindən sonra Dağlıq Qarabağda mövcud atəşkəs vəziyyətini necə dəyərləndirərdiniz? Necə hesab edirsiniz, hərbi qalibiyyətdən sonrakı proseslər regionu istədiyimiz şəkildə nəzarətə götürməyimiz üçün nə dərəcədə imkanlar yaradıb?

- Dağlıq Qarabağda gedən 44 günlük müharibə Azərbaycan Silahlı Qüvvələrinin və Azərbaycan xalqının böyük tarixi qələbəsidir. Azərbaycan silahlı qüvvələrinin apardığı uğurlu döyüş əməliyyatları dünya tarixinə qızıl hərflərlə yazılacaq əməliyyatlardır. Etiraf etmək lazımdır ki, bu əməliyyatların bu cür uğurlu olmasının əsas banisi qardaş Türkiyənin texnoloji üstünlükləri və İsrail dövlətinin bizə verdiyi texnoloji dəstəyin nəticəsidir. Yəni təəssüflər olsun ki, Azərbaycanda elm-texnikadan çox pomidor inkişafına yol verilib. Belə olan halda da biz müəyyən xərclər hesabına qardaş və dost ölkələrdən texnoloji üstünlüyü əldə edərək müharibəni qazanmağa nail ola bilmişik. Yaxşı ki, Türkiyəmiz, Pakistan və yaxşı ki, dost İsrail dövləti var.

- Fəhmin bəy, məlum olduğu kimi, noyabrın 10-da üçtərəfli bəyanat imzalandı və bu bəyanata əsasən 3 rayon silah açılmadan geri alındı. Bəyanata əsasən Rusiya sülhməramlıları dərhal Qarabağa yerləşdi. Necə hesab edirsiniz, sülhməramlılar və ermənilər bəyanata nə dərəcədə düzgün yanaşır?

- Mən 10 noyabr bəyannaməsini bir neçə hissəyə bölərdim. İmzalanan bəyanatda Azərbaycanın maraqlarına xidmət etməyən ən böyük problem atəşin dayandırılmasıdır. Azərbaycan çox uğurlu əməliyyat aparırdı. Bu uğurlu əməliyyatın nəticəsində o 3 rayonun işğaldan azad edilməsi adı ilə bizə verilməsi, əslində isə Kəlbəcərlə Laçının bu gün də Azərbaycanın Silahlı Qüvvələrinin tam nəzarətində olmaması, Kəlbəcərə yolun olmaması, Laçının işğaldan azad edildiyi deyilsə də, onun da tamamilə Rusiyanın nəzarətində olması onu göstərir ki, bu azadlıq yarımcandır. Yarımçıq azadlıq olmadığı kimi, yarımçıq işğaldan azad olunma da yoxdur. Bir neçə kəndin azad olunmasından söhbət gedirsə, bunu belə qəbul etmək olar - Laçının bir neçə kəndi işğaldan azad olunub, əsas hissəsi - şəhərin mərkəzi isə işğal altındadır. Dəhlizə düşüb, Rusiya tərəfindən işğal olunub. Kəlbəcər işğaldan azad olunub, amma Kəlbəcərə yol yoxdur. Bu gün hətta inşaat materiallarını Kəlbəcərə keçirmək üçün rus silahlı qüvvələrinin nəzarəti altında keçirik, hətta bizim maşınlarla daşınmamıza icazə verilmir, deyirlər ki, ermənilərin xətrinə dəyər. Bu hal işğaldan azad olunmuş adlandırıla bilməz. Faktiki olaraq Kəlbəcərin də işğalda olduğu qənaətindəyəm.

Bəyanatın digər hissəsinə, Azərbaycan ərazilərində rus sülhməramlılarının yerləşdirilməsi haqqında qərara gəlincə, bu qərara əsasən Azərbaycanın Dağlıq Qarabağın yuxarı hissəsindəki və Laçın dəhlizindəki suveren hüquqları Rusiyaya təslim edilir. Rusiyaya təslimedilmənin əsasnamələrindən biri budur ki, Rusiyanın özünün sülhməramlı qüvvələr haqqında qanunu var. O qanunun şərtlərində sülhməramlı adı altında tək girdiyi ərazilərdə Rusiya Federasiyasının qanunlarını tətbiq edir. Humanitar və digər məsələlərdə, hətta "idarəetmədə Rusiya qanunlarının tədqiqatı haqqında” qanunun 3-cü maddəsində müddəalar vardır. Buna görə də hesab edirəm ki, ən azından ekspertlər səviyyəsində deyilməli idi ki, belə bir problem yaranacaq. Bu, yox idisə belə, orada Azərbaycan qanunlarının işləyəcəyi haqqında qətnamə qərarda göstərilməli idi. Əgər orada Azərbaycan Respublikasının qanunlarının işləməsi haqqında qərarda heç bir şey göstərilməyibsə, sözsüz ki, Rusiya Federasiyasının qanunları orda işləyir, Rusiya həmin ərazidə Azərbaycanın suveren hüquqlarını tamamilə mənimsəyərək özünün suveren hüquqlarını tətbiq edir. Orda qanunlar icra edir, Rusiyanın subyektini yaradır.

Laçın Dəhlizindən keçid məntəqəsinin Rusiyanın nəzarətində olması 5 kilometr enində boşluq əmələ gətirir. Buraya isə Azərbaycan tərəfindən nəzarət edilmir. Nəzarət edilməyəcəyi müddətdə də Dağlıq Qarabağın yuxarı hissəsi ilə Ermənistan arasında gedən bütün proseslərdən bizim xəbərimiz olmayacaq. Qarabağa hansı silahlı qüvvələrin yerləşməsindən xəbərimiz olmayacaq. Deyilə bilər ki, atəşkəs olub, müharibə dayanıb. Əslində, Rusiya müdaxilə etməsəydi, bizim Xankəndində də ermənilərin yaşamasını təmin etməklə bərabər Azərbaycanın ərazi bütövlüyünü də bütün ərazilərimizin suverenliyinin təmin olunmasına bir neçə günümüz qalmışdı. Xocavəndi almışdıq, Xocalıya girməyə 1 gün qalmışdı. Belə bir şəraitdə rus qoşunlarının ərazilərimizə girməsi Azərbaycanın maraqlarına ziddir.Fikrimcə, hətta Rusiya zorən də olsa Azərbaycana girsəydi, nəticə bizim xeyrimizə olardı. Birincisi, Beynəlxalq aləm bizimlə olardı. İkincisi, Azərbaycan o vaxta kimi Dağlıq Qarabağın bütün ərazisində öz silahlı dəstəsini yerləşdirərdi. Ruslarla ya toqquşmalıydılar, ya da barışıb bir yerdə işləməli idilər. Rusların hesab edirəm ki, indiki mərhələdə Dağlıq Qarabağda Azərbaycanla vuruşmaq imkanları çox da yüksək deyil. Ona görə ki, birincisi, yolu yox idi, komunikasiyası yox idi, Gürcüstanla yolu bağlı idi, Ermənistanın orda olan qüvvələri zəif idi. Bizim arxamızda böyük bir Türkiyə dövləti var idi. Bu imzadan bir neçə gün qabaq Azərbaycan prezidenti elan etdi ki, əgər bizə kimsə hədə-qorxu gəlsə, biz F-16-ları qalıracağıq. Belə bir şəraitə Rusiyanın Dağlıq Qarabağda Azərbaycanla müharibə edəcəyi çox da ağlasığan məsələ deyildi. O vəziyyətdə sözsüz ki, biz orda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmiş bir formanı tətbiq etmiş olsaydıq, beynəlxalq aləm bizi dəstəkliyərdi. Əgər biz orada həqiqətən də etnik təmizləmə siyasəti aparsaydıq, sözsüz ki, beynəlxalq aləm bizim tərəfimizdə olmazdı. Ona görə də hətta müharibə vaxtı da ölkə başçısının dəfələrlə "biz ermənilərin bizim vətəndaşlarla birgə yaşayacağını təmin edəcəyik” bəyanatı çox müsbət hal idi. Ərazilərimizdə suveren hüquqlarımızın tətbiqini həyata keçirmək üçün ciddi addımlar atılma şansını əldən qaçırmışıq. İndi isə Qarabağ bizdən tamamilə uzaqlaşır və Rusiyanın işğalı altındadır. Belə bir vəziyyətdə Azərbaycanın nə edəcəyini, hansı yollara əl atacağı barədə fikirləşmək daha düzgün olardı.

Onu da qeyd edim ki, artıq Ermənistanla Rusiya arasında Qarabağ ərazisində və Naxçıvana yaxın hissədə 102-ci bazanın genişləndirilmiş formasının, yəni paralelinin yaradılması haqqında razılığa gəlinmə mərhələsindədir. Və yaradılarsa, Azərbaycanın birbaşa o əraziləri, sərhədləri təhdid altında olacaq.

- Rusiyanın Krım, Donbas, Donetsk modelinin Qarabağda gerçəkləşmə prosesi gedə bilərmi?

- Əslində, bunlar bir az fərqli yanaşmalardır. Donetsk, Krım və Donbasda Rusiya işğalı Rusiya-Ukrayna dövləti tərəfindən rəsmiləşdirilməyib. Ona görə də Rusiya dövləti Krıma görə işğalçı dövlət kimi dünya tərəfindən tanınıb və ciddi sanksiyalara məruz qalıb. Donbasda isə separatçı qüvvələrin Rusiya tərəfindən dəstəklənməsi haqqında Avropa Şurası və Beynəlxalq, daha yeksək səviyyələrdə kifayət qədər geniş qətnamələr vardır. Burada Rusiyanın təsiri altında başqa proseslər gedir. Baxmayaraq ki, Rusiya orda da öz məkirli siyasətini həyata keçirir. Dağlıq Qarabağda isə vəziyyət tamamilə başqadır.

- Bu gün sülhməramlıların məsuliyyəti daxilində olan Xankəndi şəhərində separatçı rejimin rəhbəri Arutunyanın "DQR”da dövlət dilinin rus dili olması barədə absurd qərarı, eləcə də "DQR”in 33-cü ildönümünün qeyd olunması Rusiyanın regionda hansı siyasəti aparmasını göstərir?

- Dağlıq Qarabağ erməniləri orda neçə illərdir Rusiyanın dəstəyi ilə qondarma bir qurum yaratmaqla məşğuldurlar. Buna nail olmadılar. İndi isə Kreml orada Rusiya subyektini yaratmaq, nəzarətinə götürmək, ikinci dilin rusdili olması haqqında qərar qəbul edib Azrəbaycan vətəndaşını Rusiya vətəndaşı etməklə Rusiyanın maraqlarını təmin edən ikinci bir plastarım yaratmaq istəyirlər. Bu da Rusiya-Azərbaycan maraqlarına tamamilə ziddir.

- Bu gün erməni faşistləri Dağlıq Qarabağda yenidən ordu yaratmaqla bağlı hərbi çağırışlar edirlər. Belə çağırışlar Ermənistan üçün nə dərəcədə realdır və bunun arxasında nə dayanır?

- Yenə də Ermənistan ordusunun yaradılması və Azərbaycanda üçüncü Qarabağ müharibəsinin başlanması fikirləri səslənir. Ümumiyyətlə, sülh müqaviləsi yoxdursa dövlətlər arasında, müharibə hər zaman realdır və ola bilər. Bəzi çıxışlara görə, Ermənistan məhv edilib, beli qırılıb, ayağa qalxa bilmir, müharibə etmək şansı yoxdur. Ermənistanla müharibə aparmırıq ki. Faktiki olaraq ermənilər maşa rolunu oynayır. Rusiya tərəfi ilə müharibə aparırıq. Hər zaman da Dağlıq Qarabağla müharibəni Rusiya ilə aparmışıq. Azərbaycan suverenliyinin əleyhinə olan bir müharibədə iştirak etmişik. Rusiya ona görə Dağlıq Qarabağ müharibəsini yaradıb və hərəkət edir ki, Azərbaycanın müstəqil dövlət kimi inkişafının qarşısını alsın və dünya birliyinə bərabər addımlamasına imkan yaratmasın. Üstəlik, Azərbaycanda özünün idarə etdiyi bir siyasi rejim də yaradıb ki, həm ərazimiz məngənədə olsun, həm də siyasi hakimiyyətimiz Rusiyanın nəzarətində olsun. İndi də Rusiya istədiyi vaxt Dağlıq Qarabağda müharibəni qızışdırmaq imkanına malikdir və bundan ötrü ciddi işlər də görür. O işlərdən biri də ondan ibarətdir ki, bu dəqiqə Dağlıq Qarabağ ərazisində Ermənistan vətəndaşları hərbi xidmət keçməkdədir. Eyni zamanda, həmin ərazidə "Dağlıq Qarabağ ordusu” deyilən bir qondarma qurumun formalaşması prosesi gedir, hansı ki Rusiya onları təchiz edir. Eləcə də, Ermənistandan Dağlıq Qarabağa gələn ordu var ki, onlar hələ də çıxarılmayıb, əksinə, komplektləşdirilir, yenidən təşkilatlandırılır. Buna da həmin rus ordusu kömək edir. Üstəlik, bu yaxınlarda 102-ci bazanın bir hissəsinin Azərbaycan sərhədlərində yerləşdirdiyi və həmin hissənin şəxsi heyətinin yerli əhalidən ibarət komplektləşdirilməsi məsələsi gündəlikdə var. Bu o deməkdir ki, Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni bir ordu yaradır. Belə bir ordunun yaradılması və Rusiya silahlı qüvvələrinin nəzarəti altında olması, hətta bəzi ekspertlər 5 illərlə, 10 illərlə Azərbaycana ermənilərin hücum etmiyəcəyini söyləsələr də, növbəti müharibənin ola bilməsi fikrini yaradır.

Bəli, mən razıyam, Rusiya ermənilərin arxasında olmasa, bundan sonra 100 il də keçsə, ermənilər Azrbaycana hücum edəsi deyil. Əslində, Dağlıq Qarabağ problem çoxdan həll olunmuşdu. Amma qeyd etdiyim kimi, müharibəni Rusiya edir. Azərbaycana qarşı revanş müharibəsi, Azərbaycana müdaxilə üzərində rus fikirləşir və erməniləri də buna təhrik edir. Ona görə də mən fikirləşirəm ki, Azərbaycan tərəf hər gün və hər saat müharibəyə hazır olmalıdır, ordunu yenidən komplektləşdirməli və reformların həyata keçirilməli, qazilərə hörmət qaldırılmalı, ordu standartları yüksək səviyyədə olmalıdır. Əks halda, biz rus ordusuna dirəniş göstərmək üçün müttəfiqlərimizi müəyyənləşdirməli və münasibətləri yaxşılaşdırmalıyıq. Daha doğrusu, NATO və Avropa dövlətləri ilə isti münasibətlər quraraq, regionda inteqrasiyamızı o mövqeyə yönəltməliyik ki, Rusiyaya qarşı müqavimət göstərmək üçün arxamızda siyasi və hərbi güclər mümkün olsun.

- Fəhmin bəy, Azərbaycan siyasi camiyəsi, siyasi partiyaları bu vəziyyətə nə dərəcədə adekvat cavab verir?

- Azərbaycanda siyasi-ictimai partiyaların bu məsələdə indiki proseslərdə adekvatlığı haqqında danışmaq hələ tezdir. Təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti də bir çox məsələlərdə bir çox şeyləri doğru-dürüst hesblaya bilmir, sadəcə olaraq qələbə eyforiyasındadır. Siyasi partiya və ictimai təşkilatlar daha ayıq, daha çevik siyasət yeritməyə borcludular. Azərbaycan xalqının Rusiyanın işğalçı siyasətinə qarşı təşkilatlanmasının və meydanlara atılmasının tərəfdarıyam. Belə olmadığı halda, Azərbaycan xalqı ayaqda olmasa, Rusiya Azərbaycanın maraqlarını tamamilə tapdalayıb keçəcək. Azərbaycan xalqının 90 faizi Rusiyanın Azərbaycanda olmasının, Dağlıq Qarabağda yerləşməsinin tərəfdarı deyil. Və Azərbaycan xalqının mütləq əksəriyyəti Türkiyənin bizim müdafiəmiz üçün Azərbaycanda olmasını istəyir.

Rusiyanın apardığı siyasət Azərbaycanın NATO-ya inteqrasiyasının qarşısını almaqdır. Eləcə də Azərbaycanla Türkiyə arasındakı münasibətlərin genişləndirilməsini dayandırmaqdır. Regionda ciddi mübarizə gedir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR