Duqin rus “Dədə Qorqud”u rolunda - Qarabağ məsələsində “yağışdan çıxıb, yağmuramı düşdük?"

23-04-2021, 14:20 181 dəfə baxılıb

Tanınmış rusiyalı politoloq, Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Azərbaycanla bağlı "sürpriz” fikirlər söyləyib. Kremlin danışmanlarından sayılan Duqin bugünlərdə bildirib ki, Moskva guya 2-ci Qarabağ savaşında Azərbaycanın qələbə çalması üçün "ondan tələb olunan hər şeyi edib”, "verdiyi vədləri tutub” və artıq növbə Bakınındır: "Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) və KTMT-yə (”Rus NATO-su") girməsinin zamanı çatıb".

Əks halda, o, Bakını faktiki hərbi qələbəni itirə biləcəyi ilə (!) hədələyib. Sitat: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, tamamilə gözəl və sevindiricidir. Ancaq siyasət elə bir şeydir ki, sabah da gərək qalib olasan ki, qələbəni saxlaya biləsən. Siyasət hər zaman açıq bir prosesdir. Əgər qələbənin nəticələrini möhkəmlətməsən, hər şeyi itirə bilərsən”.

Yəni sadə dilə tərcümə eləsək, rus avrasiyaçı hesab edir ki, Bakı KTMT və AİB-yə "xoşluqla” qoşulsa, daha yaxşıdır, əks təqdirdə, qələbəsini qoruya bilməyəcək, hər necə olmasa, Moskva öz "öhdəliklərini” artıq yerinə yetirib.

Onun fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb, daha çox təəccüb doğurduğunu deyə bilərik. Çünki bu şəxs zaman-zaman səsləndirdiyi fikirlərdə Azərbaycanı əksər hallarda müdafiə edib.

Bəs indi nə baş verir? Duqin Jirinovski rolundadır? Qarabağ məsələsində "yağışdan çıxıb, yağmuramı düşdük?"

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Duqinin dediklərinə bu cür şərh verdi: "Onun fikirləri müsbət də, mənfi də olur. Doğrusu, onun fikirlərini şərh etmək istəməzdim. Hadisələri uzunmüddətli tarixçi kimi şərh edir. Aydındır ki, Avropa-Asiya ideologiyasının təmsilçisidir. Bəzi məqamlarda bu bizə uyğundur, bəzi məqamlarda isə yox. Onun fikirlərini bəzi hallarda görürük ki, Türkiyədə də dəstəkləyənlər olur. Bir sözlə, o, fəlsəfi fikirlər söyləyir. Real siyasətdən bəzən uzaq olan fikirlər dilə gətirir. Bu da qeyri-real görünür. Məsələn, KTMT-yə üzvlük barədə şəxsən məndə böyük şübhələr var. Çünki bu təşkilat özünü işlək təşkilat kimi göstərmir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın ona qoşulmasının heç bir əsası yoxdur. Duqin tarixi fəlsəfə ilə məşğul olan bir insandır. Onun konsepsiyası ondan ibarətdir ki, türk və sloven dünyası əməkdaşlıq etməlidir. Bu baxışın hər iki dünyada tərəfdarları var. Bilirik ki, ara-sıra o, Türkiyədə olur, Qərbə qarşı qüvvələrlə əməkdaşlıq edir. Bu baxımdan onun indiki mövqeyi yeni deyil. Hətta onun baxışlarının vaxtilə Rusiyada tərəfdarları olan filosoflar olub. Siyasətə aid fikirlərinə gəldikdə, deyə bilərik ki, konkret olaraq o, siyasətdən uzaq bir insandır. Məsələn, o deyir ki, bu və ya digər təşkilatın üzvü olmaq lazımdır. Hesab edirəm ki, KTMT-nin təşkilat olaraq Azərbaycana hər hansı bir faydası ola bilməz. Çünki biz görürük ki, təşkilat daxilində böhran yaşanır, üzvlər arasında gərginlik mövcuddur. Bu nöqteyi-nəzərdən Duqin tərəfindən belə təkliflərə, sözün doğrusu, tənqidi baxıram. Amma onun türk dünyası ilə slavyan dünyasının əməkdaşlıq etməsi barədə fikirlərinə şərikəm. Duqinin ”qələbəni möhkəmlətməsən, itirə bilərsən" kimi fikirləri ilə nəyi nəzərdə tutduğunu deyə bilmərəm. Çünki heç bir əsas yoxdur ki, Azərbaycan nəsə itirsin. Burada düşünürəm ki, ayrı bir şeyi görməliyik".

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Duqinə çağırış etdi: "Rus şovinizminin əyani təzahüridir. Hansı borcunu Rusiya yerinə yetirib? Sənin xalqın ömrü boyu qonşu xalqlara sataşmaq, torpaqlarını zəbt etmək, əzab verməklə məşğul olub. Dağlıq Qarabağ problemini sənin xalqın yaradıb. Erməniyə silah verib, hər zaman Azərbaycana qarşı hürdürmüsünüz. Bizi Avrasiya Birliyinə dəvət edirsən. Amma bu cür də çıxışlar edirsən. Biz türk dünyasının dirçəlməsini istəyirik, türk dünyasına can atırıq. Sən isə fəaliyyəti olmayan Avrasiya İqtisadi Birliyini ortaya atırsan. Əks təqdirdə nə olacaq? Hücum edib, Azərbaycan dövlətini alacaqsınız? Ukraynada etdiyiniz əməlləri burada təkrarlamaq istəyirsiniz? Zənnimcə, Azərbaycan xalqı buna imkan verməz. Dostlarımız da buna imkan verməz. Bizə qarşı bundan artıq nə edəcəksiniz? Siz olmasaydınız, problem daha tez həll olunacaqdı, ərazi bütövlüyümüz tam təmin olunardı. Pərçim olub, erməniləri xilas etdiniz. Azərbaycan Ordusunun hücumunu dayandırdınız. 1960 nəfər deyib, indi də 10 min nəfərdən çox əsgəri gətirib burada parad keçirmək istəyirsiniz. Azərbaycan ərazisində faktiki parad keçirmək niyyətinizi açıq bəyan edirsiniz. Duqin, sən filosofsan, alimsən, get işinlə məşğul ol. Siyasətə niyə burnunu soxursan? Cocuq Mərcanlıda sağlıq deyib, xalqımızın şəninə xoş sözlər söyləyirdin. İndi isə imperialist təfəkküründən çıxış edirsən. Dünyanın dəyişdiyini hələ başa düşmürsünüz?”
"Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR