SOVET MAŞINININ yaxşı sürücüləri var... - axırıncı dəfə onu Ramiz Mehdiyev sürürdü...

18-06-2021, 16:36 218 dəfə baxılıb

"Cümhuriyət” qəzetinin müsahibi Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevdir.

Partiya sədri ilə gündəmdə olan mövzularla bağlı söhbət aparılıb.

Cebhe.info müsahibəni təqdim edir.

-Elşad bəy, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərini necə dəyərləndirirsiniz?

-Ərdoğanın Azərbaycana, xüsusən də Şuşaya səfəri çox əhəmiyyətlidir. Bütün aspektlərdən baxsaq, bu səfərin əhəmiyyəti həddindən artıq çoxdur. Cümhuriyyət dövründən bu günə qədər Türkiyənin heç bir rəhbəri Qarabağa getməyib. Azərbaycana təbii ki, türk xalqının sevgisi var, biz bir millətik. Amma elə dövr var idi ki, Türkiyənin özünün də köməyə, dəstəyə ehtiyacı var idi. Ona görə də 90-cı illərdəki prosesdə Azərbaycan tək buraxıldı. Buna da obyektiv baxmaq lazımdır. İndi vəziyyət elədir ki, 44 günlük savaşdan sonra bölgədə, dünyada vəziyyət dəyişdi. Ərdoğanın səfəri isə Ermənistana, İrana, Rusiyaya və elə bütün dünyaya mesaj idi. Bu amil Azərbaycanın proseslərdə tək olmadığını göstərir.

Digər tərəfdən, Şuşada Azərbaycanla Türkiyə arasında Bəyannamə imzalandı. Türkiyə ordusu rəsmi surətdə Azərbaycanda təmsil olunur. Elə məsələlər var ki, onları vaxtından əvvəl demək olmaz. Məsələn, müharibə dövründə Türkiyəyə məxsus F-16-ların Azərbaycanda olması böyük addım idi. Hadisələrə optimist yanaşıram və Ərdoğanın Azərbaycan səfərini yüksək qiymətləndirirəm.

-Üçtərəfli razılaşmalarda əsas məqamlardan biri Zəngəzur dəhlizinin açılmasıdır. Ermənistan və havadarlarının dəhlizin açılmasına maneə törətmək cəhdlərinə baxmayaraq, Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Belə iddialar var ki, Ərdoğanın Şuşa səfərindən sonra bu məsələdə də olan problemlər həllini tapacaq.

-Ərdoğanın Şuşa səfərindən sonra görəcəyik ki, nə qədər erməni Qarabağın dağlıq hissəsindən qaçır. Bu, çox ciddi mesajdır. Ermənistanın nə Azərbaycan, nə də Türkiyə qarşısında dayanmaq gücü var. Biz məsələlərə maksimalist yanaşırıq, istəyirik ki, birdəfəlik torpaqların hamısını qaytaraq. Amma reallıqlar var, bu imkanı bizə vermədilər. Biz dünyadan təcrid olmamışıq, helikopter təxribatı törədildi, Azərbaycana qadağan olunmuş silahlardan atəş açıldı. Bu, aydın göstərirdi ki, qaba güc olan Rusiya ölkə daxilində istənilən təxribatı edə bilər. Biz də 85 faizi işğaldan azad etdik. Növbəti mərhələ üçün 15 faiz problemimiz qaldı. Ərdoğanın Azərbaycana səfərindən sonra vəziyyət dəyişəcək. Zəngəzur dəhlizi isə Laçın dəhlizi ilə paralel olaraq Azərbaycan üçün açılmalıdır. Bilirik ki, ermənilər söz verir, sözündən qaçır. Əgər ermənilər öhdəliklərini yerinə yetirməsə, biz zorla da olsa, o dəhlizi açacağıq. Digər tərəfdən, Zəngəzur dəhlizi beynəlxalq güclərin də marağındadır. Dünyanın supergüclərindən biri olan Çin bu dəhlizinin açılmasını istəyir. Türkiyə, Rusiya, Avropa ölkələrinin bu dəhlizdə marağı var. Ermənilər zəhərlənmiş, xəstə toplumdur. Seçki ərəfəsində də cığallıq edirlər. Amma bu məsələdə təminatçı ölkə Rusiyadır və bunlar ondan tələb olunacaq. Prosesdə Türkiyənin də iştirakı bizim marağımıza cavab verir. Türkiyə artıq dünya gücüdür və bölgəni uzun müddət inhisarında saxlayan Rusiya artıq Türkiyə ilə hesablaşmaq məcburiyyətində qalıb.

-44 günlük müharibə 10 noyabr bəyanatı ilə Azərbaycanın qələbəsi ilə dayandı. Necə düşünürsüz, artıq Qarabağ problemi bitdimi?

- Problem hələ tam bitməyib. Hələ bir sıra torpaqlarımıza faktiki nəzarət edə bilmirik. Hazırda orada Ermənistan qanunları işləyir, erməni siyasi rəhbərləri o ərazilərə rahat gəlib- gedə bilir. Bu vəziyyət isə Rusiyanın təsiri ilə yarandı. Hər birimiz istəyirdik ki, bütün torpaqlarımız azad olunsun. Bəzən populist fikirlər səslənir ki, Rusiya bizə heç nə edə bilməz. Faktiki elə deyil, çünki biz dayanmasaydıq, Rusiya ilə döyüşmək məcburiyyətində qalacaqdıq. Müharibənin son günlərində xeyli şəhid verdik. Bunun da səbəbi o idi ki, Rusiya qoşunları ermənilər tərəfindən döyüşürdü. Biz bunu praktik olaraq görümüşük, Rusiya Moldovada, Ukraynada, Gürcüstanda bənzər siyasət aparıb. Bütün bunlar nəzərə alınmalıdır. Amma bundan sonra biz addım-addım öz istəklərimizi həyata keçirməliyik. Nəzarətimizi genişləndirməli, dədə-baba torpaqlarımızı ger qaytarmalıyıq.

-Elşad bəy, hazırda siyasətdə sanki durğunluq dövrü yaşanır. Partiya olaraq bu dönəmlə bağlı hansı planlarınız var?

-Müharibə dövründə ölkənin bütün siyasi partiyaları, xırda istisnalarla vahid mövqedən çıxış etdi. Siyasi partiyalar dövlətə lazım olan bütün dəstəyi verdi və hesab edirəm ki, bu, düzgün qərar oldu. Müharibədə qələbəni şərtləndirən bir sıra səbəblər var idi ki, onlardan biri də məhz siyasi partiyaların vahid mövqeyi idi. Media, siyasi təşkilatlar, dövlət orqanları bu məsələdə eyni hədəfə vurdu. Nətəcədə qalib gəldik. Müharibədən sonra isə qurumlar köhnə qaydada işləməyə başladı, məmur özbaşnalığı davam edir, informasiyalar verilmir. Bu səhvdir, ziyanlıdır. Azərbaycan ictimaiyyəti niyə informasiyanı erməni, rus mediasından almalıdır? Onlar da dezinformasiya yayanda bir çoxları onlara inanır. Ona görə də dövlət qurumları informasiyaları yaymalıdır. Sirr deyil ki, ölkə başçısı bu dövrdə öz reytinqini kifayət qədər artırdı. Amma bu, o demək deyil ki, YAP-ın da reytinqi artdı. Bu prosesi Prezident tək apardı. Əslində müxalifətdə olan partiyalar müharibə dövründə daha çox canfəşanlıq etdi. Amma müharibədən sonra biz bu münasibətləri görmürük, əskinə, proses radikallaşmaya doğru gedir. Hiss olunur ki, bir qrup informasiyasızlıqdan bu yoldadır, bir tərəf isə düşünür ki, elə belə də olmalıdır, başqa tərəf isə kənar qüvvələrin təsirindədir. Kənarda olanlar isə sanki bir düymə ilə radikallaşdı. Bu cür münasibətlə heç kim inkişafa nail ola bilmir. Adamlar demokratiyadan danışır, amma fərqli mövqe olanı söyür, aşağılayır.

Demokratiya bu deyil. Əgər fikir ayrılığı, çəkişmələr, fərqli mövqelər yoxdursa, irəli gedə bilmərik. Efirdə də belədir, biri gəlib fikir bildirir, ona heç kim baxmır, amma biri efirdə söyüş söyür, hamı ona baxır. Biz cəmiyyətin ümumi səviyyəsini aşağı sala bilmərik. Bunlara son qoyulmalıdır. Axşama qədər oğurluqla, dələduzluqla, korrupsiya ilə məşğul olurlar, sonra tərifə başlayırlar ki, onlara toxunmasınlar. Bu cür mədhiyyələrə, yaltaqlıqlara son qoyulmalıdır. Bizə yeni dövlət maşını lazımdır ki, bu prosesi apara bilsin. Sovet maşınının Azərbaycanda yaxşı sürücüləri var idi, məsələn, axırıncı dəfə o maşını Ramiz Mehdiyev sürürdü. Artıq bu maşın getmir, yeni olmalıdır. Bunu isə dövlət adamları yaratmalı və sürməlidir.

-Bəs partiyaların kadr potensialı hansı səviyyədədir?

-Bir misal çəkim. Məsələn, Böyük Azərbaycan Partiyasında ölkənin Baş naziri, Maliyyə, İqtisadiyyat naziri işləyə biləcək adam var. İlin əvvəlində taxılla bağlı problem yaranmışdı. O problemin kökü 4-5 il əvvəldən qaynaqlanırdı. Müşavirə keçirdilər ki, elə edin taxılın, unun qiyməti qalxmasın. Bizim partiyanın üzvü təklif etdi ki, ƏDV ləğv olunsun. 4 il müddətinə ƏDV götürüldü, məsələ qaydasına düşdü. 4 il bitəndən sonra bunun müddətini uzatmaq hökumətin ağlına gəlmədi. Ona görə də yenidən taxıl problemi baş verdi. Sonradan yadlarına düşdü ki, bunun müddətini uzatmaq lazımdır. Yəni Azərbaycanda kadr potensialı var. Həmin kadrlar partiya üzvü olmaya da bilər. Ölkədə intellektual kadrlar var. İndi xeyli sayda intellektuallar vəzifəyə gətirilib, amma sistem dəyişməyib deyə nəticə müsbət olmur. Ölkədə dövlət kapitalizmi mövcuddur. Ölkənin iqtisadiyyatı məmurların əlindədir. Biz əgər iqtisadiyyatı inkişaf etdirmək istəyiriksə, məmur monopoliyası aradan götürülməlidir. Bu icra başçılarını niyə saxlayırlar?

Bir rayonda həm icra başçısı, həm bələdiyyə sədri var. Hamısının da biznesi var. Məmurlar biznesin müəyyən sahələrinə nəzarət edirlər. Rayonlara gedirsən, deyirlər ki, bu üzümlük filan deputatındır, bu gilas bağlı bu din xadiminindir, bu, icra başçısınındır, bu, polis rəisinindir. Baxın, "Neftçilər” bazarı 3 yerə bölünüb, bir hissəsi generalındır, bir hissəsi məmurundur, bir hissəsi isə Bakı şəhər İcra Hakimiyyətində rəhbər vəzifə tutanlardan birinindir.

-Siz Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) siyasətə gəlmisiz. AMİP-dən niyə ayrıldınız? Etibar Məmmədovun rəhbərliyində işləmək istəmədiniz, yoxsa başqa problemlər var idi?

-AMİP bizim üçün artıq keçmiş mərhələdir. Mən yeri gələndə AMİP-i hər zaman müdafiə etmişəm. Çünki yediyin qaba tüpürmək olmaz. AMİP-dən çıxanda da heç kimi ittiham etməmişəm, kimsə nəsə deyibsə, cavabını vermişəm. Hesab edirəm ki, Azərbaycanda bu ənənəni qoymaq lazımdır. Kimsə haradan gedirsə, söyüşlə, qırğınla bunu etməsi düzgün metod deyil. Təbii ki, fərqli düşünmüşük deyə ayrılmışıq.

-Belə bir fikir səslənir ki, Etibar Məmmədov hər adamına bir partiya yaratdı, özü isə kənara çəkildi... BAP-ın yaranmasında Etibar Məmmədovun xidməti olubmu?

-Bu, yalan informasiyadır. Etibar Məmmədov niyə bu qədər partiya yaratsın ki? Əksinə, o kadrlar partiyada qalsaydı, AMİP daha güclü olardı. Mən özüm iki dəfə dövlət işindən çıxıb AMİP-ə gəlmişəm. Bizim AMİP-də gördüyümüz işin nəticəsi isə 1998-ci ilin prezident seçkiləri oldu. İndi də Etibar Məmmədovla münasibətimiz normaldır.

-Elşad bəy, siyasi dialoqa gedənlərlə bağlı bəziləri deyir ki, hakimiyyət həmin partiyalara şərait yaradır, ofis verir...

-Əvvəl hakimiyyətdə partiyalarla işə rəhbərlik edənlərin bizə münasibəti inkarçılıq olub. Onlar bizimlə birmənalı şəkildə işləməyiblər. Amma sonrada Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. İnsafən deyək ki, bu şöbə əvvəlkilərdən fərqli işlədi. Bəzi qüvvələrin dolanışığı iqtidar-müxalifət düşmənçiliyindən keçir. Lakin belə olmaz. Müxalifətlə hakimiyyət arasında dialoq cəmiyyətin inkişafına təkan verən amildir. Dövlət tərəfindən partiyalara ofis ayrılması, onların fəaliyyətinə şərait yaradılması düzgün və vacib qərardır. Bu dialoqları qısqanclıqla qarşılamaq, maliyyələşir və s. kimi fikirlərlə cəmiyyəti çaşdırmaqdansa, prosesə qoşulmaq və cəmiyyətin inkişafına töhfə vermək lazımdır.

Partiyaların maliyyələşməsinə gəlincə isə düşünürəm ki, partiya sədrinin də, məmurun da gəlir deklorasiyası ortada olmalıdır. Siyasi cameədə olanların əksəriyyəti bilir ki, mən siyasətə biznesdən gəlmişəm. Bu ölkədə ilk kiçik-orta bizneslə məşğul olanlardan biriyəm. Mən AMİP-ə gələndə, şəhərin bir neçə yerində obyektim var idi. Ondan sonrakı dövrlərdə özüm bizneslə məşğul olmasam da, obyektlərim olub, icarəyə vermişəm. Yəni bu məsələdə bizim qorxacaq, çəkinəcək bir şeyimiz yoxdur. Hesab edirəm ki, hakimiyyət təmsiçiləri də, müxalifət nümayəndələri də gəlir deklorasiyası verməlidir, şəffaf olmalıdır.


 




 
 


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR