Tanınmış jurnalistdən MEDİA-ya İTTİHAMLAR - "Gündəlik tezislər, tezisyazanlar ordusu, konyuktur çıxışlar, tutuquşu ekspertlər..."

19-07-2021, 11:31 303 dəfə baxılıb

Milli Mətbuat günü ərəfəsində tanınmış jurnalist Qabil Abbasoğlu portalımızın suallarını cavablandırıb.

– Qabil müəllim, Yaponiyada hələ də belə bir ənənə qalmaqdadır. Bir çox insanlar iş yerlərini mütəmadi olaraq dəyişməyə ehtiyac duymurlar. Bir insan əmək fəaliyyətinə başlayandan təqaüdə çıxana qədər bir yerdə çalışır. Sizin jurnalıst karyeranızda da buna bənzərlik var. Az iş yeri dəyişmisiniz…

– Əmək kitabçamda az müddət ərzində işlədiyim yerlər də var. İlk rəsmi iş yerim AZƏRTAC olub. Ali təhsilimi bitirdikdən sonra bu qurumun Gəncəbasar İnformasiya Mərkəzinə baş redaktor təyin olundum. Bir neçə ay çalışdıqdan sonra oranı tərk elədim. Rəsmi informasiya agentliyinin bəlli bir formatı var. Ciddi, mühafizəkar. Bir az bu məni qane etmədi, başqa məsələlər də vardı. Oranı tərk etdikdən sonra qəzetçilik həyatına davam etdim. Niyə davam etdim deyirəm, çünki hələ tələbə vaxtlrımdan, "Yeni Müsavat” gizli nəşr olunan vaxtlardan bu qəzetlə əməkdaşlıq edirdim. Bir müddət "Cümhuriyyət” qəzetində çalışdım, sonra yenidən "Yeni Müsavat” qəzetinə keçdim. Ən uzun müddət ərzində fəaliyyət göstərdiyim media qurumları sırasında birinci yerdə "Yeni Müsavat” gəlir, sonra lent.az, daha sonra "Gün Səhər”. Qeyri-təvazökarlıq olmasın, mən işlədiyim yerlərdə "epizodik rol”larda olmamışam. Layihələrin ya rəhbəri, ya da ikinci şəxsi olmuşam. Bu da çalışdığım yeri tərk eləmək imkanlarımı bəlli dərəcədə məhdudlaşdırıb. Nə belə imkanım olub, nə də belə qayğım. Mən "Yeni Müsavat”da baş redaktoun birinci müavini idim, elə vaxt idi ki, qəzet siyasi təlatümlərin tam ortasındaydı. Qəzetin rəhbərinin imzası çox səs-küylü bir imza idi. Həbslər, təzyiqlər… Çalışdığım yer sanki bir səngər idi. Oranı tərk eləmək, işi yarımçıq qoymaq deyildi təkcə, həm də bir növ döyüşü tərk eləmək anlamına gələrdi. Bunlar hamısı bir yana, özümün şüurlu seçimim də vardı. Yazdığım yazıların altında imzam bu gün də qalır, o yazıların heç birindən imtina eləmək fikrim yoxdur, heç vaxt da olmayıb. Həmin vaxt o cür düşündüyümə görə peşman deyiləm, özümü də haqsız saymıram. Sonralar işə münasibətdə fərqli yanaşmalar çıxdı ortaya. Yəni şəxsi heç bir məsələ, problem olmayıb.

– "Yeni Müsavat” a neçə il işləmisiniz?

– 1990-cı ildən, o zaman tələbə idim və qeyri-rəsmi çıxan qəzetlə əməkdaşlıq edirdim, 2005-ci ilə qədər. AZƏRTAC-da işlədiyim qısa müddəti çıxsaq, təqribən 15 il.

– Lent.az-da da 10 ildən çox işləmisiniz…

– 13 ilin tamam olmağına 2 ay qalmış oranı tərk elədim.

– Və Sizin yaradıcılıq baxışlarınızda fərqlər bir yerdə 15-ci, ikinci ünvanda da 13-cü ildə əmələ gəldi?

– Burada söhbət ondan getmir ki, kiminsə baxışı ilə mənim baxışım arasında fərqlər əmələ gəlib. Məsələ burasındadır ki, bir yerdə çox qaldıqca yenilik eləmək imkanları məhdudlaşır. Eyni işi nə qədər görmək olar, nə qədər təkrarlanmaq olar. Bu bir az mənə görə deyil, ikinci də doğru deyil. O baxımdan, hesab elədim ki, münasibətlərin yaxşı vaxtında, iş əsnasında ortaya çıxan narazılıqlar şəxsi münasibətlərə təsir göstərməmiş oranı tərk edim. Şəxsi münasibətləri yüksək səviyyədə saxlayıb işdən ayrılmaq yolu ən optimal yoldur mənim qənaətimcə. Belə qərarlar vermək mənim üçün çətin deyil.

– Siz hal-hazırda hardasınız?

– Hal-hazırda işsizəm.

– Artıq üç aydır…

– Üç aydan çoxdur.

– Aydındır. Əminəm ki, bu yazını jurnalistlərimiz böyük maraqla oxuyacaqlar. Sizi tanıyan, qəbul edən, dəyərləndirən insanların sayı çoxdur. Xüsusi qeyd edim ki, mütləq əksəriyyətin fikirləri müsbətdir, hər halda, mən belə bilirəm. Və onu da bilirəm ki, uzun illər aparıcı media qurumlarında və rəhbər vəzifələrdə çalışıb bu hörməti qazanmaq heç də həmişə asan olmur. Mənə maraqlıdır, Sizin özünüzün, öz media qurumunuzu yaratmaq fikrini, niyyətiniz olmayıbmı?

– Açığı, belə fikirlərim olub. Hiss olub. Amma keçdiyimiz yol məni hisslərə aldanmamaga alışdırıb. Həm də hansısa addımı atmaq üçün hisslər həmişə kifayət eləmir. Belə ideyalar olub. Mənə dəfələrlə deyiblər, özü də heç bir alt niyyət olmadan. Mənə, belə deyək, doğru yol göstərmək məqsədilə sualla müraciət ediblər dəfələrlə. Soruşublar ki, niyə öz mediamı yaratmıram.

– Sizdə bu çox uğurlu alınardı.

– Düzü, 15-20 il bundan qabaq biz siyasi mübarizənin içindəydik. Həm də media peşəkarlığının artırılması ilə bağlı işlər vardı. Medianın oturuşması prosesi gedirdi, həm də öz haqlarımızı, necə deyərlə, döyüşərək almaq təcrübəsi də vardı.

– Reklam bazarı da vardı.

– Bəli, reklam bazarı da vardı. Reklamın uğrunda da mübarizə vardı. Deyim ki, ümumi mənafe həmişə şəxsi planlarımı ertələyib. Təmsil etdiyim media qurumunun mənafeyi, hətta təmsil etdiyim düşərgənin mənafeyi. Ümumi bir amal var idi. Arasında oldugum insanların maraqları var idi. Bu amal mənə ayrı, özəl bir plan qurmaga mane olub həmişə. Hesab eləmişəm ki, ümumi işə kömək eləmək daha, daha vacibdir, daha düzgündür. Ümumi qazanın altına odun atmağın hamımız üçün bişən yeməyi daha dadlı edəcəyinə inanmışam. Mən xaraktercə altruistəm. Həmişə də belə olub.

– Bu o deməkdir ki, şəxsi medianı qurmaq üçün bəlli dərəcədə eqoist olmaq lazımdır?

– Əlbəttə. Eqo var. Ümumiyyətlə, deyim ki, jurnalistika şöhrətpərəstlik və eqo peşəsidir.

– Altrusit olaraq bunu necə uzlaşdıra bilmisiniz, Qabil müəllim?

– Görünür, uzlaşdıra bilməmişəm də (gülür). Eqoya aid planlarım həmişə ertələnib. Sizə bir şey deyim. Mən nə "Yeni Müsavat”da, nə Lent.az-da, nə də "Gün Səhər”də özümü vintcik hesab eləməmişəm. Bu layihələrin hər birində ciddi şəkildə imzam olub. Məsələn, xatırlayıram, "Yeni Müsavat”da işlədiyim müddətdə iki dəfə qəzetin rəhbəri həbsdə olub. Və o həbsdə olan zaman qəzetin bütün ağırlığı düşürdü mənim və qəzetin rəhbərliyindəki digər dostlarımızın üzərində. Sonra xatırlayıram, "Gün Səhər”də fəaliyyətə başlayanda Arif bəyin dediyi sözləri. O demişdi ki, mən işə qarışmayacam, siz nominal deyil, real baş redaktor olduğunuzu görəcəksiniz. Belə də oldu.

– Yəni səlahiyyətlə məsuliyyət arasında tərs mütənasiblik yox idi.

– Bəli, yox idi. Bir də Lent.az mərhələsi haqqında. Mənə çox xoşdur ki, hörmətli Vüsalə Mahirqızı bütün çıxışlarında həmişə deyir ki, Qabil Abbasoğlunun layihəsidir. Əlbəttə, texniki və digər peşəkar dəstək olmasaydı, mən qəzetdən gəlmiş bir adam kimi sayt işində xüsusi bir nailiyyət ortaya qoya bilməzdim. Amma o elə hesab edirsə, mən də hesab edirəm ki, Lent.az layihə olaraq, məzmun etibarilə daha çox mənim layihəm olub. Və indi də bir daha minnətdarlıq edirəm, həmin kollektivin bütün üzvlərinə. Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Belə bir təsəvvür var ki, guya bizim oxucu sarı mətbuatı istəyir, sarı mətbuatı arzulayır, dəyərləndirir. Belə deyil. Elə vaxtlar olub ki, təcrübələr qoymuşuq. Bir neçə gün ərzində maqazin xəbərlərinə üstünlük vermişik və sonra oxunma saylarını müqayisə etmişik. Nə statistikasına görə, nə də auditoriyanın sanbalına görə maqazin xəbərləri heç vaxt ciddi materialı ötməyib. Ola bilər ki, sensasiyalı bir xəbər qabaga keçsin, amma bu, sabit deyil. Mən sabit auditoriyadan danışıram.

– Qabil müəllim, Sizin mediada çalışmamağınız məncə, bu təkcə mənim fikrim deyil, yolverilməzdir. İndi necə, öz media qurumunuz yaratmaq niyyətiniz varmı?

– Belə bir hazırlığım var.

– Ertələməyin, çünki bu dəfə də ertələsəniz, daha on il öz layihənizi gözləməli olacağıq.

– Uzun müddət, Azərbaycan mediası media kimi deyil, siyasi partiya kimi fəaliyyət göstərməli olub. Təəssüf ki, bizim media bu yolu keçməli oldu. Elə indi də vəziyyət 180 dərəcə dəyişməyib və media indi də bilavasitə öz işi ilə məşğul olmur. Deyirsiniz ki, niyə öz mediamı qurmamışam. Şərtlər beləydi ki, düşərgə seçmək lazım idi. Ya bizimləsən, ya da düşmənsən. Mən düşmən olmaq istəmirəm axı. Mən hətta belə deyək Azərbaycanın nə ən sağ rəngi ilə, söhbət siyasi spektrdən gedir, nə də ən sol rəngi ilə düşmən olmaq istəmirəm. Bu hakimiyyət nümayəndəsidir, bu müxalifət nümayəndəsidir, və mən bu insanlardan hər hansı birini hökmən ya təbluğ eləməliyəm, ya tənqid eləməliyəm. Mənim belə bir fikrim olmayıb, yoxdur. Odur ki, ötən dövrdə dediyiniz media qurumunu qurmaq niyyətim, planlarım olsaydı belə, bu ideyanı gerçəkləşdirmək imkanım yox idi. Planları həm də bu səbəbdən ertələmişəm. Son bir ildə ümid yaranmışdı ki, kardinal dəyişiklik ola bilər. Amma nəyi dəyişmişik? Hələ də yeni metodika, yeni yanaşma görmürəm.

– Bəlkə yeni metodikanı qurmaq və tətbiq eləmək alınmır bizdə?

– Necə ola bilər, hər yerdə alınsın, bizdə alınmasın?

– Axı kifayət qədər yer var ki, Sizin yeni metodika kimi dəyərləndirdiyiniz nəsnə işləmir.

– Əgər tətbiq edilsə, işləyər əlbəttə.

– Bəs formalaşmış vərdişlər? Bəs özünüsenzura?

– Başlamalıyıq. Hələ ki, medianın nisbətən azad olduğu dövrü xatırlayan insanlarımız çoxdur. Yubanmadan, işlər görülməlidir. Amma əsla o fikirdə deyiləm ki, dərhal ultra səviyyəli azadlıq verilməlidir. Başqa, yeni heç nə demirəm, sadəcə mövcud qanunvericiliyə əməl olunacağı təqdirdə, proses gedəcək. Amma o şərtlə ki, qanunvericiliyə həm media mənsubu əməl eləməlidir, həm də məmur. Hazırkı qanuna, bir də təbii ki, Jurnalistlərin Etik Kodeksinə əməl edilsə, bu çərçivə daxilində çox işlər görülə bilər.

– Qabil müəllim, qayıdaq Sizin jurnalist karyeranıza. Jurnalistikaya gəlişiniz necə oldu?

– 1990-cı ildə "Kommunist” qəzetində xalq hərəkatının əleyhinə bir məqalə dərc edilmişdi. Yazını oxudum və hiss etdim ki, cavab yazmaq istəyirəm. Düzdür, cavabımı tam dərc eləmədilər, amma bir hissəsi çap olundu. O yazıdan sonra məndə stimul əmələ gəldi və başladım yazmaga. Rauf bəylə tanış oldum, qəzetin çap prosesində iştirak etdim. Və beləliklə, qəzet fəaliyyətinə başladım. Romantikası da vardı o dövrün, deyim ki, kifayət qədər ciddi risk elementi də vardı.

– Azərbaycan mediasında özünüsenzuranın geniş yayılması risk elementini əhəmiyyətli dərəcədə azaltmış olar.

– Məhdudiyyətləri tətbiq eləmək vaxt, enerji alır. Azadlıq isə an məsələsidir. İllərlə mətbuat çərçivə içərisinə salındı. Vaxt getdi, enerji getdi, pul getdi… Azadlığı vermək üçünsə vaxt lazım deyil. Əlbəttə, bütün sui-istifadə hallarının əleyhinəyik. Mən sərhədsiz azadlıq tərəfdarıyam. Jurnalistikaya azadlıq verilməsə, nə jurnalistika inkişaf edəcək, nə cəmiyyət. Media öz təyinatı üzrə məşğul olsa idi, belə olmazdı. Mən bura başqa planetdən gəlməmişəm, buranın reallıqlarını bilirəm və qəbul edirəm, hətta bəzilərinin tərəfdarıyam da. Məsələn, torpaqları işğal altında olan bir ölkə müharibə mövzusuna məhz o cür münasibət bildirməli idi.

– Və hərbi senzura tətbiq edilməli idi.

– Ehtiyac yarananda, bəli. Hətta elə məsələlər var ki, ola bilsin jurnalistika prinsiplərinə zidd idi. Amma bu məsələ tərəzinin bir gözündə olubsa, digər gözündə də mənim bir milyon insanımın hüquqları olub axı. Bəs dünya niyə səsini bu məsələdə çıxartmır? Yəni bu fərqli standartlar həmişə olub.

Hazırda torpaqlarımızın çox böyük hissəsi işğaldan azad olunub, Qarabağın 30 ilə yaxındır ayağımız dəyməyən yerlərinə gedirik, bütün bunlar insanlarda yeni-yeni hisslər yaradır və mən bu prosesin ümumi tarixi və milli kontekstinin qorunmasının tərəfdarıyam. Amma baxın, bu biri tərəfdə nə baş verir? Tutaq ki, dövlət başçısının dünyanın bir nömrəli informasiya resursuna əsaslandırılmış, arqumentlərlə zəngin, sanballı bir müsahibəsi olub. Yəni o resursu dünyanın hər yerində oxuyurlar. Müsahibə verib və insafən, jurnalisti, o sualları formalaşdırıb ora göndərənləri də necə lazımdır, oturdub yerinə. Bunu təzədən tezis şəklində mediaya göndərib, əzik-üzük, konyuktur mətnlərlə guya təbliğ eləmək, əslində isə dövlət başçısının gördüyü mühüm işin pis bir karikaturasını yaratmaq kimə lazımdır? Prezidentin bu miqyasda müsahibəsini mən təzədən niyə, harada və kimə təbliğ etməliyəm? Quba, yaxud Beyləqan rayonlarında kənd təsərrüfatı ilə məşğul olan adamlara? Niyə axı? Miqyasa baxın – bunu Çin, Yaponiya, Rusiya, Avropa, Amerika, yəni bütün dünya oxuyur. Dünyanın media nəhənglərinə verilən müsahibəni Beyləqan rayonunun bir kəndində təbliğ etməkdə nə məna görürsünüz? Niyə redaksiya bütün işini kənara qoyub, bütün günü politoloq axtarmalıdır ki, cənab Prezidentin müsahibəsinə münasibət bildirsin? Politoloq nə deməlidir? Axı nə lazımdır, onu da dövlət başçısı deyib.

Adamlar oturub tezis axtarırlar ki, sabah mediaya nə tapşıraq yazsınlar. Axı medianı, adamları bu cür idarə etmək olmaz. Medianın maraqlarını idarə edə bilərsən. Necə? Ona işləmək üçün şərait yaradarsan, informasiyanı gizlətməzsən, vaxtlı-vaxtında açıqlama verərəsən…

Məsələn, 44 günlük Vətən müharibəsi dövründə hər kəs adekvat olaraq öz funksiyasını yerinə yetirirdi. Müdafiə Nazirliyindən operativ reaksiyalar var idi, dövlət başçısı hər gün müsahibə verirdi, köməkçiləri tvit atırdılar.

– Amma nəzərə alın ki, sosial şəbəkələrə çıxış məhdudlaşdırılmışdı.

– Saytlar ki, məhdudlaşmamışdı. Bayaq dediyimiz o konyuktur mətnlərə niyə yer qalmırdı? Çünki hansısa bir psevdo-ekspertin şərhindən əvvəl Müdafiə Nazirliyi məlumat yayırdı, Prezident və ya köməkçisi tvit atırdı və bizim üçün mənzərə tam aydın olurdu. Bilirdik ki, istinad olunmalı mötəbər mənbə budur. Və beləcə, boşluq qalmırdı. Amma sən boşluq yaradanda, bura psevdo-ekspert də, xarici mənbələr də gəlib girəcək, hər kəsin də öz marağı olacaq. Bunu bilməyən də aldanaraq yanlış məlumatı götürüb saytına yerləşdirəcək. Boşluq olmamalıdır ki, ora zərərli informasiya dolmasın.

– Bəzi xəbərlərin, əslində isə elə də vacib olmayan xəbərlərin ifrat tirajlanmasında digər ciddi prosesləri unutdurmaq, arxa plana salmaq cəhdi yoxdur ki?

– Media qeyri-peşəkar olanda hər yerdə alətə çevrilir. Peşəkar media isə dövlətin, cəmiyyətin və iradəsinin tələb etdiyi işləri görmək üçün, müsbət mənada, yenə də alətdir. Dördüncü hakimiyyət kimi. Əvvəla, sosial media çox hadisələri ortaya çıxarır. Yəni sosial şəbəkələr olmasa idi, bu hadisələrin bir hissəsindən xəbərimiz olmayacaqdı. İkincisi, cəmiyyət öz taleyini həll etmək məsələsindən uzaqlaşanda, boş-boş şeylərdən səhnə düzəldib, qəhrəmanlar yaradıb, qələbə çalmaq istəyir. Cəmiyyət həyatını özü qurmalıdır. Tutaq ki, gedib səs verməlidir, verdiyi səsin nəticəsini görməlidir, mətbuata sözünü deyə bilməlidir, mətbuat da o şikayəti rahat yaya bilməlidir və s. Əlbəttə, hamısı da qanunlar çərçivəsində. Vətəndaş özünün vətəndaş olduğunu tam mahiyyətilə təsdiq edə bilməyəndə, bu ehtiyacını başqa formada ödəməyə çalışır. Gedib krossvord həll edir, şahmat oynayır, qalib gəlir, eqosunu qidalandırır. Yaxud, bir status, ya da yazı yazır ki, filankəsi "belə etdim”. Bunlar yalançı səhnələrdir. Və bu səhnələrdə özlərinin qalib olduğunu nümayiş etdirirlər. İnanın, əgər o adamların görməli olduqları iş tam mənası ilə onların öz öhdəsinə buraxılsa, rahat şəkildə öz işləri ilə məşğul olsalar, özlərini tam ifadə edə bilsələr, onların bu işlərə vaxtı olmazdı.

Jurnalistlər də o cümlədən. Yeri gəlmişkən, yeni yaradılmış Medianın İnkişafı Agentliyi də həmin o ümidlərin başqa bir ünvanı idi. Belə məlum olur ki, Agentlik də real durumu ya görmür, ya da görür, qəbul etmək istəmir, qəbul etmək sərf etmir. Bir müddətdir, Media haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilir. Burası əla. Jurnalistləri dinləyirlər, təkliflər səslənir və s… Amma bu nəyə yarayacaq ki? Bayaq dedim, indi qüvvədə olan qanun da işləmək üçün yaxşı bazadı, amma əməl olunsa! Yox, əməl olunmayandan sonra lap dünyanın ən liberal qanununu hazırla, nə dəyişəcək ki?! Gündəlik tezislər, tezisyazanlar ordusu, konyuktur çıxışlar, tutuquşu ekspertlər, sonu ilk cümləsindən bilinən "təhlillər”… qaldıqca, dəyişiklik adı ilə havayı pul xərcləməyə zərurət yoxdur.

Dediyim odur ki, cəmiyyətə, o cümlədən mediaya azadlıq verməkdən çəkinmək lazım deyil. Bunun yalnız faydası olacaq. Bir də ki, axı azadlıq seçim deyil. Azadlıq zərurətdir! //1905.az//


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR