"Türkiyəsiz Azərbaycan hər hansı bir şəkildə özünü yetim və kimsəsiz hiss edə bilər"

31-08-2018, 13:51 619 dəfə baxılıb

"Türkiyəsiz Azərbaycan hər hansı bir şəkildə özünü yetim və kimsəsiz hiss edə bilər"

Türkiyənin milli bayramlarından biri, 30 avqust-Zəfər Bayramı qeyd olundu. Bu bayram Türkiyə tarixinə Birinci Dünya Müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırılması planlarının qarşısının alınması ilə əlamətdardır. O zaman böyük sərkərdə və dövlət xadimi Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr siyasi və mənəvi iflasa uğramış xanədanlığın xarabalıqları altından bugünkü Türkiyə Cümhuriyyətini dirçəltmək üçün böyük mücadilə və qurbanlar veriblər. Möhtəşəm Çanaqqala zəfəri sonradan bütün Türkiyənin, eləcə də türk dünyasının zəfəri kimi qeyd olunmağa başlayıb. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb və 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd olunan bayramdır. İşğalçı orduların ölkə sərhədlərində çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir.

Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında qardaş Türkiyəni təbrik edərək, bu bayramın həmçinin Azərbaycanın da bayramı olduğunu bildirdi:

“Əgər Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusu Bakıya gəlməsəydi, bu günləri biz Bakıya ölkənin paytaxtı deyib rahatlıqla otura bilməzdik”

“Türkiyə təbii ki, qardaş məmləkətdir və bu həm də bizim Zəfər bayramımızdır. Çünki Türkiyənin ayaqda olması, Azərbaycanın ayaqda olması deməkdir. Türkiyəsiz Azərbaycan hər hansı bir şəkildə özünü yetim və kimsəsiz hiss edə bilər. Bizim ən ağrılı problemimiz Dağlıq Qarabağdır və faktiki olaraq Türkiyədən və bir çox hallarda Pakistandan başqa digər ölkələrdən bu qədər təmənnasız qardaşlıq dəstəyi görmürük. Ona görə də Türkiyənin zəfər qazanmasını Azərbaycanda istəyən insanlar, həm də Azərbaycanı sevən insanlardır.

Türkiyəyə qarşı aqressiv, neqativ münasibət bəsləyən insanların Azərbaycan da münasibətlərinə həmişə şübhə ilə yanaşıram, çünki ola bilsin ki, kimsə şəxsi hisslərlə hansısa bir münasibət ortaya qoya bilər, amma strateji baxımdan Azərbaycanın gələcəyini, mövcudluğunu, Azərbaycanın qürurlu bir dövlət olaraq ayaqda qalmasını istəyən hər bir kəs, həm də Türkiyəyə bir minnətdarlıq borcu daşımalıdır. Əgər Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusu Bakıya gəlməsəydi, bu günləri biz Bakıya ölkənin paytaxtı deyib rahatlıqla otura bilməzdik. On beş sentyabırda da məhz elə bu Zəfər bayramının davamı gəlir və mən hesab edirəm ki, Azərbaycan da 15 sentyabırı Türkiyəylə birlikdə Zəfər bayramı olaraq qeyd etməlidir. Bu bayram bizim tariximizdə ən mühüm hadisələrdən, həyati məsələlərdən biridir. Ona görə də mən Türk millətinin həmişə var olmasını duyuram və Türk dövlətinin həmişə uca olmasını Allahdan diləyirəm”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR