"Xalq Elçibəyə etimadsızlıq göstərdikdən sonra prezident seçkiləri təyin olundu və..."

5-10-2018, 17:58 620 dəfə baxılıb

"Xalq Elçibəyə etimadsızlıq göstərdikdən sonra prezident seçkiləri təyin olundu və..."


“Azərbaycan elə bir çətin durumda idi ki, ölkəni xilas etmək üçün heç şübhəsiz ki, böyük siyasi təcrübəyə, dərin zəkaya, məntiqə, idarəyə və xalqın düşündüklərini, arzuladığını, istədiklərini reallaşdıra bilən liderə ehtiyac var idi”

Bunu Moderator.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Heydər Əliyevin ilk dəfə prezident seçilməsinin iyirmi beş ilinin tamam olmasına münasibət bildirərkən deyib:

“Həqiqətən də 1993-cü il oktyabrın 3-də Heydər Əliyevin ölkə prezidenti seçilməsi Azərbaycanın tarixində olduqca mühüm və əlamətdar hadisə idi. Həmin zaman kəsiyində Azərbaycan çox acınacaqlı bir durumda idi, ölkəni siyasi, iqtisadi, hərbi böhran bürümüşdü. Ermənistanın işğalçı siyasəti intensiv xarakter almışdı, ölkə idrəolunmaz vəziyyətdə idi, hətta insanlar yavan çörək tapmaqda çətinliklərlə üz-üzə qalmışdılar. Bir sözlə, Azərbaycan elə bir çətin durumda idi ki, ölkəni xilas etmək üçün heç şübhəsiz ki, böyük siyasi təcrübəyə, dərin zəkaya, məntiqə, idarəyə və xalqın düşündüklərini, arzuladığını, istədiklərini reallaşdıra bilən liderə ehtiyac var idi. Azərbaycanda qardaş qanı axıdılmışdı, ölkə parçalanma ilə üz-üzəydi, cənubda “Talış Muğam Respublikası”, şimalda “Sadval” təşkilatı “meydan sulayırdı” və Ermənistanın da hücumu çox kəskin bir xarakter almışdı. Belə bir çətin vəziyyətdə Azərbaycan xalqı müdriklik göstərərək Ulu Öndərimizi siyasi hakimiyyətə gətirdi və mən şadam ki, həmin zaman kəsiyində Azərbaycan xalqı ilə bərabər idim.


İyun ayının 15-də məhz elə Qurtuluş günü onun Milli Məclisin sədri seçilməsi ilə əslində Azərbaycan xalqının düşmüş olduğu vəziyyətdən çıxmaq üçün ümidləri yarandı. Ölkə prezidenti olaraq Əbülfəz Elçibəy artıq öz vəzifəsini yerinə yetirmək imkanında deyildi, o, Bakını tərk edərək Kələkidə yerləşmişdi. Ayaz Mütəllimov ondan qabaq Moskvada məskunlaşmışdı. Belələliklə, ölkədə belə bir vəziyyət var idi ki, Ayaz Mütəllimov deyirdi ki, mən qeyri-qanuni hakimiyyətdən getmişəm, ölkənin prezidentiyəm. Əbülfəz Elçibəy bəyan edirdi ki, ölkəni Kələkidən idarə edirəm. Halbuki bunlar çox anormal yanaşma idi və Heydər Əliyev bütün bunlara son qoymaq üçün beynəlxalq təcrübəyə söykənərək referendum keçirdi. Xalq Əbülfəz Elçibəyə etimadsızlıq göstərdikdən sonra prezident seçkiləri təyin olundu. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqının doxsan faizindən çoxunun səsini toplamaqla ölkə prezidenti seçildi.

Beləliklə, Azərbaycanı düşdüyü vəziyyətdən çıxarmaq üçün Heydər Əliyevin üzərinə çox çətin bir missiya düşdü. Nəzərə alsaq ki, ətrafında onun sonradan formalaşdırmış olduğu güclü komanda yox idi. Faktiki olaraq o, tək idi və AXC-nin təyin etmiş olduğu insanların hamısı vəzifələrini dondurmuşdular. Buna görə də idarəçilik sistemində çox böyük problemlər yaranmışdı. Buna baxmayaraq Heydər Əliyev təkbaşına bütün bunların öhdəsindən gələrək, öz komandasını formalaşdırmağa başladı. Həmin komanda Azərbaycan dövlətçiliyini gücləndirmək üçün Heydər Əliyevin tapşırıqlarını yerinə yetirməli idi. Sonra siyasi, iqtisadi, sosial islahatların aparılması üçün son dərəcə vacib olan Azərbaycan Respublikasının Kontitusiyası işlənib hazırlanmalı idi.

Ölkə başçısı bu komissiyaya rəhbərlik edərək 1995-ci ildə bu missiyanı çox müvəffəqiyyətlə həyata keçirdi və Azərbaycan öz konstitusiyasını qəbul etdi. Eyni zamanda xüsusi olaraq Ermənistanla aparılan müharibə Azərbaycanda üzücü vəziyyət yaradırdı, çünki ordumuz hələ kifayət qədər formalaşmamışdı, silah-sursat sarıdan çox ciddi çətinliklərlə üz-üzəydik. Ona görə də belə bir vəziyyətdə Azərbaycan xalqının iradəsinə və qəhrəmanlığına söykənərək, Heydər Əliyev Ermənistana çox ağır müharibədə qalib oldu, Füzuli istiqamətində ordumuz ciddi uğurlara imza atdı. Bundan sonra Ermənistanın ətrafında olan qüvvələr ciddi narahatlıq keçirməyə başladılar. Beləliklə, atəşkəs elan edildikdən sonra Azərbaycan bütün diqqətini ölkəyə böyük iqtisadi, siyasi dividentlər gətirə biləcək Əsrin Müqaviləsi üzərində işini sürətləndirdi. Buna da birbaşa Ulu Öndərimiz rəhbərlik edirdi. Həmin dövrdə beynəlxalq transmilli neft şirkətləri ilə onları himayə edən siyasi qüvvələrlə danışıqlarda Azərbaycanın işçi qüvvəsinə indiki prezidentimiz Cənab İlham Əliyev rəhbərlik edirdi. 1994-cü il sentyabrın 20-də Əsrin Müqaviləsi imzalandıqdan sonra Azərbaycan üçün çox böyük imkanlar yarandı. Ermənistanı idarə edən qüvvələrin neytrallaşması prosesi başladı və onların Azərbaycan tərəfinə keçməsinə əsaslar qoyuldu.

Bu, Ulu Öndərimizin qısa zaman kəsiyində reallaşdırdığı çox ciddi layihə idi və bunu xüsusi olaraq qeyd etmək lazımdır. Heydər Əliyev 1993-cü ildən 1998-ci ilə qədər faktiki olaraq demokratik Azərbaycan dövlətini qoruyub saxlayacaq, inkişaf etdirəcək bütün islahatlara geniş imkanlar açmaqla bərabər, həm də bunun memarı kimi özünü təsdiq etdi. Heydər Əliyev prezidentliliyinin birinci dönəmində Azərbaycan öz inkişafını və dövlətçiliyinin zəmanətli, qarşısıalınmaz bir mərhələsinə qədəm qoydu. 2003-cü ilə qədər bir daha o, özünün bu baxımdan siyasətini həyata keçirdi və ölkə başçısı İlham Əliyev hakimiyyətə gəlişində Heydər Əliyevin təməl prinsiplərini çox uğurla yerinə yetirərək, Azərbaycanı bu günki inkişaf səviyyəsinə qaldırdı. Bizim bütün qələbələrimizin başlanğıcı birbaşa Ulu Öndərimizlə bağlıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR