Uşaq ədəbiyyatını niyə uşaq yerinə qoymuşuq?

18-10-2018, 15:48 591 dəfə baxılıb

Uşaq ədəbiyyatını niyə uşaq yerinə qoymuşuq?


Millət vəkili Zahid Oruc Milli Məclisin iclasında “Uşaqların zərərəli informasiyadan qorunması haqqında” qanunun müzakirəsi zamanı bu günə kimi dərsliklərimizdə yer alan “Cırtdan” və “Məlikməmməd” nağıllarından başqa yeni nağılların dərsliklərə salınmasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, “Biz bu xalqa, uşaqlarımıza, onların boyuna nə vaxta qədər “Cırtdan”ın fokusundan baxacağıq?”

Məsələyə münasibət bildirən uşaq ədəbiyyatı seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadə Moderator.az-a açıqlamasında millət vəkilinin fikirləri ilə razı olduğunu dedi:

“Millət vəkilimiz Zahid Orucun fikirləri ilə razıyam. Mənim də “Cırtdan” nağılından xoşum gəlmir. “Cırtdan” rüşvətxordu, yalançıdı, xarici görkəmi pisdi, adamları işlədir, yalan danışır və sair. Bu nağıl uşaqlara heç nə verə bilmir. İndi tədrisin yüngül bir vaxtında bir əhvalat kimi bizim xalq bunu mənimsəyir, amma bu gün “Cırtdan”ın yeri deyil. Eyni zamanda “Məlikməmməd” nağılı da bura daxildir. Dil baxımından bu nağıl lazım ola bilər, amma təfəkkür baxımından bu nağıl da lazım deyil. Müasir uşaq nağılları yazılmalıdır və belə nağıllar da yazılır. Məsələn, mənim “Ayişə və Maşa” adlı gözəl bir povestim var, gözəl bir əsərdir. Görün onu dərsliklərə salan varmı? Dərsliklərə ayrı-ayrı nəşriyyatlar, ayrı-ayrı fərdi adamları hazırlayırlar və ağıllarına gələnləri dərsliklərə salırlar. Qohum-əqrəbalarına deyirlər ki, bir şeir yaz dərsliyə salaq. Belə həvəsakrcasına, pedaqoqlardan uzaq dərsliklər kimə lazımdır? Bizim yaxşı uşaq şairlərimiz var və onların əsərlərinə müraciət olunmalıdır. Beş yüz səhifəlik “Azərbaycan Uşaq Ədəbiyyatı Antologiyası” çap etdirdim və sabiq təhsil naziri Mikayıl Cabbarova da o kitabı verdim, amma heç bir əhəmiyyəti olmadı. Yenə ayrı-ayrı adamlar küncdə-bucaqda dərslik hazırlayırlar. Uşaq ədəbiyyatı seksiyasının rəhbəri olduğum üçün müəlliflər əsərlərini mənə verirlər, amma bunları bu gün dərsliklərə salan yoxdur. Ən böyük bəlamız əsərin çapı, təbliği, dərsliklərə salınması, tədrisidir. Uşaq ədəbiyyatı tənqitçisi də yox dərəcəsindədir. Bir sözlə uşaq ədəbiyyatını uşaq yerinə qoymuşuq”.


“Qanun” nəşriyyatının diketoru, naşir Şahbaz Xuduoğlu isə uşaq əsərləri yazan müəlliflərin az olduğunu bildirərək, məcburiyyətdən uşaq ədəbiyyatları ilə bağlı tərcümələrə üstünlük verdiklərini bildirdi:

“Uşaq ədəbiyyatı ilə bağlı əsərlər yazan müəlliflər çox azdır. Bir-iki müəllifin kitablarını çap etmişik. Uşaq ədəbiyyatına həm də az maraq göstərirlər. Ona görə də biz məcburuq ki, uşaq ədəbiyyatı ilə bağlı xarici müəlliflərin əsərlərini dilimizə tərcümə edək. Bu sahə stimullaşdırılmalıdır, dinamik olmalıdır. Yeni hekayələr, nağıllar yazılmalıdır. Həmin nağıllar bu gün də yazılır və onlar da uşaqlara maraqlı ola bilər. Uşaq ədəbiyyatının stimullaşdırılması ilə bağlı heç bir proqram yoxdur. Yazıçı bununla bağlı kitab yazanda onu məktəblər alarsa, ona maraq yarana bilər. Məktəblər demək olar ki, bu gün alternativ ədəbiyyatın yetişdirilməsində heç bir rol oynamır. Ona görə də ədəbiyyat da öz-özünə yarana bilməz axı, yəni bu ədəbiyyat heç kimə lazım deyilsə, necə yaransın? Dəstək olarsa əlbəttə ki, bu yaranar”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR