Paşinyan əsl zərbəni seçkidən sonra alacaq - TƏHLİL

5-12-2018, 14:40 475 dəfə baxılıb

Paşinyan əsl zərbəni seçkidən sonra alacaq - TƏHLİL

Növbəti illərdə Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyir.

Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert Ermənistanda parlament seçkilərində birmənalı olaraq Nikol Paşinyanın blokunun qalib gələcəyini deyib:

“Paşinyan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. İqtidar bütün hallarda seçicilərinə söz verib. Bu mənada ölkədə daxili siyasi və iqtisadi proseslərin gedişatı ilə bağlı bütün məsuliyyət indiki hökumətin üzərinə düşür. Ona görə Ermənistanda keçiriləcək seçkilər mühüm hadisə kimi yadda qalacaq. Çünki Qarabağ klanı öz səlahiyyətlərini və rəhbər vəzifələri Ermənistan təmsilçilərinə təhvil vermiş olacaq. Əlbəttə ki, bu, Ermənistanın siyasətində yeni bir mərhələdir”.

Politoloq bu yeni mərhələnin ziddiyyətlərə yol açacağını bildirib:

“Növbəti illərdə Ermənistanı daha ciddi siyasi və iqtisadi problemlər gözləyir. Ölkə iqtisadiyyatında xeyli həll olunmamış məsələ var. İndiki iqtidar isə ölkədaxili problemlərlə bağlı heç bir normal təklif irəli sürməyib, heç sürənə də oxşamır. Paşinyan və onun komandası ancaq siyasi ritorika ilə məşğuldur. Hazırda Ermənistan cəmiyyəti may və apreldəki eyforiyadan hələ də çıxmayıb. Ancaq bu belə davam etməyəcək və erməni cəmiyyəti gec-tez ayılacaq. Bu zaman isə çox gec olacaq. Çünki iqtisadi problemlərin həlledilməmiş qalması İrəvana əsl zərbə olacaq”.

Ekspertin sözlərinə görə, belə vəziyyətdə İrəvan üçün real yardımçı xarici investorlar ola bilər ki, bu da müşkül məsələdir:

“Xarici investor ancaq zəmanətçi qismində çıxış edən ölkəyə yatırım edir. Ermənistanın indiki hakimiyyəti isə buna zəmanət verə bilməz, çünki iqtidar olduqca zəifdir. Bir sözlə, yaxın illərdə Ermənistana yatırımların olmaması bu ölkədə iqtisadi problemlərin dərinləşməsinə gətirib çıxaracaq”.

İ.Vəlizadə danışıqlar prosesi ilə bağlı irəliləyişin gözlənilmədiyini də qeyd edib:

“Paşinyanın qondarma rejimin rəhbərlərinə təsiri sıfra bərabərdir. Nikol bu təsiri asanlıqla bərpa edə bilməyəcək. Çünki qondarma rejim daha çox Qarabağ klanına bağlıdır. Ermənistanda mövqeyini itirən Qarabağ klanı isə Qarabağda mübarizəni davam etdirəcək. Qondarma rejimin rəhbəri Bako Saakyan və onun ətrafında gedən proseslər göstərir ki, artıq İrəvan üçün lazımı maliyyəni ərsəyə gətirmək çox çətin olacaq. Bu da öz növbəsində Qarabağ probleminin tənzimlənməsinə əngəl yaradacaq. Bu baxımdan da məsələnin həlli ilə bağlı birmənalı nikbinlik gözləməyə dəyməz”.

Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR