"Qanunla iş bitmir, ictimai qınaq da vacibdir" - MÜSAHİBƏ

28-02-2019, 12:38 320 dəfə baxılıb

"Qanunla iş bitmir, ictimai qınaq da vacibdir" - MÜSAHİBƏ

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, ixtisasca həkim və hüquqşünas olan Məlahət İbrahimqızı oxu.az -ın suallarını cavablandırır:

- Son illər cəmiyyəti narahat edən məsələlərdən biri də enerji içkilərindən istifadə və onların insan həyatında, insan orqanizmində, xüsusilə də buna daha çox meyilli olan gənclərdə, yeniyetmələrdə yaratdığı ciddi problemlər, fəsadlardır. Bu istiqamətdə daha nələrin edilməsi lazımdır ki, təhlükənin qarşısını almaq mümkün olsun?

- Hesab edirəm ki, çox vacib bir məsələyə toxunursunuz. Bu, hər birimizi narahat etməkdə və düşündürməkdədir. Bu baxımdan, “Gənclər siyasəti haqqında” mövcud qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hər kəs tərəfindən müsbət qiymətləndirilir.

Artıq parlamentdə ikinci oxunuşdan keçən qanun layihəsi özündə çox mühüm dəyişiklikləri və yenilikləri ehtiva edir. Bu dəyişikliklərə, yeniliklərə böyük ehtiyac var idi, cəmiyyətin bu yöndə sosial sifarişləri ortada idi.

Odur ki, xüsusilə birinci oxunuşdan sonra millət vəkillərinin təkliflərinin nəzərə alınaraq, qanun layihəsinin ikinci oxunuşunda, konkret olaraq 5.7.1-ci maddəsində 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bir neçə məhdudlaşdırıcı halların nəzərdə tutulması, o cümlədən, bu sıraya alkoqollu enerji içkilərinin satışının əlavə edilməsi çox vacib və təqdirəlayiq haldır.

Bilirsiniz, indi dünya qloballaşmaqdadır, bu tendensiya və proses sürətlə gedir, sərhədlər açılır, xalqların, toplumların, cəmiyyətlərin bir-biri ilə inteqrasiyası getdikcə daha geniş hal alır. Bu mənada, enerji içkilərinin Azərbaycan bazarına daxil olması da qaçılmazdır. Çünki bazar iqtisadiyyatıdır, açıq və azad bazar siyasəti həyata keçirilir, sahibkarlığın fəaliyyətinə məhdudiyyətlər əksəriyyət etibarilə aradan qaldırılıb və qaldırılmaqdadır. Yəni bu səbəbdən bu içkilərin satışı ilə bağlı sahibkarlara, iş adamlarına müdaxilə mümkün deyil.

Bununla belə, əhalimizin, insanlarımızın, xüsusilə də yetişməkdə olan gəncliyimizin, bu içkilərdən istifadəyə daha çox meyilli olan gənc nəslin sağlamlığı, milli genofondumuzun təhlükəsizliyi ən ümdə, ən prioritet məsələlərdəndir. Gələcəyimizi, gəncliyimizi nəyəsə qurban vermək olmaz.

Enerji içkiləri və onun istifadəsi, satışı təkcə bizdə deyil, onu istehsal edən ölkələrin özlərində də ciddi problemlərə səbəb olmaqdadır. Bu məsələdən əziyyət çəkən təkcə bizlər yox, həm də onlar özləridir. Amma təbii ki, bizi ilk növbədə özümüz, yeniyetmələrimiz, gənclərimiz düşündürür.

Təəssüf ki, onlar arasında bu içkilərə daha çox meyillilik var, onlar bu içkiləri daha çox istifadə edirlər. Bu da onlarda alışqanlıq yaradır və nəticə etibarilə onların səhhətinə ciddi təsir göstərir. Necə deyərlər, bu içkilər insan orqanizmi üçün ciddi problemlərə və fəsadlara səbəb olur.

Ona görə məlum dəyişiklik, 18 yaşına qədər olan gənclərin enerji içkilərindən istifadəsinə və satışına qadağa qoyulması çox önəmlidir, gələcək təhlükələrin bəri başdan önlənməsi deməkdir. Bu, eyni zamanda, insan orqanizmi üçün digər zərərli məhsulların, qidaların gələcəkdə qarşısının alınması üçün bir stimul, baza rolunu oynayır.

- Qanunların qəbulu, onların təkmilləşdirilməsi vacibdir, burada söz, problem ola bilməz, bununla belə, onların icrası, tətbiqi də ən önəmli məsələlərdəndir. Ancaq reallıqda bunun çox zaman əksini görürük.

- Sizinlə tamamilə razıyam. Bəzən görürsən ki, qanunlar kifayət qədər sərtləşdirilir, cəzalar, cərimələr ağırlaşdırılır, amma yenə də istənilən nəticə alınmır. Qanunların, onlara edilən mühüm əlavə və dəyişikliklərin tətbiqində, icraya yönəldilməsində xeyli çətinliklər yaşanır, yaşayırıq.

Qanunlar və ya onlara dəyişikliklər qəbul edilirsə, onların qüvvəyə minməsi, icraya yönəldilməsi ilə bağlı fərmanlar, sərəncamlar, digər normativ aktlar imzalanırsa, bu, heç də o demək deyil və o anlamı vermir ki, problem və ya problemlər dərhal həll olundu və ya həllini tapacaq.

Bu, qətiyyən mümkün olan məsələ deyil. Bəzi məsələlərin, bəzi qanunların, dəyişikliklərin həyata keçirilməsində ictimai qınağın, o cümlədən, ictimaiyyətin geniş dəstəyinin olmasına ciddi ehtiyac var. İctimai dəstək və ictimai qınaq bu məsələdə çox önəmli oynayır və oynaya bilər. Heç təsadüfi deyil və özünüz də şahidsiniz ki, ictimai nümayəndəlik, daha doğrusu, ictimai nəzarət məsələsi nə dərəcədə gündəmdədir.

Həm mətbuat, həm ictimaiyyət bu yöndə ciddi müzakirələr aparır və sair. Bu gün ictimai nəzarət cəmiyyətdə ən önəmli məsələlərdən birinə çevrilməkdədir. Odur ki, cəmiyyət üçün ağırlıq təşkil edən məsələlərin həllində ictimaiyyətin, vətəndaş cəmiyyətinin nümayəndələri daha fəal rol oynamalıdırlar, öz töhfələrini verməlidirlər.

Oxu: Nənələrimiz və analarımız niyə bu qədər zorakılığa məruz qalmırdı? - ŞƏRH
Bu yerdə bir məsələdən başqa məsələyə keçərək, məsələn, korrupsiyaya qarşı mübarizəni qeyd etmək istərdim. Özünüz də görürsünüz ki, bu istiqamətdə nə qədər vacib, önəmli addımlar atılıb, qanunlar qəbul edilib, fərmanlar, sərəncamlar imzalanıb, Dövlət Komissiyası fəaliyyət göstərir, bu istiqamətdə Azərbaycan dövlətinin, ən əsası, ölkə rəhbərinin konkret iradəsi ortadadır. Amma korrupsiya, rüşvət halları ilə məşğul olan tərəf bu məsələdə həm də böyük ictimai təpki və ictimai qınaq görməsə, bu məsələ istənilən səviyyədə alınmaz və alnmayacaq.

Təkcə hər şeyi qanunlardan, dövlətdən gözləmək lazım deyil, ictimaiyyət də susmamalı, öz təpkisini ortaya qoymalıdır.

- Hesab edirsiniz ki, bunların adıçəkilən məsələlərin həllində mühüm rolu var və ağırlıq daha çox bu məqamın, ictimai təpkinin, qınağın üzərindədir...

- Təbii ki, belə hesab edirəm və bunun üçün də əsaslarım var. Bu, həm də dünyanın rüşvətxorluqdan, korrupsiyadan nisbətən az əziyyət çəkən dövlətlərində belədir. Onlarda bu məsələlərlə mübarizədə tək qanunlar, dövlət və hökumət orqanları yer almır, həm də toplumlar, cəmiyyətlər öz sözlərini deyirlər. Çünki bu, birgə, koordinasiyalı fəaliyyət nəticəsində yalnız müsbət, istənilən, arzu edilən nəticələr mümkün olur və mümkündür.

Ona görə də mən fürsətdən istifadə edib, ictimaiyyətimizi, vətəndaş cəmiyyətinin nümayəndələrini bu kimi məsələlərdə daha mübariz, daha aktiv olmağa səsləyirəm. Onlardan qəbul etdiyimiz qanunların icrasında aktiv iştirak etmələrini, vətəndaşlıq mövqeyi sərgiləmələrini xahiş edirəm.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR