“Mümkündür ki, bu, İranla Azərbaycanın deyil, 3-cü bir qüvvənin təxribatı olsun” -

14-03-2019, 09:40 378 dəfə baxılıb

“Mümkündür ki, bu, İranla Azərbaycanın deyil, 3-cü bir qüvvənin təxribatı olsun” -

Ekspert İran-Azərbaycan sərhədində insidentlərin intensivləşməsindən danışdı
Son 3 gündə Azərbaycanın İranla sərhədində iki silahlı insident qeydə alınıb. Nəticədə iki nəfər öldürülüb, bir nəfər yaralanıb. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin məlumatına görə, martın 12-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ostair kəndi yaxınlığında İran ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 6 nəfər silahlı naməlum şəxs Azərbaycanın sərhəd naryadına qarşı odlu silahdan atəş açıb. Atışma nəticəsində sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb.

Digər sərhəd pozucuları əllərindəki yükləri ataraq geriyə, İrana qaçıb. Əraziyə baxış zamanı 4 ədəd bağlamada külli miqdarda heroin və tiryək növündə narkotik vasitələr, külli miqdarda güclü təsirli psixotrop maddələr, 1 ədəd ov tüfəngi, 6 ədəd ov tüfənginin patronları və gilizlər aşkar olunub. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev hadisə yerinə gedib, İranın Muğan sahəsi üzrə sərhəd komissarı ilə ərazidə görüşüb, sərhəd pozucularının axtarışı üzrə birgə tədbirləri müzakirə edib. Martın 10-da isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulmasına silahlı cəhd edilib. Atışma zamanı sərhəd naryadının başçısı Səxavət Məmmədov ölüb, sərhəd naryadının üzvü Vidadi Cəbrayılov əlindən güllə yarası alıb. Məlumata görə, dövlət sərhədini pozmağa müvəffəq ola bilməyən sərhəd pozucuları geriyə qaçıb. Hər iki hadisə ilə əlaqədar Azərbaycan Hərbi Prokurorluğunda fakt üzrə cinayət işi başlanılıb. Bundan öncə Azərbaycan-İran sərhədində insident bu il fevralın 11-də baş verib. Azərbaycanın “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı postunun ərazisində sərhədi pozmağa cəhd edən Azərbaycan vətəndaşı Zülfüqar Seyfullayev öldürülüb...

Ümumiyyətlə, Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, son illər Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsilə gətirilib. Son illərdə hüquq-mühafizə orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirən onlarla insanı tutub. Yüzlərlə kiloqram müxtəlif növ narkotik götürülüb. Eyni zamanda dövlətə xəyanətdə günahlandırılan bir sıra şəxslərin məhkəməsi zamanı onların İranla sərhədi qanunsuz yolla keçdiyinin istintaqla müəyyən edildiyi bildirilib. İranla sərhəddə 2018-ci il noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verən silahlı insident zamanı İran vətəndaşı Nəsiri Şəhzad Şekar Azərbaycan sərhədçiləri tərəfindən açılan atəşlə yaralanıb. Məlum olub ki, o, əvvəllər də Azərbaycanın dövlət sərhədini qanunsuz keçib və Azərbaycan sərhədçisini yaralayıb. Bu hadisədən sonra 2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub.

2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki səfər zamanı təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.

Niyə Azərbaycanın sərhədlərində ən çox İranla sərhəddə insidentlər qeydə alınır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, sərhəddə baş verənlər həm də dövlətlərarası münasibətlərdən asılıdır: “SSRİ dövründə münasibətlər yumşaq olanda, sərhədlərdə də münasibətlər yumşaq olurdu. Xüsusi iradlar tutulmurdu, pretenziyalar bildirilmirdi. Hətta SSRİ kimi qapalı dövlət də beləydi. Bu və ya digər dövlətlə münasibətlər pis olanda sərhədlər birinci növbədə möhkəmləndirilirdi. Həmin münasibətlərin kəskinləşdiyi dövlətlərdən gələn turistlərə belə xüsusi iradlar bildirilirdi, yerli-yersiz nöqsanlar irəli sürülürdü. Belə addımlar da qarşılıqlı olurdu. Münasibətlər mülayim olanda isə adətən belə şeylər olmurdu. Münasibətlərdəki yumşalma sərhədlərdə də hiss olunurdu”.

Ekspert deyir ki, Paşinyanın İrana səfərindən sonra orada baş verənlər İran-Azərbaycan münasibətlərində soyuqluq yaradıb: “Elə belə də o qədər də isti olmayan münasibətlərdə soyuqluq yaranıb. Burada versiyalardan biri məhz İran-Azərbaycan münasibətlərinin korlanması və ya tərəflərdən birinin bu məsələyə münasibətdə kəskin mövqe tutmasıdır. Ola bilsin ki, sərhəddə baş verənlər sırf qaçaqmalçılıqdır. Belə çıxır ki, əvvəllər qaçaqmalçılığa bir rəvac olub. Sərhəddə yumşalma olub, həmin malların keçməsi, aparılmasına bir növ göz yumulub. Bu, özlüyündə cinayətdir. Amma belə özfəaliyyətlər ola bilir. Heç narkotik qaçaqmalçılığı deyil, başqa bir şeylər daşınıb. Bu mümkündür. Amma münasibət dəyişəndə hər iki tərəfdən sərhəddə xüsusi göstəriş verilir. Rejim sərtləşdirilir. Münasibətlər gərgin olanda qaçaqmalçılığın belə qarşısı alınır, alınanda insident baş verir, ölüm halları da olur”.

İlham İsmayıl deyir ki, təxribat məsələsi kənara qoyulsa belə münasibətlərdəki soyuqluq açıq şəkildə görünür: “Amma təxribat versiyası üzərində də işləmək lazımdır. Müəyyən edilməlidir ki, təxribatdırsa, hansı tərəfin təxribatıdır. Mümkündür ki, bu, İranla Azərbaycanın deyil, 3-cü bir qüvvənin təxribatdır. Həmin qüvvə Azərbaycan-İran münasibətlərinin korlanmasını istəyə bilər. Bu versiyaların hamısı baş verənləri araşdıran orqanların aparacağı təhqiqatdan, ortaya çıxan nəticədən ibarətdir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR