"Binanı tikənlər yaxına gəlmir, məsələ isə həmişə olduğu kimi vətəndaşın üzərində qalır" - GƏLİŞMƏ

20-05-2019, 13:53 397 dəfə baxılıb

"Binanı tikənlər yaxına gəlmir, məsələ isə həmişə olduğu kimi vətəndaşın üzərində qalır" - GƏLİŞMƏ

Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin qeydiyyat problemi uzun illərdir ki, həll edilmir.

Sənədsiz evlərin qeydiyyata alınması, ev sahibinin mülkiyyətinə keçirilməsi mexanizminin tətbiqində də çətinliklər var. Nəticədə min əziyyətlə ev quran, amma mülkünə qanunən sahib ola bilməyən minlərlə vətəndaş çarəsiz durumdadır. Ölkədə sənədsiz evlərlə bağlı davamlı olaraq məsələ qaldırılır, göstəriş və tapşırıqlar verilir. Amma problem həllini hələ də tapmayıb.

Məsələ burasındadır ki, ölkə başçısının məsələnin həllini həvalə etdiyi qurumlar konkret iş görmür. Yəni bu istiqamətdə konkret nəticə hasil olmayıb. Bu isə sənədsiz evlərdə yaşayan 1 milyondan çox insanın taleyinə biganə yanaşan müvafiq qurumların bu sahədəki sənədlərdən, verilən göstərişlərdən xəbərdar olub-olmadığı sualını yaradır.

Qeyd edək ki, Bakı və paytaxt ətrafı ərazilərdə 700 minə yaxın sənədsiz ev var. Hələ 2010-cu ildə “Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramı”nın təqdimatı keçiriləndə Prezident İlham Əliyev qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırmışdı. Ölkə başçısı sənədsiz evlərin paytaxt üçün ciddi sosial problemə çevrildiyini bəyan edərək, müvafiq strukturlara, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinə xüsusi tapşırıq vermişdi. Konkret olaraq isə 2011-ci il martın 9-da Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən müşavirədə Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sənədləşdirilməsinə dair mexanizmin hazırlanması barədə BŞİH başçısı Hacıbala Abutalıbova göstəriş verilib.

Verilən göstərişdən 8 il keçməsinə baxmayaraq, sənədsiz evlərə “kupça” verilməsi istiqamətində ciddi iş görülməyib. Sadəcə, Bakıətrafı və bölgələrdə icazəsiz tikilən evlərin qeydiyyata alınması prosesinə başlanılıb ki, bu iş də yarıda qalıb. Ardınca 2012-ci ilin iyun ayında Prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı. Həmin sərəncamda da evlərin inşası qaydaları və bilavasitə sənədsiz evlərin qeydiyyata alınması probleminin həlli nəzərdə tutulurdu.

Daha sonra İlham Əliyev 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə Fərman imzaladı.

Bu il isə Prezident İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərman verilib. Fərmanla müəyyən edilir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına müəyyən şərtlər daxilində icazə verilir. Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Sərəncamından artıq 4 ay keçsə də, cəmi 26 binaya dair sənədlər komplektləşdirilərək, bu binaların istismara hazır olması barədə rəy tərtib edilib. Həmin rəy isə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Prezidentin bu fərmanının da icrası gecikir. Söhbət təkcə hündürmərtəbəli binalara “kupça” verilməsindən gedirsə və bu işin icrası bu qədər ləngiyirsə, 700 min sənədsiz evin rəsmiləşdirilməsi məsələsinin aqibəti vətəndaşları haqlı olaraq düşündürür. Görünən odur ki, illərdir Prezident tərəfindən davamlı olaraq imzalanan sərəncam və fərmanları hələ də müvafiq qurumlar “görmür”. Onlaırn ucbatından sakinlər öz evlərində qonaq kimi yaşayır, buna baxmayaraq sənədləşdirlməyən həmin evlərdə sakinlər torpaq vergisi, kommunal xidmət haqları ödəyir.

Halbuki bu vaxta qədər Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərsu” ASC, “Azərişıq” ASC, “Azəriqaz”, Bakı şəhər İcra Hakimiyyəti və yerli icra orqanları sərəncamdan irəli gələnə məsələləri həll etməli idilər. Amma görünən odur ki, bu qurumlar üzərlərinə düşən vəzifənin icrasına ya maraq göstərmir, ya da bilərəkdən icrasını ləngidirlər ki, bu da əhalidə haqlı narazılıq yaradır.

Hələlik son olaraq dünən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sənədsiz evlərlə bağlı Prezidentdən tapşırıq alıb. Prezident icra başçısını şəxsən çağıraraq problemlə bağlı mütəmadi görüşlər keçirməyi tapşırıb. Hazırda məsələ ilə bağlı Komissiya yaradılıb. Eldar Əzizovun sözlərinə görə, yaxın vaxtlarda sənədsiz evlər problemi birdəfəlik həll olunacaq. Bu vədlə isə icra başçısı olmuş Hacıbala Abutalıbovun zamanından tanışıq. Sabiq icra başçısı Hacıbala Abutalıbovun illərdir miras qoyduğu bu problem indi də Eldar Əzizova həvalə edilib.

Yeni başçı məsələni yoluna qoyacaqmı?

Daşınmaz əmlak üzrə mütəxəssis Nüsrət İbrahimli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, sənədsiz evlərin rəsmiləşdirilməsi prosesi və mexanizmi həddindən artıq mürəkkəbdir:

“Təsəvvür edin ki, bütün ölkə üzrə yasayış evlərinin hamısı araşdırılmalıdır. Kimin sənədi var, kimin sənədi yoxdur, kim evini harada tikib, evinin altından, yanından nə keçir? Bunlar hamısı inventarlaşmalı və ortalığa bir sənəd qoyulmalıdır. İşin ən mürəkkəb hissəsi budur. Daha sonra isə görülən həmin işlərin üzərində hesabatlar aparılmalıdır. Məsələn, evi hansısa xəttin üzərində inşa edilənin evinin, yoxsa o xəttin köçürülməsi sərfəlidir? Bunlar hamısı oturub hesablanmalıdır. Daha sonra maliyyə mənbəyi və bu vəsaitlərin hardan gəlməsi məsələsi var. Hesab edirəm ki, proses əsasən buna görə ləngiyir. Təbii ki, inhisarçılar da məsələni bir qədər uzadır. Amma icraçılar da maliyyə mənbələri tapmalıdırlar. Bir sözlə, məsələnin başı pula bağlıdır”.

Hündürmərtəbəli yaşayış evlərinin “kupça”laşdırılması məsələsinə gəlincə, ekspert diqqəti maraqlı məqama çəkib. O deyib ki, hündürmərtəbəli yaşayış binalarının sahiblərinin bir hissəsi ölkədən gedib, digəri həbsxanada yatır, bir hissəsi isə müflis olub və binaya yaxın gəlmir:

“Binalar hamısı orada yaşayanların öhdəsində qalıb. Onlar toplaşıb pul yığmalı və əyir-əskikləri düzəldib təhvil verməlidirlər. “Kupça“nın alınması məsələsi ilə bağlı prezidentin fərmanında 3 əsas şərt göstərilir. Belə ki, “kupça”nın verilməsi əsasən, yanğından təhlükəsizlik, qaldırıcı qurğuların təhlükəsizliyi və binanın dayanıqlığı üçün prioritet olmalıdır. Binanı tikənlər yaxına gəlmir, məsələ isə həmişə olduğu kimi vətəndaşın üzərində qalır”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR