“Biz öz vətəndaşımıza sahib durmağa çalışmalıyıq” - jurnalist niyə hələ də azadlığa buraxılmır...

24-06-2019, 19:47 307 dəfə baxılıb


“Biz öz vətəndaşımıza sahib durmağa çalışmalıyıq” - jurnalist niyə hələ də azadlığa buraxılmır...
Rusiyada saxlanılmış jurnalist Fuad Abbasovun Azərbaycana göndərilməsi yubanır. Bu azmış ki, jurnalistin ailəsi də təzyiq altındadır. Belə ki, ötən həftə jurnalistin ailəsinin yaşadığı evdə axtarış aparılıb. Bu barədə Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib. Onun sözlərinə görə, iyunun 21-də aparılan axtarışdan sonra Fuad Abbasovun ailəsi ciddi narahatlıq keçirib: “Çox güman ki, hansısa işlə əlaqədar bu axtarış aparılıb. Axtarışın hansı səbəbdən aparıldığını aydınlaşdıracağıq”.

Qeyd edək ki, evlərində axtarış aparılması və bütün elektron avadanlıqların götürülməsi barədə məlumat F.Abbasovun “Facebook” səhifəsində də qeyd olunub.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Hazırda da Fuad Abbasov Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində tutulub. Son iki həftə ərzində Abbasov öz hesabına iki dəfə bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər. Jurnalist bütün bunlara qarşı etiraz edərək, 12 gün aclıq aksiyası keçirib. İyunun 19-da aclıq aksiyasını dayandıran jurnalist sosial şəbəkədəki hesabında bildirib ki, aclığı dayandırmasının səbəbi səhhətində yaranan problemdir:

“Mən 12 gündür davam etdirdiyim aclıq aksiyasına son vermək qərarına gəldim. Bunun başlıca səbəbi ürək qan-damar sistemimdə yaranan problemlərdir. Həm saxlanıldığım mərkəzin, həm də təcili yardım xidmətinin həkimləri məsləhət görürlər ki, aclıq aksiyasını dayandırım. Amma təəssüflə bildirmək istəyirəm ki, aclıq aksiyasının səbəbi olan, mənim tutulmağım, məhkəmə prosesinin qeyri-qanuni keçirilməsi, deportasiya üçün aparıldığım hava limanından geri qaytarılmağım və burada 12 gündən artıq saxlanılmağımın səbəblərini indiyə kimi mənə heç kim açıqlamayıb. Ümid edirəm ki, yaxın zamanda bu problem həll olunacaq və mən rahat bir şəkildə Vətənimiz Azərbaycana qayıda biləcəyəm”,-deyə jurnalist bildirib.

Bəs Azərbaycan jurnalist və onun ailəsi üçün hansı addımı ata bilər?

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, o, Fuad Abbasovu əvvəldən müdafiə edənlərdən biridir: “Onun Rusiya telekanallarındakı çıxışlarına qulaq asaraq, intellektini görüb, Azərbaycanın, Türkiyənin maraqlarına xidmət edən fikirlərini yüksək qiymətləndirmişəm. Bu gün də eyni fikirdəyəm. Eyni zamanda, onun mətbuatda dərc olunan müraciətini də diqqətlə oxudum. Bəlli oldu ki, Fuad Abbasova problemlərin yaradılmasında, adı, soyadı Azərbaycana aid olan antimilli qüvvələr də Rusiyanın hakimiyyət orqanlarında kök salan ermənilərlə bərabər, ona qarşı çox kəskin və radikal mövqelərini nümayiş etdirirlər. Sadəcə olaraq, müxtəlif formada çalışırlar ki, onu Rusiyanın Cinayət Məcəlləsinin ən kəskin müddəaları ilə ittiham etsinlər. Bunu da sübut etməyə çalışırlar. Bu baxımdan da düşünürəm ki, son yoxlamalar da dediklərimizə sübutdur. Beləliklə də o, haqsız olaraq bu gün incidilir”.

Deputat bildirib ki, Azərbaycanın hakimiyyət orqanları məsələ ilə bağlı müəyyən addımlar atıblar: “Xüsusilə də bu məsələdə Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun əməyini yüksək dəyərləndirirəm. O, əlindən gələn bütün imkanları istifadə edir. Bildiyimə görə, Fuad Abbasova vəkil ayrılması ilə bağlı da yardım edib. Görünür ki, Azərbaycanın Xarici İşlər Nazirliyi səviyyəsində məsələyə münasibət ifadə olunmalıdır. Biz, öz vətəndaşımızın hüquqlarını müdafiə etməliyik. O, Azərbaycanın vətəndaşıdır. Belə olan təqdirdə isə biz öz vətəndaşımıza sahib durmağa çalışmalıyıq. Bunun üçün də Azərbaycanın müvafiq qurumları var. Həmin qurumlar məsələ ilə bağlı birgə fəaliyyətlərini qurub, vətəndaşımızın hüquqlarını müdafiə etməlidirlər. Əgər doğrudan da o, ciddi qanun pozuntularına yol veribsə, Azərbaycan vətəndaşı kimi ölkəmizdə ona cinayət işi də açmaq olar. Bu, artıq Azərbaycanın haqqıdır. Bütün dediklərim olmayıbsa, Fuad Abbasovun üzərində təcridolunma qərarı götürülməlidir. Ola bilər ki, öz fəaliyyətinə, erməniləri ifşa etdiyinə görə Fuad Abbasov Rusiya üçün arzuolunmaz şəxsdir. Belə olan təqdirdə də o, Azərbaycana deportasiya oluna bilər. Başqa izah da yoxdur. Bu gün Rusiyada elə qüvvələr var ki, bu qüvvələr Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətlərinin yüksək səviyyədə qurulmasında maraqlı deyillər. Əksinə, çalışırlar ki, bu münasibətlərə zərbə vurub, münasibətlərin inkişafına imkan verməsinlər. Düşünürəm ki, Fuad Abbasovun ətrafında gedən məsələlərin mayakında bu dayanır. Hesab edirəm ki, məsələ Rusiyanın yüksək səviyyəli hakimiyyət dairələri tərəfindən düzgün qiymətləndirilməli, Fuad Abbasova qarşı haqsız addımlara son qoyulmalıdır”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR