Deputatın biznesmen kürəkəni məcburi köçkünə HƏDƏ-QORXU GƏLİR

29-07-2019, 12:51 300 dəfə baxılıb

Deputatın biznesmen kürəkəni məcburi köçkünə HƏDƏ-QORXU GƏLİR

Zəngilan rayonundan məcburi köçkün olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 27, mənzil 38-də kirayədə yaşayan Sadıqova Zərqələm Məhəmməd qızı tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti şikayət məktubu daxil olub. Birinci vitse-prezident Meriban Əliyevaya müraciət edən şikayətçi yazır:

“Hörmətli Mehriban xanım!

11.04.2019-cu il tarixdə mətbuat vasitəsilə Sizə etdiyim müraciətdən sonra Milli Məclisin deputatı Eldar Quliyevin kürəkəni, “Eleqant”MMC, “Kapitol” MTK və “Kapitol” firmasının sahibi Abbas Səfərovun ailə üzvlərimizə qarşı qanunazidd əməllərinə və məcburi köçkün olan ailə üzvlərimizin pozulan hüquqlarına son veriləcəyinə ümid etdiyimiz halda, əksinə, bu arxalı biznesmen, məni susdurmaq üçün hədə-qorxu gəlməyi, məhkəmədən mənim AR.CM-nin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməyimə dair xüsusi ittiham qaydasında iddia qaldırmışdır.

Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə 12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı qərarla Səfərov Abbas Tofiq oğlunun şikayətinə məhkəmə iclasında baxılmış və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün məcburi köçkün Sadıqova Zərqələm Məhəmməd qızının AR.CM-nin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair A.Səfərovun xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Lakin Abbas Səfərov Nərimanov rayon Məhkəməsinin12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı qərarından apellyasiya şikayəti vermişdir.

2009-cu ildə ailə üzvlərimizi yaşayış hüququndan məhrum edən oğul Abbasın əməllərinin güdazına çevrilərək, AR.CM-nin 306.2-ci maddəsilə məhkum olunmuş 75 yaşlı anası Məhluqə Qibləliyevanın və “Kapitol” firmasının barəsində Bakı Apellyasiya Məhkəməsində 2012- 2016-cı illərdə dəfələrlə tam ədalətsiz və hüquqlarımızın pozulması ilə nəticələnmiş qərarların çıxarılmasına A.Səfərovun necə nail olduğunu nəzərə alsaq, Bakı Apellyasiya Məhkəməsində Abbas Səfərovun necə söz sahibi olduğunu yaxşı bilirik.

Onu da qeyd edim ki, Abbas Səfərovun hər sifarişi hakimlər tərəfindən icra olunmur. Çünki hakimlər içərisində də çox sayda vicdanlı, ləyaqətli insanlar var və biz şəxsən onların şahidi olmuşuq.

Hörmətli Mehriban xanım!

Abbas Səfərovun Nərimanov rayon Məhkəməsinin 12.06.2019-cu il tarixli, 1(005)-239/2019 saylı ədalətli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin CK-nın hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında da ədalətli qərar çıxarılacağına inanırıq.

Azərbaycan Respublikası Prezidentinin Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında 03 aprel 2019-cu il tarixli Fərmanı, Məhkəmə-hüquq sistemində ciddi və ədalətli irəliləyişə səbəb olduğuna şahidik . Bu müsbət dəyişikliklərin Ədliyyə Nazirliyində , Polis və Prokurorluq Orqanlarında da tətbiq olunmasını arzu edirik”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR