Abituriyent jurnalı ilə piratçıların məhkəmə çəkişməsi - mallar ölkəyə neçə keçirilib?

29-08-2019, 12:01 263 dəfə baxılıb

Abituriyent jurnalı ilə piratçıların məhkəmə çəkişməsi - mallar ölkəyə neçə keçirilib?



Ölkəyə qanunsuz pirat dərslikər gətirməkdə təqsirləndirilən şəxslər hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində Tovuz Gömrük İdarəsinin əməkdaşı Rəşad Novruzov ifadə verib.

Rəşad Novruzov təqsirləndirilən şəxsləri tanımadığını deyib.

O bildirib ki, bu işlə bağlı istintaqda da ifadə verən zaman təqsirləndirilən şəxslərin gətirdikləri malı gömrükdə yoxladıqlarını təsdiq edib. Şahid deyib ki, bəyannamə ilə gömrüyə təqdim olunan yüklər arasında uyğunsuzluq yox imiş.

"Abituriyent" jurnalının nümayəndəsi bildirib ki, Dövlət Gömrük Komitəsinə təqdim etdikləri siyahıda müəllif hüquqları özlərinə məxsus olan dərsliklərin hansılar olduğunu göstəriblər.

Nümayəndə deyib ki, bu siyahı Dövlət Gömrük Komitəsinin elektron sistemində var. Hər hansı şəxs ölkəyə həmin dərslikləri gətirərsə, bu barədə "Abituriyent" jurnalının rəsmilərinə məlumat verilməli imiş.

Gömrük əməkdaşı deyib ki, həmin siyahı gömrük əməkdaşlarına fərdi qaydada təqdim edilmir və mallarda heç bir uyğunsuzluq olmadığı üçün diqqət çəkməyib, vizual baxışla gömrükdən buraxılıb.

Məhkəmədə məlum olub ki, ölkəyə gətirilən vəsaitlər əsasən məktəbəqədər hazırlıq üçün nəzərə tutulan vəsaitlərdir.

"Abituriyent" jurnalının nümayəndəsi deyib ki, həmin dərsliklərin ölkədən kənarda çap edilməsi qadağandır və pirat hesab olunur. Nümayəndə həmçinin ölkəyə gətirilən dərsliklərin sayının 340 mindən artıq olduğunu deyib.

Bildirək ki, qeyd edilən dərs vəsaitləri ölkəyə gətirilib satışa çıxarıldıqdan sonra "Abituriyent" jurnalının rəsmiləri tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Dərsliklərin pirat olduğu müəyyən edildikdən sonra onlara qarşı ittiham irəli sürülüb.

Nümayəndə bildirib ki, adı çəkilən şəxslərin cinayət əməlləri nəticəsində "Abituriyent" jurnalına milyonlarla manat zərər dəyib. Nümayəndə təqsirləndirilən şəxslərin hər birinə qarşı 1 milyon manatlıq iddia qaldırıb.

"Məhkəmə istintaqı dövründə mülki iddianı artırmaq hüququmuz var. Həmçinin "Abituriyent" jurnalının redaksiyasına vurulmuş zərəri sübut edəcək sənədləri də məhkəməyə təqdim edəcəyik"- deyə nümayəndə bildirib.


İttihama görə, Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə edilib.

Belə ki, orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda Türkiyədə nəşr olunaraq Azərbaycana gətirilib.

Bundan başqa həmin vəsaitlər gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilib və respublika ərazisində satışa çıxarılıb.

Bu əməllərinə görə dəstə üzvləri Şahmar Abdullayevə, Ş.Abdullayevə, F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR