Yeni məktəbli formasına nə vaxt keçiləcək?

6-03-2020, 10:12 250 dəfə baxılıb

Yeni məktəbli formasına nə vaxt keçiləcək?

“Yeni məktəbli formasına keçid tədricən həyata keçirilməlidir ki, insanlar aldıqları əvvəlki formaları atmağa məcbur qalmasınlar. Təhsil Nazirliyi də başa düşür ki, yeni məktəbli formalarına keçid birdən-birə mümkün deyil, tədricən olmalıdır”.

Bunu Cebhe.info-ya açıqlamasında"Bakı Tikiş Evi"nin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib. Onun sözlərinə görə, məktəbli forması ilə bağlı nümunələrin müzakirəsi üçün Təhsil Nazirliyi yanında İctimai Şurada ikinci dəfə görüş olmalıdır:

“Təhsil Nazirliyi bizdən məktəbli formaları ilə bağlı nümunələri istədi, biz də təkliflərimizi verdik. Nazirliyin qərarlaşdırdığı bütün nümunələrdən işləyib hazırlamışıq. İndi ikinci görüşü gözləyirik. Əlavə olaraq 6-7 istehsalçı da bu işlə məşğul olur. Görək nə olur”.

Qeyd edək ki, fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində məktəbli formasının tətbiqinə dair ilk müzakirələr keçirilib. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif olunub. Xatırladaq ki, Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürüb və bununla bağlı ictimai rəy öyrənilib. İctimai rəylə bağlı nəticələr hələ ictimaiyyətə açıqlanmayıb. Layihə ilə bağlı rəy və təkliflər 31 yanvar 2020-ci il tarixinədək Təhsil Nazirliyinə təqdim olunmalı idi. Layihəyə görə qızlar üçün yay geyim forması qısaqol köynək və ətəkdən, qış geyim forması isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulur. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaq. Yeni məktəbli forması ilə bağlı son qərar hələki verilməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR