Neftin yeni çöküşü: növbəti böhran... - TƏHLİL

12-05-2020, 18:16 198 dəfə baxılıb

Neftin yeni çöküşü: növbəti böhran... - TƏHLİL

Koronavirus pandemiyası bitdikdən sonra neftin qiyməti 30 dollara qalxa bilər. Qiymətlər artsa belə, neft hasil edən ölkələr bazarda alıcı tapa bilməyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli “Qoldman Saç” investisiya bankının dünya bazarında neftin yenidən kəskin ucuzlaşacağı barədə açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, dünya hələ uzun zaman virus və onun fəsadları ilə yaşamağı öyrənməlidir:

“Koronavirus pandemiyasının artıq ikinci dalğasının gələcəyinə dair məlumatlar verilir. Bu, istər sosial, istərsə də iqtisadi həyatımıza təsirsiz ötüşməyəcək. Lakin bunun adının "ikinci" və ya başqa bir şey qoymağa ehtiyac yoxdur. İnsanlara belə şeylər cəzbedici səslənsə də, buna daha rasional yanaşmaq lazımdır”.

N.Cəfərli koronavirus pandemiyasının ikinci dalğasının neft bazarına təsirindən danışıb:

“Neft bazarında qiymətlər tələb və təklif əsasında formalaşır. Digər tərəfdən hasilat ilə istehlak arasındakı balansın da təsiri var. OPEK+ razılaşmasından sonra Səudiyyə Ərəbistanı ilə Rusiya arasında qəbul edilən anlaşma neft bazarında müəyyən qiymət artımına səbəb oldu. Lakin bu, yetərli deyil. Hətta nəinki yetərli deyil, yerinə yetirilməsində də ciddi problemlər var. Çünki hasilatın birdən-birə azalması qeyri-mümkün məsələdir.

Bu gün dünyada neft hasilatı 97-98 milyon barrelə yaxın bir həddədir. Ötən ay isə bu göstərici 100 milyon barrel həddində idi. Ötən aya nisbətən hasilatın azalması müşahidə olunsa da, bu, mövcud böhrandan çıxmaq üçün kifayət deyil. Bundan başqa, dünyada neftin istehlakı da ciddi ölçüdə azalıb. Hər gün dünyada çıxarılan neftin təxminən 30 milyon barreli istehlak olunmur. Bu da öz növbəsində artıq neftin anbarlara göndərilməsinə gətirib çıxarır. Məsələ ondadır ki, bu dəfə də bu anbarların dolmasına və hasil edilən neftin saxlanılması probleminə gətirib çıxarır. Bütün bu məsələlər neft qiymətlərinə hələ uzun müddət təsir edəcək məqamlardandır”.

Ekspert bildirib ki, pandemiyadan sonra neftin qiyməti qalxsa belə, bazarlarda alıcı olmayacaq:

“Neft bazarında yaşanan mövcud vəziyyət pandemiyadan sonra da davam edəcək. Çünki hazırda neft ölkələri hasil edilən artıq nefti yığmağa yer tapa bilmir. Bu isə neft anbarlarının dolması ilə əlaqədardır. Digər tərəfdən Səudiyyə Ərəbistanı və Rusiyanın qiymət endiriminə getməsi bəzi ölkələrin normadan çox neft almasına gətirib çıxarıb. Yəni pandemiyadan sonra neft qiymətləri 30 dollara qalxsa belə, bazarlarda alıcı olmayacaq. Çünki hazırda bir çox ölkələr kifayət qədər neft alıb, anbarlarına yığıb”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR