Onların haqqı boynumuzdadır - AKTUAL

27-05-2020, 09:37 198 dəfə baxılıb

Mayın 19-da Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik hesabatını təqdim etdi. O, insan alverinə qarşı mübarizə sahəsində çoxlu işlərin görülməli olduğunu dedi.

Nazirin birinci müavininin sözlərinə görə, Azərbaycanda uşaq əməyinin istismarının qarşısını almaq üçün keçirilən reydlər zamanı, 2019-cu ildə 420 uşağın ailədən kənarda pedaqoji və sosial kömək olmadan yaşadığı, küçələrdə çalışdırıldığı və dilənçilik etdiyi müəyyənləşib. Yoxlamalar zamanı onlardan yalnız birinin məcburi əməyin qurbanına çevrildiyi təsdiqlənib, digər hallarda isə cinayət tərkibi aşkarlanmayıb.

Azərbaycan Uşaqlar Birliyinin (AUB) rəhbəri Kəmalə Ağazadənin AYNA-ya dediyinə görə, məcburi əməyə cəlb edilən həmin uşaq Daxili İşlər Nazirliyinə təhvil verilib: “Yaxın qohumları uşağı bu işə məcbur ediblər. Onlar indi qanun qarşısında cavab verəcəklər”.

K.Ağazadə dilənməyə məcbur olan başqa uşaqların da olduğuna əmindir: “Bu gün Azərbaycan Uşaqlar Birliyinin sığınacağında xalası tərəfindən dilənməyə məcbur edilən bir oğlan var. Belə insanları məsuliyyətə cəlb etmək çox çətindir. Axı, bir qayda olaraq, bunlar uşaqların öz qohumlarıdır. Uşaqlar qohumlarından şikayət etməkdən imtina edirlər. Bundan əlavə, qanunvericilikdəki boşluqlar da uşaqlara qarşı zorakılıq edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına mane olur”.

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovun AYNA-ya dediyinə görə isə, hüquq mühafizə orqanları uşaqları dilənməyə məcbur edən şəxsləri günahkar hesab etmir: “Qanunvericilikdəki çatışmazlıqlar onları dilənməyə məcbur edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə imkan vermirsə, hüquq-mühafizə orqanları bununla bağlı Milli Məclis qarşısında məsələ qaldırmalı, lazımi əlavə və dəyişikliklərin edilməsini istəməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR