TV-lər insan sağlamlığını pula satır: “Həkimlik kommersiyaya çevrilib”

27-05-2020, 11:36 203 dəfə baxılıb

Televiziya kanallarımızda tibbi proqramlar geniş yayılıb. Doğrudur, insanlar televiziya vasitəsiylə digər mövzular haqqında olduğu kimi səhiyyə və tibbi mövzularda da informasiya əldə etməli, maariflənməlidir. Amma efirə çıxan həkimlərin nə dərəcədə savadlı olması sual altındadır. Bu günlərdə bizə müraciət edən və adının çəkilməsini istəməyən vətəndaşlarımızdan biri efirdə çıxış edən həkimlərin real həyatda çox fərqli olduğunu iddia edib.

Vətəndaş bildirir ki, proqramların birindəki həkim diqqətini çəkib. Beləliklə xəstə həmin həkimin yanına üz tutub. Pasiyentin sözlərinə görə, efirdə “bül-bül” kimi ötən həkimlə canlı ünsiyyət qurduğu həkim arasında yerlə-göy qədər fərq olur. Televiziyaların bu məsələdə işlərini düzgün qurması olduqca vacibdir. Çünki burada insan sağlamlığından, insan taleyindən söhbət gedir. İnsanlarımızn taleyini, həyatını merkantil marağa qurban vermək olmaz. Həqiqətən də bəzi həkimlərin efirdən öncə əzbərlədiyi və canlı yayımda ağız dolusu danışdığı tibbi prosedurlar onların heç də təcrübəli və savadlı olduğunu göstərmir.

Vəziyyəti şərh edən həkim-stomatoloq Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, televiziyalarımız haqqında çox xoş fikir söyləmək imkanımız yoxdur. Lakin həkimlərin və digər peşə sahiblərinin marketinqlə müştəri yığması qanunla qadağan deyil:

“Həkimlər bu üsuldan istifadə edirlər. Hətta özəl klinikalarda çalışan həkimlər daha çox ödənişli əsaslarla televiziya proqramlarına çıxıb xəstələrin diqqətini cəlb edərək özləri üçün müştəri yığırlar. Amma bütün hallarda seçim xəstənindir. Həmin həkimlərə inanıb gedənlər arasında xeyir görənlər də olur, görməyənlər də. Xəstənin ağlı başındadırsa, özü seçim edə bilər. Xəstə həkimlə təmasının birinci və ikinci günündə həkimin iş keyfiyyətinin hansı səviyyədə olması haqqında qənaət əldə edə bilər. Marketinqdə, reklam və təbliğatda qəbahət bir iş görmürəm. Bu, qanunlarımızla qadağan deyil. Sadəcə belə hallar hüquqi tərəfdən necə qeydə alınır, hansı müqavilələr bağlanır, bu, ayrı bir məqamdır. Amma mahiyyət etibarı ilə bir sənət sahibinin öz işini reklam etməsində yanlış nəsə yoxdur”.

Z.Məmmədli qeyd edib ki, həkim kimisə zorla qəbul etmir, insanlar şüurlu seçim etməlidilər:

“Mən də stomatoloqam, gördüyüm işi bir xəstə bəyənir və başqasına tərifləyə bilir. Təbii ki, reklamdan istifadə etmirəm. Sosial şəbəkələr də televiziyalara yaxındır. Amma reklamdan istifadə etməkdə də qəbahətli bir məqam yoxdur. Efirdə özünü reklam edən həkim oğurluq etmir”.

Tanınmış media eksperti Zeynal Məmmədli isə vətəndaşın söylədiklərində haqlı olduğunu düşünür. Ekspert bildirib ki, heç bir halda həkimlərin efirə çıxmasını reklama çevirməməliyik:

“Əlbəttə həkimlər maraqlıdırlar ki, çıxıb efirdə danışsınlar və tanınsınlar. Bu zaman onların müştəriləri də artır. Yəni həkimlər birbaşa kommersiya maraqlarını güdürlər. Ümumiyyətlə, həkimlərin proqram aparmasına ciddi nəzarət olmalıdır. Hansı həkimlər proqram apara bilər? Birmənalı şəkildə televiziyalarda həmin proqramların formatı dəqiqləşməlidir. Bu o deməkdir ki, bütün hallarda həkim cəmiyyətə mesajı çatdıran bir moderator, jurnalist olmalıdır”.

Z.Məmmədli hesab edir ki, sanki həkimlər öz fəaliyyətlərini davam etdirmək üçün televiziya proqramlarına məhkumdur:

“Çünki cəmiyyətdə xəstəlik kifayət qədər çoxdur, insanlar baxa bilər və həkimlər müştəri qazana bilər. Amma bütün bunlar heç bir halda vətəndaşı aldatmağa yönəlməli deyil. Televiziyaların sağlamlıq verilişləri hesabına gəlir problemlərini həll etməsi öz auditorioyasının maraqlarını, sağlamlığını “satması” deməkdir. Hansısa həkimin dünyagörüşü efirə çıxmazdan öncə araşdırılmalıdır”.

Ekspertin fikrincə, Azərbaycan televiziyalarında efirdə gedən verilişlərin hamısı bilərəkdən ya bilməyərəkdən reklam xarakterlidir:

“Başqa ölkələrdə həkimlər 40 yaşına kimi müstəqil müalicə hüququna malik olmurlar. Amma bizdə baxırsan ki, cavan adamdı və tibb elmləri doktoru adını alıb. Həkimlik təcrübə ilə bağlıdır. Təkcə bilgi ilə bu işin öhdəsindən gəlmək olmaz. Bilgilərin isə hansı səviyyədə olması ayrı mövzudur. Çünki bizim bir çox həkimlər Türkiyəyə can atırlar ki, filan tibbi prosedurları mənimsəsin, çünki orada yaxşı pul var. Həkimlik başdan - ayağa bir kommersiyaya çevrilib. Bu halda televiziya belə nüanslara çox ciddi diqqət yetirməlidir. Tibb Universitetində bir xanım tanıyırdım ki, 35 yaşı yoxdur, amma tibb elmləri doktoru, professordur. Xaricdə belə halları ağıla gətirmək olmaz, çünki bu, mümkün deyil. Bütün bunlar sağlamlığımıza böyük təhlükədir. İnsanlar bilməlidir ki, həkimlik bəlli bir yaşdan sonra müstəqil fəaliyyət sahəsidir. Ona görə də hər həkimi efirə çıxarıb, onları reklam edərək cəmiyyətdə bu peşə ilə bağlı yanlış təsəvvür yaradırıq”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR