Milli Şura və onun “Zoom” qəhrəmanlarını narahat edən nədir?

26-05-2020, 17:40 198 dəfə baxılıb

Cəmiyyətdə siyasi dayaqlarını və sosial bazasını itirən Milli Şuradan son bir həftədə 3 nəfərin - Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfərovun istefası qurumun olmayan nüfuzunu yerlə bir edib.

İndi çabalayırlar ki, nəsə başqa bir mövzu və ya hədəf müəyyənləşdirib, diqqəti məlum “Zoom” qeybətindən yayındırsınlar. Ona görə də MŞ sədri adlanan Cəmil Həsənli qurumun faktiki sədri Əli Kərimlinin tapşırığına uyğun uzaq Amerikadan onsuz da həmrəy ola bilməyən müxalifətin daxilində yeni qarşıdurma yaratmaq missiyasının icrasına başlayıb. Bütün fəaliyyətini təlimata uyğun quraraq, Əli Kərimlinin PRORABı olan Cəmil Həsənli “Yurd” sədrinin fikirlərini öz adından deyir.

Kərimlinin sosial şəbəkələrdəki trollarının də bütün fəaliyyəti hər zaman məhz bu təlimatlarla qurulub. Onlar da hər zaman Kərimlinin düşündüyünü, ancaq müəyyən səbəblərdən deyə bilmədiklərini söyləməklə mükəlləfdirlər. Bu dəfə Kərimli ancaq söyüşlə gündəmə gələn trollarının bu məsələnin öhdəsindən gələ bilməyəcəklərini düşündüyündən, meydana öz “ağır artilleriyasını” - Cəmil Həsənlini çıxarıb. Professor da əyləşdiyi uzaq Amerikadan Azərbaycan siyasətçilərinə “dərs keçməkdə” davam edir. İllərlə Razi Nurullayevə açılan “atəş”in hədəfi bir müddət öncə ReAL və İlqar Məmmədov oldu. Bu dəfə isə “top”un üzünü Müsavata çeviriblər.

Hər kəs, cəmiyyətin müxalif kəsimi başqa bir addım gözlədiyi halda, Milli Şura öz ənənəsini davam etdirdi. Cəmil Həsənlinin də iştirak etdiyi “Zoom” toplantısında bir zamanlar Milli Şurada müttəfiq olduqları partiyaya qarşı səsləndirilən təhqirlərə görə üzrxahlıq edilmədi, əksinə, vəziyyət daha da münaqişəli müstəviyə çəkildi. Planda Kərimli izi açıq-aydın görünür. Əgər “Yurd” sədrinin davası öz iddiasına görə, “vətən və millət” davasıdırsa, o zaman niyə potensialını məhz müxalifətdaxili gərginliyin yaradılmasına yönəldir? Hər kəsin düşündüyü, dilə gətirdiyi, ancaq Əi Kərimlinin cavab üçün israrla susduğu mövzudur. Təbii ki, onun susması heç nəyi dəyişmir.

Necə desin ki, qoşulduğum siyasi oyunlarda aldığım təlimat belə olub? Necə desin ki, Azərbaycan siyasətinin bölücülük missiyası mənə tapşırılıb? Necə boynuna alsın ki, indiyəqədərki siyasi fəaliyyəti ancaq və ancaq bölücülük üzərində qurulub?

Bunlar etiraf ediləcək nəsnələr deyil axı. Amma görünən dağ da bələdçi istəməz. Kərimli də, onun təlimatı ilə danışanlar da, onun drijor çubuğu ilə susanlar da ancaq və ancaq müxalifətdaxili mübarizədə uğur qazanmaq niyyətindədir. Kərimlinin AXCP adına iddia etdiyi gündən bəri siyasi fəaliyyəti məhz buna yönəlib, ətrafında hələ duruş gətirə bilən hər kəsi də bu fəaliyyətə sürükləyir.

İllərdir müxalifəti üz-üzə qoymaqda istifadə etdiyi bütün imkanlar tükənəndə ortaya dəstəkçiləri gəlib. İndi də Cəmil Həsənlinin timsalında “zühur ediblər”.

Kərimli son günlər ReAl-la “mübarizəni” bitirmədən ikinci cəbhə açmalı olub, bu dəfə Müsavata qarşı. Meydana da dediyimiz kimi, bu dəfə MŞ sədri Cəmil Həsənlini itələyib. MŞ-nın qalmaqallı “Zoom” iclaslarındakı iflas, ardınca gələn istefalardan sonra baş verənləri unutdurmaq üçün ortaya yeni bir top ötürüb. Pası alan Cəmil Həsənli “Kanal 5”ə verdiyi müsahibədə Müsavatı hətta “Yurd”la müttəfiqliyə də layiq görməyib.

Kimin hansı parametrlərə uyğun gəlib-gəlməməsi bizim işimiz deyil. Amma Cəmil Həsənlinin prezidentliyə namizəd olduğu 2013-cü il seçkisində qapı-qapı gəzərək ona imza toplayanların əksəriyyətinin məhz müsavatçı, nidaçı gənclər olduğunu xatırlatmaq yerinə düşər. Müsavat Partiyasının rəsmisi Gülağa Aslanlının dediyinə görə isə hətta 2005-ci ildə "Azadlıq", 2010-cu ildə "AXCP-Müsavat" secki bloklarının tərkibində parlament seçkilərində iştirak zamanı Müsavat Partiyasının irəli sürdüyü namizədlər “Yurd”un namizədlərindən daha çox səs toplayıb.

Əgər partiya institutunu nəzərdə tuturlarsa, Müsavatın, yaxud başqa partiyaların təşkilatlanması hər halda “Yurd”dan geri qalmaz ki, onu üstələyər. Bəs o zaman nədir uyğun gəlməyən parametrlər?

Bu parametrlər əslində yoxdur. Çünki ölkədə siyasi təşkilatların aşağı-yuxarı bütün parametrləri eynidir, yəni bir-birlərindən o qədər də fərqlənmir. Bəs onda Milli Şuranı və onun “Zoom” qəhrəmanlarını narahat edən nədir? Üstəlik, ortada nüfuz yoxdursa...

“Yurd” sədri heç bir halda siyasi camedə qəbul olunmayacağını bilir. İstər iqtidarın dialoq təklifində, istərsə müxalifətin hansısa birlik müzakirəsində onun adı səslənsə də, yeri və rolu yoxdur. Bu, Kərimlini qəzəbləndirir, təbdən çıxarır. Kərimli bilir ki, hətta siyasətdən çəkilən, yaxud ən müxtəlif siyasi partiyalara üzv olan keçmiş hərəkatçıların da, siyasi camedə təmsil olunan fəalların da, fəal gənclərin də onunla bağlı fikri birmənalıdır. Onların heç biri qərarvermə anı olarsa, qətiyyətlə Kərimliyə dəstəkçi olmayacaq. Onlar üçün bu məqamda Müsavat başqanlığından gedən İsa Qəmbər, hətta indiki başqan Arif Hacılı, siyasətlə birbaşa məşğul olmayan Etibar Məmmədov “bir köynək” daha yaxındır, nəinki özünü “blokadadakı mübariz” göstərən Əli Kərimli.

“Yurd” sədrinin qəzəbinin kökündə həm də bu amil dayanır və Kərimli bu amilin nə qədər ciddi və real olduğunun fərqindədir...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR