Kredit Zəmanət Fondu hazır mənzilləri alır və vətəndaşlara satır... - Bu, doğru deyil

27-05-2020, 13:23 198 dəfə baxılıb

Bir neçə il öncə “Güzəştli mənzil” layihəsi evsiz insanları sevindirmişdi. Layihə haqqında öncə elə vədlər verilirdi ki, kirayədə qalan insanlar nəhayət, öz mənzillərinə sahib olacaqlarına ümid etmişdilər. Amma bu sevinc çox çəkmədi. Layihənin şərtləri açıqlananda yüzlərlə insan məyus oldu. Qoyulan sərt tələblər insanları yenidən kirayədə yaşamağa məcbur etdi.

Bunun ardınca “Kirayə mənzillər” layihəsi gümdəmə gəldi. Bu dəfə də şikayətlər, ümidsizliklər meydana çıxdı. Məsələni araşdırdıqda, məlum oldu ki, paytaxtın Xətai rayonunda 95 kv-lik mənzil almaq istəyən şəxs ilkin ödəniş olaraq 8880 manat ödəməlidir. Yerdə qalan məbləğ isə 25 ilə bölünür. Vətəndaş 25 il hər ay 740 manatındən keçməlidir. Nəticədə kirayədə qalan vətəndaş bu mənzili almaq üçün 230 min manat ödəməlidir. Halbuki, həmin ərazidə 230 min manata 2 belə mənzil almaq olar.

Xırdalan və Sumqayıt ərazisində olan evlərin qiyməti Bakı şəhərinə nisbətən ucuz olsa da, yenə də orta bazar qiymətindən xeyli baha başa gəlir. Bir sözlə, mənzil tikinti kooperativlərindən (MK) daxili kreditlə ev almaq daha münasibə qiymətə gəlib çıxır, nəinki “Kirayə mənzillər” layihəsindən yararlanmaq.

Əmlak eksperti Ramil Qasımzadənin AYNA-ya dediyinə görə, əvvəl sözügedən layihəyə maraq çox olub: “İnsanlar gözləyirdilər ki, mənzillər əlçatan olacaq. Təəssüflər olsun ki, bu, belə olmadı. Hər il mənzillərə olan təlabat daha da çoxalır. Bu da mənzil bazarına təsir edir. Və tələb təklifi qat-qat üstələdiyi üçün qiymətlər də bu qədər bahadır”.

“Hökumət kirayə evlərə tələbatı azaltmaq üçün “Kirayə mənzillər” layihəsini həyata keçirdi. Amma qiymətlər həddindən artıq bahadır. Bir məsələni nəzərə almaq lazımdır ki, bu qiymətlər 25-30 il üçün nəzərdə tutulub. İpoteka və Kredit Zəmanət Fondunun özü də etiraf edir ki, mənzillərin hər kvadratmetrini tikinti şirkətindən 1200 manata alır. Amma müştəriyə satanda çox baha olur. Çünki 25 il binaya xidmət göstəriləcək deyə, qiymət baha olur. Nəzərə almaq lazımdır ki, evlərin qiyməti ildən-ilə artır. Kirayə mənzil alanlar uduzmayacaq və həmin pul evin üzərində qalacaq”, - Qasımzadə bildirib.

AYNA-ya şərh verən iqtisadçı-ekspert Natiq Cəfərli də sözügedən layihə üzrə mənzillərin qiymətinin baha olduğu düşüncəsindədir: “Bu günə kimi kirayə mənzil layihəsi bir çox dövlətlərdə tətbiq olunub. Ən yaxşı örnəklərdən biri kimi qonşu Türkiyəni göstərmək olar. Orada TOKİ (Toplu Konut İdarəsi Başkanlığı) hər il böyük şəhərlərin ətrafında tikilən yüzlərlə evi nisbətən ucuz qiymətə vətəndaşlara satır. Bazarda olan kirayə evlərdən ucuz qiymətə təklif olunur. Çünki həmin mənzillər şəhərlərdən kənarda yerləşir. Məqsəd isə şəhərdən uzaq ərazilərdə də iqtisadi inkişafı canlandırmaqdır”.

“Bizdə isə İpoteka və Kredit Zəmanət Fondu hazır mənzilləri alır və vətəndaşlara satır. Bu, doğru deyil. Bizdə də TOKİ təcrübəsindən istifadə edilməlidir. Əks halda, təbii ki, bu mənzillər çox baha olduğundan insanlar bu mənzilləri almaqdan imtina edəcəklər. Ümumiyyətlə indi qoyulan qiymətlər sərfəli deyil”, - Cəfərli vurğulayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR