İyunun 6-7-də Azərbaycanda buraxılış imtahanları keçiriləcək - Diqqət!

1-06-2020, 17:13 229 dəfə baxılıb

Dövlət İmtahan Mərkəzi tərəfindən 2020-ci ilin iyun ayından etibarən hər həftə sonu ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul) imtahanlarının keçirilməsinə başlanılır.

DİM-dən APA-ya verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.

İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.

İmtahanlar 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. İmtahana buraxılış vərəqəsi gün ərzində DİM-in saytında yerləşdiriləcək.

6 və 7 iyun tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər ilə cədvəldə tanış ola bilərsiniz. Digər şəhər və rayonlar üzrə imtahanlar (o cümlədən əvvəlki illərin məzunları üçün qəbul imtahanları) ictimaiyyətə əvvəlcədən məlumat verilməklə növbəti həftəsonu günlərində keçiriləcək.

Qeyd edək ki, üzrlü səbəblərdən (xəstəlik və ya karantin rejimi ilə əlaqədar başqa şəhərdən (ölkədən) gələ bilməmək və s. ) 9-cu və 11-ci sinif buraxılış imtahanlarında iştirak edə bilməyən cari ilin məzunları üçün sentyabr ayında yenidən buraxılış imtahanları keçiriləcək və həmin şəxslərin yekun attestasiyası aparılacaq.

Lakin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə iştirak etmək üçün şəhər və rayonların qrafikinə uyğun keçiriləcək imtahanlarda iştirak etməlidirlər. Bu imtahanlarda iştirak etməyənlər ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsinə buraxılmayacaqlar.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR