“Stresi azaltmaq üçün çimərliklər açılsın” - tanınmış həkimlərdən təklif

10-07-2020, 15:01 374 dəfə baxılıb

Artıq təkcə Azərbaycanda yox, əksər ölkələrdə koronavirus insanların həyatının bir parçasına çevrilib. Virusun nə zaman yoxa çıxacağı, vaksinin nə zaman tapılacağı kimi suallar qarşısında dünya səhiyyəsi də çarəsiz qalıb. Minlərlə vətəndaşını itirən ölkələr koronavirusla yaşamağı qəbullanıb. Onlar da başa düşürlər ki, evə qapanmaq, iş yerlərini bağlamaqla koronavirusdan qorunmaq mümkün deyil. Tətbiq edilən müəyyən qaydalarla həyat davam etməlidir.

Virusun ən çox yayıldığı İspaniya, Almaniya, Türkiyə kimi ölkələr həftələr öncə futbol çempionatlarını bərpa edib. Bir çox ölkələr daxili və xarici turizmi canlandırıb. Qonşu ölkə Gürcüstan turist qəbuluna başlayıb, Türkiyədə çimərliklər istifadəyə verilib.

Azərbaycanda isə karantin qaydaları ilə bağlı sərtləşmə davam edir. İnsanlar isə stress və gərginlik içindədir. Bir çıxış yolu, insanları ümidləndirəcək nəsə olmaldır. Yay aylarında, havaların belə isti vaxtından insanlara nə lazımdır? Çimərlik, qum, dəniz suyu, günəş şüaları...

Ölkəmizdə havanın temperaturunun kəskin səkildə yüksəlməsi çimərliklərin açılması təklifini gündəmə gətirib. Tanınmışlar, həkimlər təklif edirlər ki, isti yay aylarında insanların evə qapadılması doğru deyil. Ən çox immum çatışmazlığı olanların koronavirusa yoluxduğunu deyən həkimlər təklif edir ki, insanların günəş şüaları altına çıxmasına mütləq şərait yaradılmalıdır. Əgər indidən insanlar D vitaminindən məhrum edilsə, payız aylarında yoluxma rəqəmləri bir neçə dəfə arta bilər.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının dosenti Ədalət Rüstəm Musavat.com-a danışarkən bu fikirlərlə razı olduğunu deyib. Bildirib ki, insanlar çimərliklərə getməlidir, günəş şüalarını qəbul etməlidirlər: “Çünki insanın D vitaminini qəbul etməsi mütləqdir. Şəhərdə olduğu kimi çimərliklərdə də nəzarət olmalıdır. Sıxlığın qarşısını almaqla insanların çimərliklərə getməsinə şərait yaradılmalıdır”.

Həkimin fikrincə, çimərliklərlə yanaşı idman yarışlarının keçirilməsinə də şərait yaradılmalıdır. “Futbola niyə icazə verilmir? Azərbaycanda ən yaxşı oyunlarda 2 min azarkeş olmur. 40 minlik stadionlarda ən azından bu qədər azarkeşin toplaşmasına icazə vermək olar. Onların stadionda məsafə ilə oturacaqlarda əyləşməsinə nəzarət etmək olar. Ən azından əksər ölkələrdə olduğu kimi, heç olmasa, azarkeşsiz də olsa yarışlar keçirilə bilər. Bundan başqa, restoranların fəaliyyətinə müəyyən qaydalarla, şərtlərlə icazə verilməlidir. Məsələn, 50 masa olan restoranda 15 masa qoymaqla da işləmək mümkündür. Həm insanların işsiz qalmasının qarşısını almaq olar, həm də insanları bu böyük stresdən qurtarmaq olar”.

Ədalət həkim payızda virusun daha geniş yayılacağı fikriləri haqda da danışıb. Deyib ki, bu qaydalarla davam edərsə, payızda virusun iki dəfə artıq yayılmasının şahidi olacağıq:

“İndi meyvənin ucuz vaxtıdır. İnsanlar evdə otursa da az-çox meyvə yeyə, vitamin qəbul edə bilir. Amma avqustdan etibarən meyvə bahalaşacaq, qıtlıq olacaq. İnsanların vitamin qəbul etməsi də mümkünsüz olacaq. Virus indikindən də sürətlə yayılacaq. İndi açıqlanan yoluxma rəqəmi, sadəcə olaraq, xəstəxanaya yerləşdirilənlərin sayıdır. Bu xəstələrin də vəziyyəti ağırdır. Vəziyyəti orta və yüngül olanlar isə evdə müalicəyə göndərilir. Hələ testdən keçirilməyən nə qədər də insan var”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında çimərliklərin açılması təklifini dəstəklədiyini bildirib. “Çimərliklərin açılması təklifi düzgündür. Karantin qaydaları ləğv olunmalıdır, həyat öz axarına qayıtmalıdır, çimərliklər də açılmalıdır. Sadəcə olaraq, insanların davranışlarına nəzarət edilməlidir. İnsanlar sosial məsafəni qorumalı, maskadan istifadə etməklə öz həyatlarına davam etməlidirlər”- deyə A.Qeybulla söyləyib.

Adil Qeybullanın sözlərinə görə, artıq bu virusla yaşamağı öyrənməliyik: “Pandemiyanın içində yaşamağı öyrənməliyik. Çünki ikinci dalğanın olacağı gözlənilir. Belə olan halda insanları evə yığmağın bir mənası yoxdur. Sadəcə, ciddi şəkildə davranışlara nəzarət edilməli, onları məlumatlandırmaq lazımdır. Bütün bu məsələlər əsasdır. Çimərliklərin açılması insanların stresdən uzaqlaşmasına da kömək edə bilər. Artıq insanlarda yaranan stress onların psixologiyasında özünü göstərir. İyulun 20-nə bir neçə gün qalmış müəyyən təlimatlar hazırlamaqla karantini ləğv etmək lazımdır”.

Xatırladaq ki, Azərbaycanda 16 rayon və şəhərdə karantin rejimi iyulun 20-nə qədər uzadılıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR