Harda gördün erməni, çax başına gülləni...

25-07-2020, 15:18 217 dəfə baxılıb

Ermənilərin Tovuz istiqamətindən başladığı hərbi təxribatlar yeni fazaya qədəm qoyub. İndi də Amerika və Avropada həmyerlilərimizə qarşı hücumlara keçiblər, azərbaycanlıların keçirdiyi sivil aksiyalara zorakı müdaxilələr edir, soydaşlarımızı təkləyərək döyürlər.

Ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün növbəti dəfə təxribata əl atıblar və indi də bunun üzərində müxtəlif ssenarilər qurub reallaşdırmağa, “azərbaycanlıların məzlum ermənilərə qarşı qəddarlığı” tipli dezinformasiya yaymağa çalışırlar.

ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə yaşanan hadisələr, ermənilərin vəhşilikləri heç şübhəsiz ki, qəzəb doğurmaya bilməzdi. Ona görə də Rusiyada, Moldovada azərbaycanlılar ermənilərə adekvat cavab verməyə başlayıblar.

Əlbəttə, bu, təhlükəli prosesdir və dünyanın hər yerinə yayıla, iki millət arasında Qarabağ savaşı əlbəyaxa davalara, qətllərə gətirib çıxara bilər.

Bu hadisələrdən Qərb və Rusiya üçün çıxan dərslər də var. Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirak edən güclər qəbul etməlidirlər ki, məsələnin uzanması onlara sərf etmir, öz şəhərlərində təxribatlar baş verir, sabitlik pozulur. Nəhayətdə, bu qanlı çanaq Qərbin və eləcə də Rusiyanın başına çatlaya bilər. Moskvadakı toqquşmalar, azərbaycanlı iş adamlarının ermənilərə tətbiq etdiyi embarqolar Kremlə bir mesaj olmalıdır.

Artıq ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer ermənilərin Los Ancelesdə törətdikləri hücumların araşdırılması üçün tədbirlər görüləcəyinə söz verib. Diplomat Xarici İşlər Nazirliyinə çağırılıb, nazir müavini Xələf Xələfovla görüş keçirilib. Səfir bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. O, Los-Ancelesin yerli hüquq-mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib.

Yeri gəlmişkən, Los-Anceles şəhərindəki Azərbaycan Baş Konsulluğu erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlarla bağlı məlumat yayıb. Konsulluğun facebook səhifəsində məlumat verilib: “Əziz həmvətənlər, #erməni sosial media hesablarından Kaliforniyada, xüsusilə də Los-Ancelesdə yaşayan icma üzvlərimizi hədələyən postlar paylaşılıb. Tərəfimizdən bununla bağlı dərhal Los-Anceles Polis İdarəsinə məlumat verilərək məsələnin ciddi şəkildə araşdırılması xahiş olunub. Eyni zamanda, Federal Təhqiqatlar Bürosuna (FBI) da müraciət olunacaq. Konsulluq həmvətənlərimizi tədbirli olmağa və təxribatlara uymamağa çağırır”.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Yeni Müsavat”a bildirildi ki, Belçikada ermənilərin səfirliyimizin qarşısında icazəsiz aksiya təşkil edəcəyindən xəbər tutan soydaşlarımız qısa zamanda Azərbaycan səfirliyinə yığışıb: “Soydaşlarımız səfirliyin qarşısında ingilis dilində yazılmış ”Ermənistanın təcavüzkar siyasətinə son!", “Xocalıya ədalət!” şüarlarını, Ermənistanın son təxribatları zamanı qəhrəmancasına həlak olmuş şəhidlərimizin şəkillərini düzməklə ermənilərə təcavüzkar mahiyyətə malik ölkənin vətəndaşları olduqlarını bir daha xatırladıblar. Aksiya ərzində Azərbaycanın dövlət himni, vətənpərvərlik marşları və mahnıları, “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Vur, keç səngəri, Azərbaycan əsgəri!”, “İşğalçı Ermənistana ar olsun!” kimi şüarlar səsləndirilib. Soydaşlarımızın birliyi qarşısında ermənilərin aksiyası baş tutmayıb".

Onu da deyək ki, hadisələrlə bağlı baş prokuror Kamran Əliyev tərəfindən ABŞ baş prokuroru Vilyam Barr, Kaliforniya ştatının baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edib. Baş prokuror obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib.

Hazırda Avropadakı azərbaycanlıları hansı təhlükə gözləyir? Bu proseslər hara qədər inkişaf edə bilər?

Söhbətləşdiyimiz İsveçdəki azərbaycanlı fəal Kənan Hacıəkbəroğlunun sözlərinə görə, yaşadığı Yöteborq şəhərində erməni yox kimidir: “Ümumiyyətlə, İsveçdə sakitlikdir. Biz paytaxt Stokholmda mitinq keçirəcəyimizi elan etmişdik. Ermənilər sosial şəbəkədə yazırdılar ki, aksiya yerinə gələcəyik. Amma gəlmədilər. Bilmirəm, qorxdular, çəkindilər, ya başqa səbəb var, faktiki mitinq etdik, heç bir insident baş vermədi”.

K.Hacıəkbərğlu hesab edir ki, ermənilərlə azərbaycanlılar arasındakı toqquşmalarda müsbət detalları da görmək lazımdır: “Biz 1988-ci ildən bu yana ilk dəfə millət olaraq toparlanmışıq. Bu, formalaşmağımızın göstəricisidir. Bütün azərbaycanlılar düşmənə qarşı birləşib. Deməli, Qarabağ mövzusunda birləşə bilirik”. K.Hacıəkbəroğlunun fikrincə, amma bu hadisələr fərdi davalara çevriləcəksə, tərəflər bir-birinə hücumlar edəcəksə yaxşı hal olmayacaq: ”Mən erməni ilə iş quran, onunla restoranda oturan azərbaycanlıları bu hadisələrdən sonra seçim etməyə çağırıram".

Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu isə Yeni Müsavat"a söylədi ki, Düsseldorfda azərbaycanlıların həmrəylik yürüşündə də ermənilər təxribat törətmək istəyirdi: “Təkcə dəmiryolu vağzalının içərisində bəzilərinin əlində Ermənistan bayrağı olan 20-ə yaxın idmançı görünüşlü erməni sanki hardansa komanda verilməsini gözləyirdi. Onlardan biri həmvətənlərimizin toplaşdığı meydana gəlib, vəziyyəti dəyərləndirib digərlərinə məlumat verdi. Bu barədə dərhal alman polisinə məlumat verdik. Təşkilatçılardan Rafiq bəy hamını erməni təxribatına qarşı diqqətli olmağa və onlara uymamağa çağırdı. Az sonra ərazidəki polis sayı iki qatına çıxarıldı. Mənə elə gəlir ki, ermənilər o zaman sayımıza görə qorxub-çəkindilər. Az olsaydıq, bəlkə də çirkin niyyətlərini həyata keçirəcəkdilər”.

F.İlqaroğlu dedi ki, eyni halı səhəri gün Kölndə də müşahidə edib: “Şəhər rəhbərliyi həm Azərbaycan, həm də Ermənistan vətəndaşlarına aralarında 100-150 metrlik məsafə fərqi olan iki məkanda aksiya keçirməyə icazə vermişdi. Ermənilər tez-tez əllərində bayraqlarla tarixi Köln kafedralının pilləkənlərinin qarşısına gəlib, qıcıq yaradan hərəkətlər edirdilər. Yaxşı ki, oraya toplaşanlara zamanında müraciət edildi və onlar təmkinli davranaraq aksiyanın keçirildiyi məkanı tərk edib, ermənilərə tərəf getmədilər. Ümid edirəm ki, Avropada yaşayan həmvətənlərimiz bundan sonra daha da diqqətli olacaqlar. Bir gündə, eyni şəhərdə, müxtəlif saatlarda eyni məqsədə xidmət edən aksiyaları bir məkanda birləşdirmək lazımdır. Ermənilərin ən çox qorxduğu da elə budur”.

Jurnalist hesab edir ki, bundan sonra Azərbaycan səfirliklərinin qarşısına yığışmağı dayandırmalıyıq: “Bir-iki dəfə yığışıb, səfirliklərimizi erməni təxribatından qoruduq, bəsdir. Səfirlər zəhmət çəkib yerləşdikləri ölkələrinin hüquq-mühafizə orqanlarına ola biləcək erməni təxribatı ilə bağlı məlumat verib, xüsusi qoruma tələb etsinlər. Elə bu günə kimi baş verən hadisələri göstərsələr, səfirliklər qarşısındakı polis postları daha da gücləndiriləcək. Dünən (srağagün -red.) axşam saatlarında Ermənistanın Berlindəki səfirliyinin qarşısındakı avtomobili də elə özləri yandırıblar və bu hadisə onların təxribat planlarının bir parçasıdır”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR