Sağlamlıq imkanları məhdud uşaqların ödənişləri niyə kəsilib?

29-07-2020, 16:31 203 dəfə baxılıb

Əlillik müddəti bitmiş, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlara ödənişlərin verilməsi ilə bağlı problem yaranıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müvafiq ödənişlərin verilməsi müddəti uzadılıb.

Amma qərarın olmasına baxmayaraq, valideynlər həmin aylıq müavinətin yalnız bir hissəsini ala biliblər. Məsələn, əgər aylıq müavinət 200 manatdırsa, bunun yalnız bir hissəsi - 5 iyuladək olan hissəsi ödənilib, yəni 32 manat.

Bununla bağlı redaksiyamıza şikayət edən valideyinlər bildirirlər ki, mart ayından etibarən, pandemiyaya görə, komissiyalar təşkil olunmur. Müavinətlərin dayandırılması sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərini ciddi çətinliklə üz-üzə qoyub. Bu da pandemiya şəraitində onlarla insanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələri qarşısında toplaşmasına səbəb olur.

Şikayətçilərin bildirdiyinə görə, həmin şöbələrdən onlara bildirilir ki, sözügüdən qərar veriləndə karantin rejimi 5 iyula kimi idi, buna görə də həmin müddətə qədər ödənişlər edilir. Bundan sonra karantinin 2 dəfə uzadıldığı halda ödənişlərin niyə bütöv formada verilmədiyi ilə bağlı suala isə rayon şöbələrində cavab tapılmır.

Cebhe.info yaranmış durumun səbəbini araşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirliyin mətbuat katibi Fazil Talıbov xatırladıb ki, sözügedən qərar iyul ayının 5-dək olan müddət üçün verilib:

“O vaxta qədər əlillik müddəti bitən, sağlamlıq imkanları məhdud olan uşaqlara verilən ödəmələr uzadılmışdı. Yeni qərar verildikdən sonra əlillik müddəti bitmiş vətəndaşlarımızın ödəmələrinin verilmə müddəti avqust ayının 5-dək uzadılıb. Yəni burada heç bir problem yoxdur, ödəmələr də yaxın zamanlarda həyata keçiriləcək. Burada yubanmadan söhbət getmir. Sadəcə vətəndaşlarımız ödəmələrin adi qaydada həyata keçirilməsini gözləyirdilər, amma karantin rejiminin uzadılması ilə bağlı qərar bir müddət sonra verildiyinə görə işlər də həmin müddətə uyğun olaraq başlanıldı”.

Ödəmələrə nə zaman başlanacağı ilə bağlı sualı nazirlik sözcüsü “Yaxın günlərdə” deyərək cavablandırıb.
0


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR