Valideynlər çıxılmaz vəziyyətdə: Dövlət öhdəliyini yerinə yetirməlidir - AKTUAL

22-08-2020, 14:05 413 dəfə baxılıb

Dərslərin hansı formada keçiriləcəyindən asılı olmayaraq, sentyabrın 15-i yeni tədris ili başlayacaq. Valideynlər isə qayğılıdır. Əgər dərslər onlayn keçiriləsi olsa, aşağı sinif şagirdlərinin valideynləri evdən dərslərə qoşulan uşaqlarına nəzarət etməli, yanlarında olmalıdır.

Eyni zamanda, bağçaların açılması da hələ naməlum olaraq qalır. Belə vəziyyətdə işləyən valideynlər üçün kifayət qədər çətinlik yaranır. Övladını hansısa yaxınına, qohumuna əmanət edə bilməyən valideyn iş yerlərinin açılacağı təqdirdə digər problemlə qarşılaşmış olur. Valideynin aldığı məvacib dayə tutmaq üçün kifayət deyilsə, o, nə etməlidir? Bir parça çörək üçün uşağını “Allah ümidinə” qoyub işə getməlidir, yoxsa övladının yanında qalıb ümidlə “dövlət baba”nın edəcəyi yardımı gözləməlidir?

Mart ayından bir çox iş yerlərinin bağlanması nəticəsində işini itirən valideynlər var. Onların da uşaqları yeni tədris ili üçün məktəbə, kollecə, universitetə hazırlaşmalıdır. Bəs, hansı pulla, necə?

Hər halda qayğılar və suallar çoxdur, lakin əsas odur, cavabları olsun. Elə bu niyyətlə də suallarımızın heç olmasa, bir qisminə cavab tapmaq üçün sözügedən problemlə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyeva üz tutduq. “Azyaşlı və məktəbli uşaqları olan valideynlərə xüsusi olaraq yardım paketinin hazırlanması nəzərdə tutulurmu?” sualı ilə yola çıxıb, bu istiqamətdə bir çox valideyni narahat edən məqamların Milli Məclisdə müzakirəsinin gedib-getmədiyini deputatdan öyrənməyə çalışdıq.

AYNA-ya danışan Etibar Əliyev bildirdi ki, bu barədə hələlik hansısa bir məsələ müzakirə olunmur: “Hazırda dərs ilinin hansı formada başlanması ilə bağlı müzakirələr aparılır. Orta təhsilin mərhələlərinə uyğun olaraq distant və yaxud ənənəvi təhsilin bir-birini tamamlaması istiqamətində müzakirələr gedir. Biz təklif edirik ki, pandemiyanın hansı formada davam etməsindən asılı olaraq, ibtidai və orta təhsil pilləsində məsafə qorunmaqla, gigiyena qaydalaırna əməl olunmaqla məktəblərdə dərslər ənənəvi formada davam etdirilsin. 9-11-ci siniflərdə pandemiyanın dinamikasından asılı olaraq dərslər qarışıq formada həyata keçirilə bilər. Bu, pandemiyanın gedişatına və aidiyyəti qurumların pandemiya ilə bağlı verəcəyi qərarlara bağlıdır”.

“Lakin bütün hallarda dünyanın əksər ölkələrində, hətta bizdən də çox virusun yayıldığı ölkələrdə ibtidai təhsil pilləsində dərslərin ənənəvi formada davam etdirilməsi ilə bağlı qərar verilib. Bizi, əsasən aşağı sinif şagirdlərinin təhsili narahat edir. Düşünürəm ki, bu və gələn həftə də koronavirusla bağlı dinamikanın monitorinqini aparmaqla, Təhsil Nazirliyi hansısa qərarın qəbul edilməsi üçün addımlar atacaq”, - o vurğuladı.

“Bütün hallarda ölkə rəhbərliyi səviyyəsində insanların sağlamlığı önə çəkilir. Bu halda sözsüz ki, valideynlər üçün hansısa güzəştlərin edilməsi üçün düşünməyə dəyər. Düşünürəm ki, bu barədə müzakirələrə ehtiyac var. Ancaq mərhələ-mərhələ iş yerlərinin açılması, eyni zamanda müəyyən sosial yardımların edilməsi istiqamətində addımlar atılır. Bu barədə Operativ Qərargah və aidiyyəti qurumlar da düşünsə, yaxşı olar. Bizim üçün birinci növbədə məktəblilərin sağlamlığının qorunması, daha sonra isə onlara normal təhsil verilməsi prioritet hesab olunur. Düşünürəm ki, qeyd etdiyiniz istiqamətdə də müzakirələr aparmaq olar”, - deputat əlavə etdi.

Təhsil eksperti Kamran Əsədov isə hesab edir ki, dövlət büdcəsindən əhaliyə edilən digər yardımlarla yanaşı, xüsusi olaraq məktəbli övladı olan, maddi vəziyyəti aşağı valideynlərə yeni dərs ilinə başlamaq üçün bu istiqamətdə yardım edilməlidir. O, AYNA-ay şərhində fikrini belə əsaslandırdı: “İlk növbədə qeyd edim ki, pandemiya təkcə təhsil sistemini sıradan çıxarmadı, eyni zamanda insanların gəlirlərinə də ciddi təsir göstərdi. Düzdür, dövlət başçısının birbaşa göstərişi ilə pandemiyadan əziyyət çəkmiş ailələrin övladlarının təhsil haqqının ödənməsi, eyni zamanda işsiz olanlara 190 manat yardımın verilməsi kimi vacib addımlar atıldı. Biznes sahiblərinə də dövlət büdcəsindən maliyyə yardımları ayrıldı. Lakin buna baxmayaraq, ailə üzvləri arasında təhsil alan, maddi vəziyyəti aşağı olan çox sayda valideyn var. Onların qayğıları hədsiz dərəcədə çoxdur”.

Ekspert mövcud vəziyyətdəki çətinlikdən çıxış yolu kimi bir sıra məqamları da qeyd etdi: “Hesab edirəm ki, burada dünya ölkələrinin, qonşu ölkələrin təcrübəsindən istifadə etmək olar. İlk olaraq mən təklif edərdim ki, yeni tədris ilində məktəblərdə hansısa forma tələbi qoyulmasın. Formanının tələb edilməməsi birinci ona görə vacibdir ki, mövcud vəziyyətdə virusa yoluxmuş hansısa şagird və ya valideyni virusu yaya bilər. Çünki hər bir şagird formanı geyinir, yoxlayır və bu da virusun yayılma təhlükəsini artırır. İkincisi də valideynlərin hamısının maddi imkanı o qədər də deyil ki, yeni tədris ili üçün forma ala bilsinlər. Digər məsələ məktəbli ləvazimatlarıdır. Hesab edirəm ki, digər dərs ləvazimatlarının alınmasında da (dəftər, qələm) yardım edilməsi gərəklidir. Düzdür, hər şeydə dövlət tərəfindən dəstək gözləyirik, lakin məsələn, məktəb ləvazimatlarının alınmasında iri şirkət və holdinqlər təhsil alan şagirdlərə ciddi yardımlar göstərə bilər. Qeyd edim ki, 2004-cü ildən orta ümumtəhsil məktəblərində dərsliklər pulsuz olaraq verilir. Bu, valideynlərin yükünü kifayət qədər azaldır”.

“Valideyn və şagirdlərə yardım edilməsi üçün onlara şəxsi hesab açmaq olar. Ölkədə kifayət qədər insan var ki, özəl sahədə çalışırdı və mart ayından onlar ya iş yerlərini itirdilər, ya da gəlirləri aşağı düşdü. Bu cür ailələrin övladlarına dövlət tərəfindən birbaşa pul vəsaiti ödənə bilər. Hesab edirəm ki, ölkənin orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin özlərinə və ya valideynlərinə şəxsi hesab açmaq olar. Təhsil Nazirliyinin bazasında hər bir şagirdin məlumatları var. Ödəniləcək məbləğ onların məktəb üçün alacaqları ləvazimatlara yetəcək miqdarda olmalıdır. Təəssüf ki, 190 manat birdəfəlik yardımı uyğunsuz istiqamətdə xərcləyənlər oldu. Bu hallar yaşanmasın deyə ayrılacaq vəsaitin kitab dükanları kimi məktəbli ehtiyaclarının qarşılanacağı yerlərdə keçərli olmasına diqqət etmək lazımdır. Eyni zamanda, standart çantalar da paylana bilər”, - Əsədov vurğuladı.

Onun fikrincə, tədris onlayn formada davam edəcəksə, onlayn tədrisə qoşulmaq üçün şagirdlərə bu imkan yaradılmalıdır: “Ən azından dövlət büdcəsinin vəsaiti hesabına planşetlər və internet verilməlidir. Dövlət özünün təhsilalma öhdəliyini yerinə yetirməlidir”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR