Bakı apteklərində “koronavirus dərmanları”: satış kəskin azaldı - “15 GÜNDƏ CƏMİ 1 QUTU “ARBİDOL” SATMIŞIQ…”

25-08-2020, 18:00 433 dəfə baxılıb

Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə edilir, son günlər yoluxanların sayı sağalanların sayını üstələyib. Bir yandan da payız aylarında infeksiyaya yoluxma faizinin artacağı ilə bağlı xəbərdarlıq edilir.

Nazirlər Kabineti yanında operativ qərargahın ötən həftənin beşinci günü keçirilən brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva da payıza hazırlıq görüldüyünü bildirib. Onun sözlərinə görə, koronavirus soyuq havaya davamlı olduğundan payızda xəstəliyin artma ehtimalı var.

Məlumdur ki, epidemiya ölkədə təzə başlayanda əhali apteklərə axın edirdi, buna görə də qrip əleyhinə dərmanlar, vitamin və antibiotiklər tapmaq çətinləşmişdi. Və təbii ki, qiymətlər də artmışdı. Hazırda isə apteklərdə koronavirusun müalicəsində istifadə edilən dərmanlar var,amma onları alan azdır. Bunu virtualaz.org-un əməkdaşlarının Bakı apteklərində apardığı sorğular da təsdiqləyib.

“Satışda Arbidol var, amma alan yoxdur…”

Metronun “Əhmədli” stansiyasının yaxınlığındakı “Zeytun” aptekin satıcısı deyib ki, satışda “Arbidol”, “Erqoferon”, “Anaferon”, vitamin C, maqneziumlar var, amma alan yoxdur. “Son 15 gündə təkcə dünən bir qutu “Arbidol” satmışıq. Bu ay dərman satışı zəifləyib. Hərdən vitamin C alıb sistem şəklində vurduranlar olur”,-satıcı əlavə edib.

Cəmi 2-3 ay əvvəl apteklərdə xəlvəti satılan “Arbidol” indi vitrinlərə qoyulub. Satıcı and-aman edib ki, onun özü vitaminlər qəbul etməklə qoruna bilib: “Gündə neçə nəfərlə ünsiyyətdə oluruq, özüm də sink, vitamin D içirəm”.

“Aspirin”, “Parasetamol” almaq üçün növbələr yaranırdı

“Natural” aptekdən isə bildiriblər ki, “Paskorbin” preparatı yoxdur, sink və digər vitaminlərdən isə satışda var. “Bir ara qandurulducu dərmanlar, məsələn, aspirin çox alınırdı, hətta növbələr yaranırdı. Bəzi dərmanları məhdud sayda verirdik ki, hamıya çatsın. İndi yalnız ürək-damar xəstələri həkim təyinatı ilə qandurulducu dərmanlardan alırlar. Vitamin D də əvvəlki kimi satılmır”-, satıcı deyib.

Metronun Həzi Aslanov stansiyasının yaxınlığındakı aptekin Aygün adlı satıcısı isə bildirib ki, satışda müxtəlif adda antibiotiklər var, məsələn, COVİD-19 xəstələrinə məsləhət görülən “Azitromisin 500” satılır.

“Onsuz da bu dərman gündəlik satılırdı, çünki əksər həkimlər xəstələrə təyin edir. Hazırda “Arbiol” 50 mq, “Arbidol” 100 mq var, 200 mq istəyənlərin də sifarişin qəbul edirik, amma alan azdır. Əvvəlisə bəlkə də gündə 20 adam Arbidol istəyirdi, gün ərzində bir-iki qutu gətizdirə bilirdik, o da tez satılırdı. Məsələn, “Zinkorot”, selen tərkibli vitaminlər də alınmır. Halbuki 2-3 ay əvvəl vitamin sifariş verməkdən yorulurduq. Amma hələ də perekis, dəniz duzu məhlulu olan burun damcıları satılır”,-Aygün belə deyib. Onun sözlərinə görə, son aylar qızdırma salıcı dərmanlar, qrip əleyhinə həblər də satılmır. Amma əvəzində sakitləşdirici dərmanlar istəyənlər çoxalıb.

Tibbi maska və əlcəyə təlabat azalmayıb

“Zəfərən” aptekinin Elnur adlı satıcısı isə deyib ki, dərman alışı zəifləsə də, tibbi maska,əlcək və dezinfeksiyaedici məhlullara təlabat çoxdur.

“Əksinə kafe və digər obyektlər açılandan sonra əlcəyi, tibbi maskanı qutularla alırlar. Dərmanlara gəldikdə, bu ajiotaj bir mərhələ oldu keçdi, hamı təşviş içində dərman alırdı. Koronavirusa yoluxan xəstə ona təyin olunan müalicəni yaxınlarına, qohumlarına da tövsiyə edirdi. Neçə dəfə “Arbidol” un qaraciyərə mənfi təsirini, yaxud aspirinin mədəyə ziyanını başa salmağa çalışmışam, aqressiv qarşılayıblar. İndi daha çox həkim təyinatı əsasında dərman alınır. Əhali artıq məsələyə əvvəlki kimi yanaşmır, bəlkə də yoluxmanın aylarla davam etməsi insanları bezdirdi…”, -Elnur bildirib.

Apteklərdə ortaya çıxan mənzərədən görünən odur ki, yoluxma sayının kəskin azalması “koronavirus dərmanları” ətrafında əvvəllər müşahidə olunan ajiotajı da azaldıb. Digər tərəfdən həmin dərmanların bir çoxunun əslində virusu məhv etməyə kömək etmədiyi də təcrübələrin gedişində aydınlaşıb…
Virtualaz.org


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR