Müəllimlər COVİD-19 testindən keçiriləcəkmi?

11-09-2020, 11:19 195 dəfə baxılıb

Bu il ümumtəhsil məktəblərində 500 mindən çox müəllimin dərs deyəcəyi gözlənilir. Artıq bir neçə gündən sonra məktəblər açılacaq, bununla belə, cavabı hələ da bilinməyən suallar var. Azərbaycanda pandemiyanın bitmədiyini və müəllimlər arasında yaşlı nəslin nümayəndələrinin olduğunu nəzərə alsaq, bu təhlükə narahatlıq yaradır.

Bəs görəsən, müəllimlər koronavirus testindən keçiriləcəkmi? Keçirilməyəcəksə, onların sağlamlığına kim zəmanət verəcək?

“Yeni Müsavat” məsələ ilə bağlı ilk olaraq Təhsil Nazirliyi, Nazirlər Kabineti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətlərinə sorğu ilə müraciət edib. Hər üç qurumdan hələ ki cavab bildirilməyib.

Bizimlə söhbətdə təhsil eksperti Elçin Süleymanov bildirib ki, müəllimlərin hər birini ayrılıqda koronavirus testindən keçirmək böyük maliyyə vəsaiti tələb edir: “Yadınızdadırsa, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan rəhbərləri COVİD-19 testindən keçirildilər. Amma bunu mütəmadi həyata keçirmək mümkün olmadı. Çünki bu qədər müəllimin mütəmadi olaraq testdən keçirilməsi həddindən artıq vəsait tələb edir. Bəzi ölkələrdə müəllimlər həftəlik olaraq koronavirus testindən keçirilir. Məncə, tədris ilinin əvvəlində müəllimlər yoxlanmalı, daha sonra isə nəzarətdə saxlanmalıdırlar. Simptomları olan, xəstələnib sonradan tədrisə başlamaq istəyənlər testlə yoxlanıla bilər. Mütəmadi olaraq bunu reallaşdırmaq mümkün olmayacaq, çünki böyük məbləğdə büdcə tələb edir, hökumət buna pul ayırmalıdır. Bir testin qiyməti 100 manatdan artıqdı, bu, Təhsil Nazirliyinin büdcəsini aşır. Koronavirusla Mübarizə Fondundan buna büdcə ayrıla bilər”.

Təhsil eksperti Qoşqar Məhərəmmov də müəllimlərin testdən keçirilməsini önəmli sayıb: “Belə bir vəziyyət həm müəllimlərin, həm də şagirdlərin sağlamlığı baxımından önəmlidir. Bir çox ölkələrdə, məsələn, Çində müəllimlər mütəmadi olaraq koronavirus testindən keçirilirlər. Hər səhər də hərarətləri yoxlanılır. Avropanın bir sıra ölkələrində, İtaliyada, Estoniyada məktəblərdə müəllimlər hər səhər məktəbə daxil olduqda hərarətləri ölçülür. Amma hər hansı bir simptomu olmayan insanı koronavirus testindən keçirmək də bir az məntiqli görünmür”.
“Yeni Müsavat”


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR