İrəvan silahlanır, Minsk qrupu izləyir: - “Azərbaycan ondan imtina edər, lakin...”

11-09-2020, 16:20 284 dəfə baxılıb

Son zamanlar Ermənistanın nümayişkaranə silahlanması Minsk qrupunun apardığı danışıqlar prosesinin əhəmiyyətsiz olduğunu bir daha sübut edir.

iRusiyanın Ermənistana 400 ton silah göndərməsi Azərbaycanın narazılığına səbəb olarkən, Kreml bu faktı təkzib edir. Lakin yenidən Ermənistanın silahlandıran Rusiyanın bu silahların daşınmasında artıq İran ərazisindən də istifadə etdiyi bildirilir. Yəni İran da dolayısı ilə prosesə qoşulub.

Belə qənaət formalaşır ki, Ermənistan açıq şəkildə müharibəyə hazırlaşır, lakin Minsk qrupu prosei sakitcə kənardan izləyir. Bu isə Minsk qrupunun fəaliyyətsizliyini dəfələrlə vurğulayan Azərbaycan üçün bu qrupdan imtinaya daha bir əsas yaradır.

Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycan Minsk qrupu qarşısına konkret vaxt ərzində qəti tələblər irəli sürməlidir:

“Son 3-4 ay ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında çox gərgin proseslər gedir. Bu gərginlik həm diplomatic, həm də hərbi müstəvidə özünü əks etdirir. Pik nöqtəsi isə Tovuz təxribatı oldu. Bundan sonra Rusiya 360 dərəcə Ermənistan tərəfə döndü və öz hərəkətləri ilə ona açıq hərbi dəstək verdi. Bura silahların göndərilməsi, bu göndərilmədə İran ərazisindən istifadə daxildir. Ermənistanın bu qədər silahlandırılması Rusiyanın regionda mövqeyini möhkəmləndirdiyini göstərir.

Çünki Tovuz təxribatından sonra Qafqazda Türkiyənin rolu artmaqdadır. Ermənistanın nümayişkaranə silahlanması onun müharibəyə hazırlaşdığınıdan xəbər verir. Artıq Ermənistan tərəfi danışıqlara məhəl qoymur və Minsk qrupunun 26 illik fəaliyyətinin üstündən xətt çəkir. Rusiya da Minsk qrupunun həmsədrlərindən olduğu üçün Ermənistanı silahlandırmamalı, əksinə ona təzyiq göstərməli idi. Lakin Rusiya Ermənistanı silahlandırdığı üçün Azərbaycanın onunla münasibətlərdə soyuqluq özünü göstərir.

Bundan sonra danışıqları əvəvlki istiqamətdə aparmaq mümkün olmayacaq. Azərbaycan da artıq manipulyasiya olunmuş danışıqlara getməyəcəyini vurğulayıb. Hesab edirəm ki, Tovuz təxribatından sonra Azərbaycan Dağlıq Qarabağla bağlı siyasətini korrektə etməlidir. Sergey Lavrov təklif edir ki, Minsk qrupu çərçivəsində danışıqlar bərpa edilsin. Biz də fikir verəcəyik, bu danışıqlar yenə də atəşkəsin qorunmasına hesablanacaqsa, Azərbaycan buna getməməlidir. Ümumiyyətlə, Minsk qrupu formatı öz fəaliyyətini dondurmalıdır”.

Politoloq əlavə edib ki, Minsk qrupu işğalçı ilə işğala məruz qalanı eyni tərəziyə qoyur:

“Minsk qrupu hər iki tərəfə eyni qiyməti verməyə çalışır və heç bir fəaliyyət göstərmir. Azərbaycan Minsk qrupunu tərk edərsə, danışıqlara getməyən tərəf kimi qələmə veriləcək, lakin Minsk qrupundan imtina etməyərək konkret şərtlər irəli sürməlidir. Danışıqlar yenilənmiş Madrid prinsipləri və substantiv istiqamətində getməlidir. Azərbaycan danışıqların fayda vermədiyini əsas gətirərək, Minsk qrupunun bir müddət fəaliyyətini dondurmasını və hərbi müstəviyə keçdiyini bildirməlidir.

Yaxud danışıqların 2-3 ərzində baş tutmasını və nəticə əldə edilməsini tələb etməliyik. Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə birgə xarici siyasətdən əl çəkməməlidir. Düşünürəm ki, rəsmi Bakı bu istiqamətdə planlar hazırlayır və hər hansı forsmajor hallar baş verməzsə, nəticələrini görəcəyik”.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR